Deyirlər ki, günlərin birində Teymur Mollanın oğlunu saraya gətirtdirir.
Baxır ki, uşaq lap atasına oxşayır. Boy-buxunu, sir-sifəti,
ağız-burnu lap Molla Nəsrəddindi ki, durub. Fikirləşir ki, görəsən
uşaq sözdə-söhbətdə də atasına çəkib, ya-yox? Çıxarıb ona bir qızıl
bağışlayır. Mollanın oğlu qızılı əli ilə itələyir. Teymur soruşur:
– Niyə almırsan?
Uşaq deyir:
– Anamdan qorxuram. O, mənə tapşırıb ki, küçədə tanımadığım
əmilərdən pul almayım.
Teymur deyir:
– Ay sağ ol, ancaq mən ananın dediyi o küçələrdəki əmilərdən deyiləm.
Mən padşaham.
Uşaq deyir:
– Mən görürəm ki, sən padşahsan. Ancaq anam inanmaz ki, sən
padşahsan.
Teymur soruşur:
– Niyə inanmır?
Uşaq deyir:
– Ona görə inanmaz ki, padşah pul bağışlayanda bircə dənə bağışlamaz,
çoxlu-çoxlu bağışlar.