Mollanın yenə də əli aşağı olur. Nə qədər əlləşir, vuruşursa, heç
bir yerdən pul çıxara bilmir. Yazığın bir ümid yeri də yox imiş. Elə fikirli-
fikirli bazarda gəzirmiş, bir də baxır ki, bir ovçu iki dənə dovşan
satır. Mollanın o saat gözləri oynayır. Ovçuya yaxınlaşır, cibindəki
axırıncı pulunu verib dovşanların ikisini də alır, evə gətirir. Arvad soruşur:
– Ay kişi, bunlar nədi?
Molla deyir:
– Arvad, dinmə! Bunlar pul tələsidi. İnşallah, bunların köməyilə bu
gün şəhər hakiminin qulağını kəsəcəyəm.
Arvad soruşur:
– Necə?
Molla deyir:
– Bax, bu dovşanın birini bağlayıram bura. Sən dur ayağa, yaxşı bir
plov bişir. Bağçadakı bostanımızdan da bir-iki dənə qovun dərib hazır
saxla! Sonrası ilə işin yoxdur.
Arvad durur plov bişirməyə, Molla da dovşanın birini evdəki dirəyə
bağlayır, birini də götürüb düz gedir şəhər hakiminin yanına. Salam-
kəlamdan sonra deyir:
– Hakim ağa, mənim yaxşı bir dovşanım var. İllərlə zəhmət çəkib
ona adam dili öyrətmişəm. İndi doğrusu budur ki, əlim aşağı düşüb,
satmalı olmuşam. Ancaq istəmirəm ki, pis adama qismət olsun. Gətirmişəm
sənə. Əgər istəyirsənsə pulunu ver, götür!
Hakim dovşana baxıb soruşur:
– Necə yəni adam dili öyrətmisən?
Molla deyir:
– Adam dili də... Mən onu elə öyrətmişəm ki, dediklərimi başa
düşür, sonra da gedib evdə arvada deyir.
Hakim inanmır ki:
– Əşi, ola bilməz.
Molla deyir:
– Bu bir çətin iş deyil ki?.. İstəyirsən bu saat imtahan eləyək.
Hakim razılaşır.
Molla ağzını dovşanın qulağına tutub deyir:
– Gedərsən evə. Arvada deyərsən ki, yaxşı bir plov bişirsin, bir-iki
dənə də qovun alsın. Bu saat hakimlə gəlirik evə.
Molla sözünü deyib dovşanı buraxır. Dovşan bayaq ha aradan çıxır.
Bir az oradan-buradan söhbət eləyirlər. Molla deyir:
– Di dur gedək!
Hakim durub düşür Mollanın yanına, gəlirlər evə. Baxırlar ki, plov
qazanı ocağın üstündə, qovunlar evin küncündə, dovşan da bağlanıb
dirəyə.
Molla hakimin yanında dovşana işarə eləyib arvaddan soruşur:
– Arvad, dovşan gəlib çıxdı.
Arvad o saat məsələni başa düşüb deyir:
– Gəldi. Mən də dediklərini eləmişəm.
Hakim tutur Mollanın yaxasından ki:
– Neçəyə deyirsən dovşanını?
Bir az aşağı, bir az yuxarı, Molla dovşanı çox böyük bir məbləğə
satır hakimə.
Ancaq iş Mollanın istədiyi şəkildə olmur. Hakim elə o saat dovşanı
işlətmək istəyir. İpini açıb, qulağına deyir:
– Gedərsən bu saat bizim evə. Arvada deyərsən ki, Molla ilə
axşam evə gələcəyəm. Yaxşı bir axşam yeməyi hazırlasın.
Molla nə qədər edir ki:
– Əşi, qoy qalsın, sabah gedərik.
Hakim razı olmur ki:
– Yox. Mən gərək bu gün sənə yaxşı bir şam verəm.
Hakim dovşanı buraxır. Dovşan bir dəqiqədə gözdən itir. Hakim
sevincək əyləşir ki:
– Gətir indi plovu yeyək, şamı da bizdə elərik.
Bəli, plovu çəkib gətirirlər. Amma Mollanı fikir götürür ki, axşam
nə eyləyəcək?
Qərəz, axşam gəlib çatır. Molla nə qədər çalışır ki, bir təhər yaxasını
qurtarıb bir neçə günlüyə ayrı bir yerə əkilsin, hakim əl çəkmir.
Tutub güclə evlərinə aparır. Gəlib baxırlar ki, hakimin arvadı qul-qarabaşla
bağçada gəzir. Hakim deyir:
– Arvad, dovşan gəldi?
Arvad deyir:
– Nə dovşan? Dovşan nədir?
Hakim deyir:
– Bir dovşan gəlib demədi ki, axşama qonağım var?
Arvad bir az geri çəkilir ki, yəqin kişinin başına hava gəlib. Soruşur:
– A kişi, dovşan nədi? Sən azarlayıb eləməyibsən ki?..
Hakim əhvalatı arvada danışır. Xoşbəxtlikdən arvad hakimdən də
ağılsız imiş. Başlayır ki:
– Nə yaxşı dovşan imiş... Mənim elə bir dənə cəld aparıb-gətirən
dovşanım olsaydı, bütün arvadlar mənə həsəd aparardılar... Bəs
neylədin dovşanı?
Hakim deyir:
– Göndərdim evə ki, sənə xəbər versin də...
Ər-arvad çənə-boğazda olanda Mollanı fikir götürür ki, işin içindən
necə çıxsın. Hakim Mollanın belə fikirli olmağından şübhəyə düşən
kimi olur. Dönür ona ki:
– Hə, Molla, de görək bəs dovşan hanı?
Bu dəmdə hakimin arvadı ərinə deyir:
– Ay kişi, birdən dovşan bizim evimizi tanımaz, başqa yerə gedər
ha...
Hakimin arvadı elə bil ki, Mollanın ürəyindən xəbər verir. Tez
hakimdən soruşur:
– Yaxşı, hakim ağa, sən onu evə göndərəndə evinizin yerini dedin?
Hakim deyir:
– Yox, yadımdan çıxdı, heç demədim.
Arvad düşür hakimin üstünə ki:
– Sən elə əvvəldən axmaqsan da... Gül kimi dovşanı əlimizdən
çıxartdın.
Top