Mollanın yaşadığı evdən xeyli aralı əkilməyən, xali bir yer var
imiş. Bir gün qonşusu baxır ki, Molla Nəsrəddin bu xali yerdə çox
diqqətlə nə isə axtarır. Yaxın gəlib soruşur:
– Molla nə axtarırsan?
Molla deyir:
– Ay filankəs, vallah bu il mənim işim heç düz gətirmir. Necə deyərlər,
avand işim tərsinə dönür. Dəryaya su üçün gedirəm, suyu quruyur;
heç bilmirəm bəxtimdən kimə şikayət eləyim.
Qonşu deyir:
– Axı nə olub? Bir danış görək! Bəlkə mənim köməyim dəydi.
Molla deyir:
– Vallah, Allahdan gizli deyil, səndən nə gizli? Bir az pul artırıb
burda basdırmışdım, indi nə qədər axtarıram, tapa bilmirəm.
Qonşu soruşur:
– Bəs nişanə-zad qoymamışdın?
Molla deyir:
– Nişanəsi elə özündən var idi deyə, daha mən əlavə nişanə qoymadım.
Qonşu soruşur:
– Nə idi nişanəsi?
Molla deyir:
– Mən pulu basdıranda göydə bir parça bulud var idi, haman yerə
kölgə salmışdı. Mən də elə pulu o kölgədə basdırdım. İndi mənim bu
dönmüş bəxtimdən zəhrimar bulud hara isə çıxıb gedib, kölgəsini də
özü ilə aparıb.
Top