Mollanın həyətində bir əncir ağacı var imiş. Günlərin birində ağac çox gözəl bar verir. Molla fikirləşir ki, əncirdən padşaha nübar aparsın.
        Səhər tezdən qalxır, əncirdən bir qab dərib, kamal-səliqə ilə padşaha aparır.
        Fərraşlar Mollanı içəriyə buraxmırlar. Ənciri özləri alıb aparırlar.
        Molla sarayın qapısında əyləşib gözləməkdə olsun, bu tərəfdən də bir dəstə fərraş bir neçə dustaq gətirir. Qapıda dustaqları təhvil verəndə görür ki, biri əskikdir. Demə, fərraşların kahallığından yolda dustaqların biri əkilibmiş. Üzlərinə söz gəlməsin deyə fərraşlar qapıda oturmuş Mollanı da tutub dustaq adına təhvil verirlər. Yazıq Molla nə qədər qışqırır, yalvarırsa bir şey çıxmır. Kişini döy-sındır aparıb qatırlar zindana. Əncirin mükafatı zindan olur.
        Günlər keçir, həftələr dolanır, aylar başa çatır. Molla qalır zindanda. Günlərin birində, necə olursa, Teymur Ləng zindana gəlir. Mollanın nə üçün tutulmuş olduğunu soruşur. Molla əhvalatı danışır. Teymur əmr eləyir ki, Mollanı azad eləsinlər. Sonra soruşur:
        – Sənin əncirin də mənim çox xoşuma gəlmişdi. De görüm məndən nə istəyirsən?
Molla deyir:
        – Qibleyi-aləm mən o əncir üçün sizdən o qədər görmüşəm ki,daha başqa mükafat istəməyə üzüm gəlmir. Xahiş eləyirəm, əmr eləyəsiniz mənə bircə dənə iti balta versinlər.
        Teymur soruşur:
        – Baltanı nə eləyirsən?
        Molla deyir:
        – Heç zad. Əlimdən bircə bu gəlir ki, o əncir ağacını dibindən kəsim.
Top