Yenə də günlərin birində Molla şəhərdə bərk acır. Cibində də pulu
olmur ki, bir şey alıb yesin. Elə bu fikirlə gəzirmiş ki, "nə eləyim, necə
eləyim", yolu bir halvaçı dükanının qabağından düşür. Baxır ki, halvaçı
təzəcə halvanı tiyandan çıxarıb, salıb tabaqlara. Vallah, bir halvadı, bir
halvadı ki, uzaqdan adama göz vurub "gəl-gəl" deyir.
Molla hərçi badə-bad deyib, girir dükana, bir tərəfdən döşənir
halvanın üstünə. Dükançı nə qədər qışqırırsa, Molla fikir verməyib yeyir.
Axırda dükançı başlayır Mollanı döyməyə. Bu da Mollaya əsər
eləmir. Dükançı vurduqca Molla yeyir. Axır ki, əməlli-başlı doyandan
sonra dükandan çıxır, üzünü dükançıya tutub deyir:
– Bu şəhərin dükançıları nə yaxşı adam imişlər. Halvanı adama
döyə-döyə yedirirlər.
Top