Molla bir gün bir qaba üç qoz qoyub Teymur Ləngə aparır. Yolda
nəfsini saxlaya bilməyib qozların ikisini sındırıb yeyir, birini aparıb
Teymura verir. Teymur bundan çox xoşlanıb Mollaya bəxşiş verir. Bir
neçə vaxtdan sonra Molla yenə də Teymurdan bir şey qoparmaq məqsədilə
bir pud çuğundur götürüb saraya gedir.Yolda dostlarından biri
ona rast gəlib soruşur:
– Molla hara belə? O nədir?
Molla deyir:
– Vallah hamı deyir ki, Teymur Ləng pis adamdı. Amma mən
ondan yaxşılıqdan başqa bir şey görməmişəm. Keçən dəfə ona bir
dənə qoz aparmışdım. Mənə filan qədər bəxşiş verdi. İndi bir pud
çuğundur aparıram. Bilirəm, indi mənə o qədər bəxşiş verəcək ki,
sayeyi-mərhəmətində kasıblığın daşını atacağam.
Dostu Mollaya deyir:
– Kaş sən fikirləşən kimi olsun. Amma mən qorxuram tərsinə ola.
Hər halda, mən dünyagörmüş adamam. Sən gəl ona çuğundur aparma.
Heç olmazsa, əncir apar. Əncir nübardır.
Dostunun sözü Mollanın beyninə batır. Gedib var-yox pulunu verib
bir səbət yaxşı əncir alır, aparır Teymura. Teymur əncirləri görcək,
əmr edir ki, hamısını Mollanın başına vursunlar. Fərraşlar əncirləri
bir-bir Mollanın başına vururlar. Hər əncir dəyəndə Molla bir dəfə
şükür eləyir. Axırda Teymur soruşur:
– Kişi nə şükür eləyirsən?
Molla deyir:
– Qibleyi-aləm sağ olsun! Mən sizə bir pud çuğundur gətirirdim.
Yolda bir dostum rast gəlib əncir gətirməyi məsləhət gördü. İndi şükür
eləyirəm ki, nə yaxşı o adam mənə rast gəldi. Yoxsa, səbətdəki çuğundur
olsaydı, sənin sayeyi-mərhəmətində məndə baş-göz qalmazdı.
Top