Deyirlər ki, Mollanın bir yaxşı, südlü inəyi var imiş. Günlərin
birində, necə olursa, inək azarlayıb ölür. Molla o qədər ağlayır ki, olur
lap dəli-divanə. Qonşular baxırlar ki, bir ay bundan qabaq arvadı öləndə
heç Molla bu qədər qəm-qüssə eləməmişdi. Amma indi inəyi ölüb
deyə nə özünü bilir, nə sözünü. Axırda biri Molladan soruşur:
– Ay Molla, heç arvadının ölməyi sənə belə əsər eləmədi. Bu necə
işdi?
Molla deyir:
– Arvadım öləndə kəndin hamısı yasa gəlib mənə dil-ağız eləyib,
hərə bir cür təsəlli verirdi ki, "qorxma, sənə ondan da yaxşı arvad alarıq",
mənim də dərdim azalırdı. Amma budu, iki gündü inəyim ölüb,
bir nəfər gəlib demir ki: "qorxma, sənə ondan da yaxşı inək alarıq".
Ağlamayım nə eləyim?
Top