Cavanlar fikirləşirlər ki, Mollaya bir kələk gəlsinlər. Sözü bir eləyib
tuturlar Mollanın yaxasından ki, gedək hamama. Molla razılaşır.
Sən demə, cavanlar hərəsi evdən bir dənə yumurta götürmüş imişlər.
Elə ki soyunub girirlər içəriyə, cavanlardan birisi deyir:
– Yaxşı, çıxanda hamam pulunu kim verəcək?
O deyir sən ver, bu deyir sən ver, axırda biri deyir:
– Gəlin bir şərt kəsək! Hərə bir dənə yumurta yumurtlasın. Kim
yumurtlaya bilməsə, hamam pulunu o versin.
Hamı razılaşır. Hərə bir bucağa çəkilir, evdən gətirdiyi yumurtanı
altına qoyub başlayır toyuq kimi qaqqıldamağa. Molla görür işi uduzub,
buna kələk gəliblər. Heç özünü itirməyib çıxır çarhovuzun qırağına,
əllərini dizinə vurub bir-iki ağız bərkdən banlayır. Cavanlar soruşurlar:
– Molla, nə qayırırsan?
Molla deyir:
– Olmaz ki, bu qədər yumurtlayan toyuğun bir xoruzu olmasın.
Top