Günlərin birində Teymur Ləngə bir yaxşı eşşək bağışlayırlar.
Məclisdəkilər yalmanıb-yaltaqlanıb eşşəyin tərifini göyə çıxarırlar.
Məclisdə iştirak edən Molla da söhbətə qarışaraq deyir:
– Eşşəyi doğrudan da yaxşı təriflədiniz. Ancaq bu eşşəyin bir yaxşı
sifəti də var ki, onu heç biriniz görə bilmirsiniz. Mən bu gözəl heyvanda
çox böyük istedad görürəm. Bu, mənim əlimdə olsa, buna yazıboxumaq
öyrədərəm.
Teymur çox maraqlanıb deyir:
– Əgər sən belə bir iş eləyə bilsən, hər nə istəsən mən sənə verərəm.
Molla baş əyib deyir:
– Qibleyi-aləm sağ olsun. Heç indiyə kimi görübsənmi ki, mən
dediyim şeyi eləmiyim. Eliyərəm, özü də heyvan çox kamallı, zehinli
heyvandır, öyrənər. Ancaq bunun şərti var.
Teymur deyir:
– Hər nə şərtin var, de, Molla, hər nə istəsən verəcəyəm.
Molla deyir:
– Şərtim budur ki, əvvələn, gərək mənə iki ay möhlət verəsən.
İkinci, bu iki ayın ərzində eşşəyin kitab, dəftər və başqa ləvazimat
xərci üçün hər gün bir qızıl pul verəsən.
Teymur razılaşıb, əmr edir Mollaya istədiyi qədər pul verirlər.
Molla eşşəyi evə aparıb dərsə başlayır, iki ay başa çatır. Axırıncı gün
camaat yığılır meydana. Hamı əyləşir, Molla da eşşəyin noxtasından
tutub çəkir ortalığa. Eşşəyin qabağına bir stol qoyurlar. Molla qoltuğundakı
kitabı stolun üstünə açır. Eşşək kitabı görcək dili ilə varaqlamağa
başlayır. Hər üç-dörd varaqdan sonra üzünü Mollaya çevirib anqırır.
Məclisdəkilər mat-məəttəl qalırlar. Teymur çox xoşlanıb Molladan
soruşur:
– Molla, hər nə istəsən verəcəyəm. Ancaq düzünü de görüm, bunu
necə öyrədibsən?
Molla deyir:
– Qibleyi-aləm sağ olsun! Bir neçə ceyran dərisini kitab kimi tikib
aralarını arpa ilə doldurdum. Tamam on beş gün eşşəyi beləcə arpa yeməyə
öyrətdim. On beş gündən sonra təlimin ikinci hissəsi başlandı.
Eşşəyi iki gün ac saxlayıb üçüncü gün dəri kitabın üstünə buraxdım.
Eşşək dili ilə dəriləri qaldırıb aralarındakı arpanı yedi. Yavaş-yavaş
dəri kitabı çevirib həqiqi kağızı kitab elədim. Bir ay da buna sərf elədim.
Sonra başladım üçüncü dövrə. O da bundan ibarət oldu ki, bəzən
qəsdən kitabın içinə arpa tökməyib boş qoyurdum. Eşşək axtarıb-axtarıb
arpa olmadığını görcək anqırırdı, gətirib arpa verirdim.Beləliklə,
eşşək kitabı varaqlamağı və anqırmağı öyrəndi. Bugünkü bu imtahan
haman iki günlük aclığın nəticəsidir.
Top