Molla bir gün bazardan bir qədər şey alıb verir hambala ki, evə
aparsın. Hambal yolda göz-gözə vurub qarışır adamlara, şeyləri götürüb
qaçır. Molla nə qədər axtarırsa, hambalı tapa bilməyib, kor-peşman
gəlir evinə.
Bu əhvalatdan on-on beş gün keçir. Bir gün Molla bazarda imiş, bir
də görür ki, şeyləri götürüb qaçan hambal, budu, gəlir. Molla hambalı
görcək başlayır qaçmağa. Soruşurlar:
– Molla, sən niyə qaçırsan?
Molla deyir:
– Sonra birdən hambal tutar yaxamdan ki, on-on beş gündü şeylərini
gəzdirirəm, zəhmət haqqımı ver! Yaxşısı budur ki, əkilim.
Top