Deyirlər ki, hərənin bir adəti olar. Mollanın da adəti bu imiş ki, çox
tez-tez saqqalını tumarlarmış. Teymur Ləng incitmək məqsədi ilə bir
gün ona deyir:
– Saqqal tumarlamağı sənə qadağan eləyirəm. Bir də tumarlasan
saqqalını qırxdıracağam, əlini də kəsdirəcəyəm.
Molla Teymura yaxşı bələd imiş. Bilirmiş ki, çox da onun ipinin
üstünə odun yığmaq olmaz. Odur ki, yazıq saqqalını tumarlamağı tərgidir.
Bu əhvalatdan bir müddət keçir. Günlərin birində Teymur Molladan
soruşur:
– Molla, mən nə eləyim ki, əhali mənim ədalətimə inansın?
Molla deyir:
– Hər şeydən qabaq, qibleyi-aləm, hər kişinin saqqalının ixtiyarını
özünə qaytar!
Top