Bir gün bir kəndli Mollaya bir dovşan gətirir. Molla kəndliyə əlindən
gələn qədər hörmət eləyir. Bir neçə gündən sonra kəndli yenə də
gəlir. Molla onu tanımayıb soruşur:
– Bala, sən kimsən?
Kəndli deyir:
– Bıy, ayıb deyilmi, a Molla?! Niyə tanımırsan? Keçən dəfə sənə
dovşan gətirən adamam da...
Molla kəndlinin qabağına bir qab şorba qoyub, deyir:
– Buyur, gətirdiyin dovşanın suyundan ye!..
Bir neçə gündən sonra evə bir neçə adam gəlir. Molla bunların kim
olduqlarını soruşur.
Deyirlər:
– Biz sənə dovşan gətirən adamın əmisi, dayısıyıq.
Molla gedib o biri evdə şorbanın üzünün yağını yığır, suyunu gətirib
ortalığa qoyur. Qonaqlar bir-iki tikə yeyib görürlər ki, dadsız bir
şeydir. Biri soruşur:
– Ay Molla, bu necə şorbadı?
Molla deyir:
– Vallah, elə haman o dovşanın suyunun suyudu.
Üç-dörd gündən sonra bir beş-altı nəfər də gəlir.
Molla onlardan kim olduqlarını soruşanda, deyirlər ki:
– Biz dovşan gətirən kəndlinin əmisi, dayısı oğlanlarıyıq.
Molla gedib arxdan bir qaba su doldurur, gətirir xörək əvəzinə qoyur
bunların qabağına. Qonaqlar bir suya, bir Mollaya baxıb soruşurlar:
– Molla, bu nədi?
Molla deyir:
– Bu həmin dovşanın suyunun suyunun suyudu.
Top