Günün birində Molla bir dəvəyə minib gəzməyə çıxır ki, ətrafı
yaxşı görə bilsin. Arvadı deyir:
– Ay Molla, bu dəvə çox ucadı. Səni yıxar elər, şil-küt olarsan.
Gəlsənə, elə eşşəyimizəcə minəsən.
Molla deyir:
– Yox, arvad! Daha bəsdi mən eşşəyə mindim. İndi daha ucalmaq
istəyirəm.
Qərəz, arvad çox deyir, Molla az eşidir, dəvəni döyəcləyib yola
düzəlir. Az gedir, çox gedir, qabağına bir dərə çıxır. Dərəyə düşən yol
çox əyri-üyrü, özü də çox ensiz imiş. Molla nə qədər çalışırsa, dəvə
bu yol ilə dərəyə düşmək istəmir. Molla hirslənib dəvəni döyür. Dəvə
də hirslənib Mollanı yerə vurur. Molla bayaq ha yıxılıb özündən gedir.
Yol ilə keçən adamlar dəvəni tuturlar. Mollanı da huşa gətirirlər.
Molla deyir:
– Azı min dəfə eşşəkdən yıxılmışam, heç belə olmamışam. Dəvədən
yıxılmaq nə pis olurmuş.
Deyirlər:
– Axı sən hara, dəvə hara! Niyə öz eşşəyini minmirdin ki?
Molla deyir:
– Heç zad. Ucalmaq istəyirdim.
Deyirlər:
– Bəs bilmirdin ki, hər ucalmağın bir yıxılmağı da var?
Molla deyir:
– Eşitmişdim, görməmişdim.
Deyirlər:
– Daha bundan sonra dəvəyə minməyəcəksən ki?..
Molla deyir:
– Mənə Molla Nəsrəddin deyirlər. Bir dəvə nədir ki, mən onun
öhdəsindən gələ bilməyəm. Minəcəyəm, lap canını da alacağam.
Deyirlər:
– Axı yenə yıxar.
Molla deyir:
– Yox, daha yıxa bilməz. Bu dəfə ona görə məni yıxdı ki, gözləri
görürdü, dərəyə düşməkdən qorxdu, məni yerə vurdu. İndi onun gözlərini
çıxardacağam.Elə ki oldu kor, nə görəcək, nə də qorxacaq.
Ondan sonra haraya istəyirəm sürüb, keyfimi çəkəcəyəm.