Arvad min bir hiylə ilə ayda, on beşdə bir nə qədər əmioğlusuna
görüm-baxım eləyirsə, Molla da gündən-günə bənd-bərəni bərkidir
və kişini evdən qaçaq salır. Əmioğlunun müftə yeməkdən əli çıxır.
Tənbəllikdən işə də getmir. Belə ac qalmağının günahını isə öz
tənbəlliyində yox, Mollada görür, ondan əvəz çıxarmaq üçün fürsət
axtarır.
Bir gün öyrənir ki, Molla yaxın kəndlərin birində ərdə olan qızına
qonaq getmək istəyir. Özü də çoxlu pul aparmaq istəyir ki, qış üçün
yağ-pendir alıb gətirsin.
Gözləyir, gözləyir, Molla gedən gün paltarını dəyişir, üz-gözünü
sarıyır, əlinə bir qılınc alıb kəsir yolun üstünü.
Molla da götürdüyü pulu arvada verib, mindirir eşşəyə, özü də
yaraqlanıb-yasaqlanıb düşür arvadın qabağına, düzəlirlər yola.
Əmioğlu bir də baxır ki, budu, Molla gəlir. Gəlir, amma nə gəlir.
Belində iki xəncər, bir əlində bir qılınc, bir əlində də bir nizə... Əmioğlu
keçir yolun kənarına, Molla gəlib çatanda bir nərə çəkib
pusqudan çıxır, kəsir başının üstünü. Molla özünü itirir. Əmioğlu Mollanın
silahlarını alır. Ətrafına bir dövrələmə cızıq çəkib deyir:
– Ayağını bu cızıqdan qırağa qoysan, özün bil!
Sonra gəlir arvadın yanına. Arvad istəyir hay-küy salsın, əmioğlu
özünü tanış verir. Arvad işi başa düşüb, sakit dayanır. Əmioğlu Mollanın
arvada vermiş olduğu bütün pulları alır, sonra da bir nərə çəkib təpənin
dalına keçir, aradan çıxır.
Əmioğlu aradan çıxandan sonra arvad gəlir Mollanın yanına ki:
– A kişi, bu nə iş idi, başımıza gəldi?
Molla deyir:
– Min eşşəyə gedək, arvad! Kişinin başı qalda gərək.
Arvad deyir:
– Yaxşı, bu quldur mənə tapşırdığın pulu da əlimizdən aldı, indi
biz pendiri, yağı nə ilə alacayıq?
Molla bir fikrə gedib deyir:
– Verərlər, nisyə alıb pulunu sonra verərik, verməzlər, almarıq.
Arvad deyir:
– Yaxşı, bəs sən niyə bu quldura bir əl açmadın axı?..
Molla hirslənir ki:
– Əlim boş idi ki, açaydım! Görmürsən hər iki əlim bənd idi...
Arvad danışmır. Molla deyir:
– Baxma, hərçənd ki, köpəkoğlu pulumuzu apardı, amma mən də
onun dədəsini yandırdım.
Arvad soruşur:
– Necə? Nə elədin ki?..
Molla qürurla deyir:
– Məni cızığa qatıb demədi ki, ayağımı bayıra qoymayım, sonra ki,
gəldi sənin yanına ha... Göz-gözə vurub düz üç dəfə ayağımı bayıra
çıxartdım.
Top