Hələ cavan vaxtlarında bir müddət Mollanın əli çox aşağı düşür.
Elə olur ki, lap gündəlik çörək puluna möhtac qalır. Belə günlərin birində
birisi gəlir ki:
– Mən bir adamın boynuna şər atmışam ki, mənə yüz pud buğda
borcludur. Gəl gedək qazının yanına, mənə yalandan şahidlik elə, sənə
on manat pul verərəm.
Molla deyir:
– Yox, qardaş, yüz pud buğda üçün on manat azdı. İyirmi manat
ver, gedim.
Kişi deyir, Molla deyir, axırda kişi on beş manata razı olur. Mollanı
götürüb qazının yanına gətirir.
Qazı qabaqca tələbkarı danışdırır, axırda Molladan soruşur:
– Sən şahidsənmi?
Molla deyir:
– Bəli.
Qazı deyir:
– Özün gözünlə görübsənmi?
Molla deyir:
– Bəli.
Qazı soruşur:
– Yaxşı, de görüm, gözünlə nəyi görübsən?
Molla deyir:
– Gözümlə görmüşəm ki, bu kişi bu kişiyə yüz pud arpa borc verdi.
Qazı deyir:
– Bəs bu deyir buğda, sən deyirsən arpa?...
Molla deyir:
– Yaxşı eləyib deyirəm arpa... Xəsislik eləməyəydi, buğda deyəydim.
Qazı görür, deyəsən, burada iş var. Soruşur:
– Nə xəsislik?
Molla deyir:
– Mənim bu günlər əlim aşağı idi. Bu kişi gəldi ki, gəl gedək mənə
yalandan şahidlik elə, sənə on manat pul verərəm. Mən iyirmi manat
istədim. O, on beş manatdan yuxarı qalxmadı. Mən də ürəyimdə dedim
ki, indi ki o xəsislik eləyir, mən də buğda əvəzinə arpa deyəcəyəm.
Top