Molla bir gün bazardan bir eşşək alır, noxtasından tutub dalınca
çəkə-çəkə evə aparır. Lotular sözü bir eləyib düşürlər bunun dalına.
Xəlvət küçələrin birində yavaşca noxtanı eşşəyin başından çıxardır və
qaytarıb bir baş aparırlar bazara satmağa. Molla işi başa düşməsin
deyə, lotulardan biri noxtanı öz başına keçirdib səssiz-səmirsiz, yavaşyavaş
Mollanın dalınca gedir. Molla çatır evin qapısına. Dala dönəndə
nə görür... Eşşəyin yerində bir adam. Donub qalır. Lotu tez deyir:
– Molla əmi, Allah sənin atana rəhmət eləsin. Məni eşşəklikdən
qurtardın.
Molla soruşur:
– Sən kimsən?
Lotu deyir:
– Molla əmi, mən bir nadinc uşaq idim. Keçən gün anamı çox incitdim.
O da hirslənib mənə qarğış eləyib dedi ki: səni görüm, səni
görüm ağız-burunlu eşşək olasan! Bir də baxdım ki, dönüb olmuşam
eşşək. İndi bilmirəm sən necə əməlisaleh adamsan ki, yenə də məni
adam elədin. Çox sağ ol! Ömrüm olduqca sənə dua eliyəcəyəm.
Molla da sevinir. Sonra lotuya nəsihət verərək deyir:
– Yaxşı, yeri çıx get! Bir də bundan sonra ananı incitmə!
İki gündən sonra Molla yenə çıxır bazara ki, bir eşşək alsın, bir də
baxır ki, dünənki eşşək bazardadı. Yaxınlaşıb qulağına deyir:
Adə, sən nə ədəbsiz uşaqsanmış. Sənə demədim bir də ananı
incitmə?! Nahaq yerə baxma üzümə! Daha ölsən də səni almayacağam
ki, dönüb adam olasan.