Deyirlər ki, Mollanın anadan olduğu kənd çox gözəl imiş. Çox gözəl
havası, cürbəcür suları, qəşəng bağları, bağçaları var imiş.
İsti yay günlərinin birində Molla eşidir ki, şəhərin hakimi vaxt keçirmək
üçün haman kəndə gəzməyə gedib. Qalır kəndin qeydinə ki,
görəsən hakimin bu vaxt keçirməyi kəndə nəyə başa gələcək?
Bir həftə keçir. Molla eşidir ki, hakim qayıdıb gəlib. Durub hakimin
yanına gedir. Baxır ki, hakimin keyfi çox sazdı.
Salam-kəlamdan sonra Molla hakimdən soruşur:
– Yaxşı, hakim ağa necə keçdi? Razı qaldınmı?
Hakim deyir:
– Bilirsən necə yaxşı keçdi... Heç bilmədim ki, bir həftə necə gəldi,
necə keçdi? Bir də baxdım ki, qurtarıb. Bax, birinci gün kənddə böyük
bir yanğın oldu, kəndin tamam yarısı yandı. Camaat elə qışqırıb
qaçırdı ki, adamın gülməkdən qarnı cırılırdı. Hətta bir neçə adam da
yandı.İkinci gün bir qudurmuş it on-on beş nəfərəcən adam qapdı.
Özün fikirləş gör nə qiyamət olar da... Ləzzət verdi. Sabahısı bir sel
gəldi, bir sel gəldi, daha nə deyim... Təzə biçilmiş buğdalar suyun
içində üzürdü, onların dalınca adamlar özləri də üzürdülər. Çoxlu
adam da apardı. Dördüncü gün bir kəndli dəli oldu, beş-altı adam öldürdü.
Beşinci gün bir dam uçdu, bütün külfət qaldı altında. Ölən, qolu
sınan, başı əzilən. Altıncı gün bir arvad özünü boğub öldürdü... Axır ki,
deməynən başa gələn deyil. Başqa cür keyf çəkdik. Mən ömrümdə belə
keyf görməmişdim.
Molla hakimin sözlərinə qulaq asıb deyir:
– Yaxşı ki, bir həftəyə gəlibsən. Bir az da qalsaydın kənddə daş
daş üstdə qalmazdı.
Top