Teymur Ləng ordusunda olan filləri bəsləmək üçün hər il onları kəndlər arasında bölərdi. Bu fillər kəndlərdə əkin-tikin qoymayıb, hamısını veyl-viran elərdilər. Günlərin birində bunlardan birini də Mollanın yaşadığı kəndə göndərirlər. Fil bir neçə günün içərisində kəndi əldəndildən salır. Axırda kəndin varlıları yığılıb məsləhət-məşvərət eləyirlər ki, gedib Teymur Ləngə yalvarıb yapışsınlar, bəlkə bu bəlanı onların başından rəf eliyə. Kim getsin, kim getsin?.. Heç kəs cəsarət eləmir. Molla Nəsrəddinə yalvarırlar ki:
       – Gərək bu işi sən eliyəsən.
       Molla getmək istəmirsə də, əl çəkmirlər. Axır çox götür-qoydan sonra belə razılaşırlar ki, bir yerdə getsinlər. Bəli, hamısı bir yerdə düzəlirlər yola. Gəlhagəl, gəlhagəl gəlib çatırlar şəhərə. Bir çox yalvaryapışdan sonra bunları buraxırlar saraya. Molla görür ki, Teymurun yanında bir neçə başqa adam da var. Dinməz-söyləməz bir tərəfdə oturub növbə gözləyir.
        Teymur Ləng başlayır adamların şikayətlərinə baxmağa. Görürlər ki, Teymur Ləng özünə zərərli söz danışan şikayətçilərin hamısının zindana salınmasını əmr edir. Molla ilə gələnlər işi belə görüb, bir-bir durub əkilirlər. Molla bir də ayılır ki, içəridə tək qalıb. O da yavaşca durub əkilmək istəyəndə Teymur səslənir:
        – A kişi, hara gedirsən, nə sözün var idi?
        Molla onu tək qoyub qaçan varlıların dalınca baxıb Teymura deyir:
        – Qibleyi-aləm sağ olsun, biz sənin kəndli nökərlərindənik. Sənin sayəndə dolanıb həmişə sənə dua eləyirik. Bu il sən öz gözəl, qanacaqlı və rəhimli fillərindən birini bizim kəndə qonaq göndəribsən.Həqiqətən, fil çox yaxşı tərbiyə görüb. Lap sahibi kimi qanacaqlı bir heyvandır. Elə bizim əkin-biçin işlərimizə də çox xeyri dəyir. Çox razıyıq. Ancaq yazıq kənddə təkdir deyə, çox fikir çəkir. Gecələr səhərə qədər yatmır. Camaat məni göndərib səndən xahiş eləyim ki, əgər mümkün olsa, bir fil də göndərəsən ki, ona qulaq yoldaşı ola, bəlkə darıxmaya.
        Mollanın sözləri Teymurun xoşuna gəlir, əmr eləyir ki, kəndə bir dənə də dişi fil göndərsinlər. Molla Teymurun yanından çıxan kimi, onu içəridə tək qoyub qaçan "dostları" yığılırlar başına ki:
        – Molla nə oldu? Bir iş görə bildin, ya yox?
        Molla bir əyri-əyri onlara baxıb deyir:
        – Görmüşəm, özü də çox yekə iş görmüşəm. Dar ayaqda adama sizin kimi arxa duran "dostlar" üçün özünü lap ölümə vermək də azdır. Gözünüz aydın olsun, sabah filin dişisi də gəlir.
Top