Mollanın çoxbilmiş arvadının tənbəl bir əmisi oğlu var imiş, işəgücə
getməyib səhərdən axşamacan veyl-veyl gəzərmiş, elə ki, acdı,
gəlib Mollagildə qarnını doyurarmış.Bir neçə vaxt belə keçir. Axırda
bir gün Molla təngə gəlib deyir:
– Arvad, sən bu əmioğlunu çox pis öyrədirsən. Bizə arxayındı
deyə işə-gücə getmir. Bunun sonrası yaxşı olmayacaq. Bax, budu sənə
deyirəm, bir də onu bizim evdə görməyim.
Arvad əhvalatı əmisi oğluna deyir. Əmisi oğlu da işini elə tutur ki,
Molla evdə olanda heç bu həndəvərə dolanmır. Elə ki Molla evdən
çıxdı, gəlib yeyir-içir, çıxıb gedir.
Günün birində, necə olursa, Molla bazardan çox tez qayıdır. Bu
vaxt əmioğlu da evdə imiş. Arvad onu qaçırmağa imkan tapmayıb
mətbəxdə gizlədir. Molla əlində də beş badımcan evə girir ki:
– Arvad, bazara təzə badımcan gəlib. Al, qoy ora, bişirərsən axşam
yeyərik.
Arvad badımcanları alıb qoyur mətbəxə. Fikirləşir ki, indi Molla
mətbəxə girsə, işin üstü açılacaq. Bir az fikirləşib, tez gətirir əmisi oğlunun
başına bir çadra örtür, badımcanın da birini gizlədir. Sonra gəlib
Mollaya deyir:
– A kişi, dur görək başımıza nə iş gəlib. Badımcanın biri dönüb
olub adam.
Molla deyir:
– Ay arvad, dəli olma! Badımcan niyə dönüb adam olur?
Arvad deyir:
– İnanmırsan, dur bax da!.. Odu, mətbəxdə dörd dənə badımcan
var, bir dənə də arvad. Özü də nə dinir, nə danışır.
Molla durub mətbəxə girir. Baxır ki, doğrudan da mətbəxdə bir
çadralı arvad var, badımcan da dörd dənədi. Deyir:
– Bacı, zəhmət çək, dur düş qabağıma gedək!
Çadralı əmioğlu dinməz-söyləməz durub düşür Mollanın yanına.
Molla birbaş gəlir badımcan aldığı baqqalın dükanına ki:
– Qardaş, badımcanın biri dönüb olub adam, özü də arvad xeylağı.
Xahiş eləyirəm götürüb əvəzində badımcan verəsən.
Baqqal məsələni başa düşür. Bir badımcan verib, əmioğlunun canını
qurtarır.
Top