Molla Nəsrəddin uşaqlığında çox dəcəl imiş. Heç sözə baxmazmış.
Bir gün anası vacib bir iş üçün tanışlarından birinin evinə getməli
olur. Gedəndə Nəsrəddini çağırıb bir çox yalvar-yaxardan sonra deyir:
– Bala, başına dönüm, bax, mən gəlincə qapıdan ayrılma ha...
Anası gedəndən bir az sonra Nəsrəddinin dayısı gəlir ki:
– Ədə, anan evdədimi?
Nəsrəddin deyir:
– Yox, gedib özgə yerə.
Dayısı deyir:
– Anana deyərsən ki, gecə gələcəyəm sizə.
Nəsrəddin deyir:
– Yaxşı.
Dayısı da bilirmiş ki, Molla sözə qulaq asan deyil. Ona görə də deyir:
– Ədə, bax, hökmən deyərsən ha... Gəlib görsəm ki, deməmisən,
özün bil...
Dayısı gedən kimi Molla tüpürür dabanına, ya Allah, anasının dalınca.
Yolda yadına düşür ki, "anam mənə tapşırmışdı qapıdan ayrılmayım".
Bir az durub fikirləşir, tez geri dönür. Gəlib evin qapısını söküb
alır çiyninə, durma gəldim, bir baş anasının yanına. Anası bir də baxır
ki, budu, oğlu qapını söküb, alıb dalına, təngənəfəs gəlir. Soruşur:
– Ədə, bu nə oyundu? Bu qapı nədi?
Nəsrəddin deyir:
– Evimizin qapısıdı də...
Anası soruşur:
– Bəs belə niyə?
Nəsrəddin deyir:
– Özün tapşırdın ki, qapıdan yaxşı muğayat ol, ondan ayrılma. Dayım
da gəldi dedi ki, get anana de, gecə gələcəyəm sizə. Mən də gəldim
sənə xəbər verməyə. Daha qapıdan ayrılmayıb onu da söküb aldım
çiynimə.
Anası hirslənir ki:
– Ədə, sən gicsən, sarsaqsan, ağlın qaçıb...
Nəsrəddin onun sözünü kəsərək qəzəblə qapını yerə çırpıb deyir:
– Bu da sənə yaxşılıq... Sözlərinə qulaq asmırsan, deyirlər dəcəldi,
asırsan, deyirlər gicdi.
Top