Molla bir gün çöldə yer sürürmüş. Birdən cüt ilişir bir daşa. Molla
daşı qaldırıb baxır ki, altında bir küp var, içi dolu qızıl. Yazıq qalır məəttəl
ki, nə eləsin. Əyər aparıb hakimə təhvil verməsə, işdi bəlkə son-
radan eşitdi, bildi, tutub dərisinə saman təpəcək. Aparıb, verməyə də
ürəyi gəlmir. Bir çox fikir-xəyaldan sonra küpü götürüb gəlir evə. Əhvalatı
arvada danışıb deyir:
– Arvad, bir az çörək ver yeyim, aparım küpü verim hakimə. Sonra
bilər, külümüzü göyə sovurar.
Arvad nə qədər eləyir ki:
– Kişi, hakimə niyə verirsən? Haradan biləcək? Qoy yavaş-yavaş
özümüz xərcləyək...
Molla razı olmur. Axırda arvad gətirib Mollaya çörək verir. Elə ki,
onun başı qarışır yeməyə, tez çuvalın içindən küpü çıxardıb yerinə yekə
bir daş qoyur, ağzını da bağlayır. Molla çörəyini yeyib durur ayağa,
çuvalı dalına atır, birbaş gəlir hakimin yanına. Girir içəriyə, baxır ki,
hakim əyləşib, yanında da bir neçə başqa adam var.
Hakim soruşur:
– Nə var, Molla? Nə əcəb?
Molla heç bir söz demədən çuvalı ağzı aşağı tutub silkələyir. Bir
də baxır ki, içindən yekə bir daş düşdü. Hakim və başının adamları
təəccüblə Mollanın üzünə baxırlar. Molla işi başa düşür, tez özünü
yığışdırıb deyir:
– Hakim ağa, hökumətin müəyyən çəki daşları var. Amma bu daşlardan
bizim kəndə heç gəlib çıxmayıb. Elə hərə istədiyi daşla çəkir.
Biz kənd camaatı xahiş eləyirik ki, zəhmət də olsa, bu daşı bizim üçün
çəkəsən.
Top