Bir gün qonşu uşaqları sözü bir yerə qoyurlar ki, Mollanı aldadıb
başmaqlarını oğurlasınlar. Yığışıb Mollagilin qapısının qabağında olan
bir ağacın dibində onu gözləyirlər. Bir də baxırlar ki, budu, Molla gəlir.
Tez başlayırlar ucadan danışmağa ki, bu ağaca heç kəs çıxa bilməz.
Molla mübahisəni eşidib yaxınlaşır ki:
– Burada nə çətin iş var ki?.. Mən bu saat çıxaram.
Uşaqlardan biri deyir:
– Çıxa bilməzsən.
İkincisi deyir:
– Sənə belə görünür. Çox ucadı, çıxmaq olmaz.
Bir başqası deyir:
– Uzaqdan baxana döyüş asan gələr.
Belə-belə sözlərlə onu qızışdırırlar. Molla cübbəsinin ətəklərini
taxır belinə, başmaqlarını çıxardıb, yaxınlaşır ağaca ki:
– Bu saat görərsiniz, çıxmaq olar, ya yox.
Molla yapışır ağacdan ki, çıxsın, birdən dayanır. Bir az fikirləşir,
gözaltı bir uşaqlara baxır, sonra başmaqlarını götürüb sancır belinə,
başlayır çıxmağa.
Uşaqlardan biri soruşur:
– Molla əmi, başmaqlarını niyə götürürsən?
Molla deyir:
– Lazım olar.
Uşaqlar soruşurlar:
– Ağacda başmaq sənin nəyinə lazım olacaq?
Molla deyir:
– İşdi, bəlkə yolum o yana düşdü, geri qayıtmadım. Götürsəm yaxşıdı.
Top