Biz dedik ki, Molla Nəsrəddinin Teymur Lənglə birinci görüşünü müxtəlif şəkillərdə danışırlar. Bunlardan biri də belədir:
       Teymur Mollanın haqqında çox eşidibmiş. Özünün ondan daha ağıllı, daha hazırcavab olduğunu öz əyanlarına göstərmək üçün bir gün Mollanı yanına çağırtdırır.
       Mollanı saraya gətirirlər. Teymur qəsdən onu uzun müddət qapıda gözlətdikdən sonra qəbul edir.
       Molla da Teymuru hələ heç görməmiş imiş. Onun çolaq olduğunu da bilmirmiş. İçəriyə girib görür ki, Teymur bir qıçını da qabağa uzadıb oturub. O da gəlib Teymurun qabağında əyləşir, bir qıçını da onun kimi qabağa uzadır. Mollanın bu hərəkəti Teymura yaman toxunur. Elə zənn eləyir ki, Molla onun çolaqlığını üzə vurmaq istəyir. Fikrində tutur ki, Mollanı təhqir eləsin. Bir az ordan-burdan danışandan sonra deyir:
       – Mən sənin haqqında çox eşitmişdim. Elə bilirdim ki, sən doğrudan da ağıllı bir adamsan. Amma səhərdən söhbət eləyə-eləyə ha fikir verirəm, tapa bilmirəm ki, məsələn, uzunqulaq bir eşşəklə sənin aranda nə təfavüt var?
       Molla heç özünü pozmadan deyir:
       – Siz haqlısınız, qibleyi- aləm. Bu saat doğrudan da uzunqulaq bir eşşəklə mənim aramda çox böyük məsafə yoxdur.
       Sonra Teymurla öz arasındakı məsafəni göstərib əlavə eləyir:
       – Olsa-olsa, bu saat eşşəklə mənim aramda ikicə arşınlıq bir məsafə var.
       Teymur qıpqırmızı qızarır. Ancaq heç bir söz deyə bilmir. Əmr eləyir xörək gətirirlər. Bir az yedikdən sonra Teymur ağzını Mollanın lap burnunun qabağına tutub bərkdən gəyirir. Molla başını qaldırıb, Teymurun bu ədəbsizliyinə heyran-heyran baxır. Teymur sevinir ki, Mollanı üstələyib. Tez deyir:
       – Nuşcan de, Molla! Bizim yerlərdə gəyirmək doymaq əlamətidir.
       Molla ona "nuşcan" deyir, sonra ağzını xörəklə doldurub, qəsdən Teymurun üzünə bərkdən bir səbr gətirir. Teymurun üz-gözü tüpürcək altında qalır. Qəzəblə qalxır ayağa ki:
       – Sən nə ədəbsiz adamsan!
       Molla əhvalını pozmadan deyir:
       – "Allaha şükür" de, qibleyi-aləm! Bizim yerlərdə səbr gətirəndə qulaq asanlar "Allaha şükür" deyərlər. Əgər sən də Allahına şükür eləməsən, dalı bundan da pis gələcək.
Top