Molla bir gün çox vacib bir iş üçün başqa bir kəndə getməli olur.
Gecədən hər şeyi hazırlayır ki, səhər tezdən çıxıb yolçulara çata bilsin.
Bu işi bilən məhəllə cavanları zarafata salıb, hər necə olsa, onu bu səfərdən
saxlamaq istəyirlər. Səhər obaşdan hamısı durub kəsirlər
Mollanın yolunun üstünü. Molla evdən çıxıb bir balaca aralancaq, tuturlar
yaxasından ki:
– Molla, hara belə?
Molla deyir:
– Vacib işim var, qonşu kəndə gedirəm.
Deyirlər:
– Heç bir yerə gedə bilməyəcəksən. Nahaq yerə zəhmət çəkmə!
Molla soruşur ki:
– Necə yəni gedə bilməyəcəyəm? Niyə gedə bilməyəcəyəm?
Deyirlər:
– Bəs sən bilmirsən ki, ölübsən?
Molla təşvişlə soruşur:
– Necə yəni ölmüşəm?
Deyirlər:
– Ölübsən də... Daha bunun necəsi yoxdu ki...
Molla nə qədər yalvarır ki:
– Əşi, zarafat eləməyin, vacib işim var, qoyun çıxım gedim, sora
gecikərəm, yolçulardan ayrı düşərəm, yolda qurd-quş yeyər...
Cavanlar qulaq asmayıb, kişinin yaxasından əl çəkmirlər ki:
– Yox, Molla! Biz səni ölmüş halda buraxa bilmərik ki, yol gedəsən.
Sən bizim həm mollamızsan, həm dostumuz. Biz gərək öz borcumuzu
yerinə yetirib, səni bu saat yaxşıca-yaxşıca yuyaq, kəfənləyək,
aparıb basdıraq.
Molla çox yalvarır, bunlar az eşidirlər. Çəkə-çəkə Mollanı gətirirlər
məscidin həyətinə. Molla görür ki, daha ayrı əlac yoxdu. Fikirləşir
ki, "bu qədər adam ki, deyir mən ölmüşəm, bunların elə hamısı dəli
deyil ki... Yəqin kişilər bir şey bilirlər ki, deyirlər də... Yoxsa onlara
nə düşüb ki, mənə yalan desinlər. Elə görünür ki, mən ölmüşəm, özümün
xəbərim yoxdur". Səssiz, sakit dayanır. Cavanlar Mollanı qayda
ilə soyundurub uzadırlar ölü taxtasının üstünə, başlayırlar yumağa. Bu
halda Mollanın dostlarından biri məscidin qabağından keçirmiş,
cavanlar onu tuturlar ki:
– Hara gedirsən? Molla ölüb. Aparıb basdırmaq lazımdır.
Mollanın dostu cavanların kələyini başa düşüb deyir:
– Buraxın, canım, çox vacib işim var, dayana bilməyəcəyəm.
Cavanlar buraxmırlar. Onlar deyir, bu deyir, mübahisənin çox uzun
çəkdiyini görən Molla ölü taxtasının üstündən başını qaldırıb dostuna
deyir:
– Balam, mənim işim səninkindən də vacib idi. Ancaq nə eləyim
ki, qara əcəl gəlib kəsdi başımın üstünü, işim qaldı. Ayrı çarə yoxdu.
Dayan apar məni basdır, işinin dalınca sonra gedərsən.
Top