Birisi özünü çox tərifləyib həmişə deyərmiş ki, məni heç kəs aldada
bilməz. Axırı bir gün yenə belə deyəndə Molla hirslənir ki:
– Dayan burada, bir evə gedim, gəlim, gör səni necə aldadacağam!
Molla bu sözləri deyib gedir. Kişi ha gözləyir ki, Molla gələcək,
Molla gəlib çıxmır. Axırda adamları çağırıb əhvalatı danışır ki:
– İndi özünüz də görün! Molla gördü ki, məni aldada bilməyəcək,
əkildi.
Hamı başlayır gülməyə. Axırda kişi hirslənir ki:
– Niyə gülürsünüz?
Adamlardan biri deyir:
– Balam, daha aldatmaq necə olar ki? O elə səni aldadıb burda saxlayıb
də...
XURCUN TİKƏCƏKDİM
Bir gün bazarda Mollanın xurcununu oğurlayırlar. Molla xurcunun
oğurlandığını görüb,meydanın ortasında dik bir yerə çıxır, ucadan qışqırır.
– Kim mənim xurcunumu oğurlayıb, dinməz-söyləməz gətirib
versin. Yoxsa mən bilirəm ki, nə eləyəcəyəm.
Yaxında gizlənmiş oğru Mollanın bu hədəsindən qorxuya düşüb
xurcunu gətirib verir. Özü də maraqlanıb soruşur ki:
– Molla, işdi, xurcunu gətirib verməsə idim nə edəcəkdin?
Molla deyir:
– Evdə köhnə bir cecim var. Gedib onu kəsib xurcun tikəcəkdim.
Top