Bir axşamüstü Molla çöldən qayıdırmış. Bir də görür ki, küçədə iki
uşaq bir-biri ilə dalaşır. Yaxınlaşıb baxır ki, uşaqların əllərində bir
qarğa var, o çəkir o tərəfə ki, mənimdi, bu çəkir bu tərəfə ki, mənimdi.
Mollanın qarğaya yazığı gəlir. Soruşur:
– Nə olub? Niyə savaşırsınız?
Uşaqlardan biri deyir:
– Mən gördüm ki, bu qarğa uçub qondu, bax, bura, yuvasına. Buna
dedim. Sonra yatdım ayağının altında, çıxıb tutdu. İndi deyir qarğa mənimdi.
O biri uşaq da deyir:
– Əlbəttə, mənimdi. Bacarırdın özün tutaydın da...
Molla baxır ki, uşaqlar qarğanı öldürəcəklər. Bir-iki şahı pul verib,
qarğanı əllərindən alır, deyir:
– Qarğa yazıqdı, verin buraxım, uçsun getsin. Əvəzində götürün bu
pulu, gedin halva alın yeyin!
Uşaqlar pulu alıb sevinə-sevinə, halvaçı dükanına tərəf qaçırlar.
Molla da qarğanı buraxır.
Qarğa bir-iki qanad vurub qonur yaxında otlayan bir camışın
belinə. Molla baxıb deyir:
– Afərin qarğa! Lap alıcı quş imiş ki... Gör nə boyda şikar ovladı.
Yavaşca yaxınlaşıb qarğanı tutur, alıcı quş kimi əlinə alır, camışı
da qabağına qatıb evə gətirir.
Qaranlıq düşənə yaxın camış sahibi soraqlaşa-soraqlaşa gəlib
çıxır ki:
– Ver mənim camışımı!
Molla deyir:
– Camış sənin niyə oldu? Dədə-babadan həmişə bizim bu yerlərdə
quş buraxıb şikar ovlayıblar. Bu da mənim şikarımdı, quşumu buraxmışam,
ovlayıb.
Kişi deyir, Molla deyir, işləri düşür qazıya. Qazı Mollanı çağırtdırır
ki:
– Niyə kişinin camışını vermirsən?
Molla deyir:
– Qazı ağa, xoşbəxtlikdən burada heç kəs yoxdu, ikimizik. Qulaq
as, gör, nə deyirəm. Hesablamışam ki, bu camışın südündən ayda on
girvənkə yağ çıxacaq. Bu yağın hər ay beş girvənkəsi sənin, beş girvənkəsi
mənim olsa, o kitablara salıb mənim qarğamı tərlan, bu camışı
da şikar eləyə bilərsən, ya yox?
Qazı deyir:
– Sən get, yağı hazırla!
Molla çıxıb gedir. Bir neçə gündən sonra qazı camış sahibini də
çağırır, Mollanı da. Kitabdan-kitaba, qanundan-qanuna salıb, sübut
eləyir ki, camış çatır Mollaya.
Günlər dolanır, həftələr keçir, ay gəlib başa çatır. Qazı Mollaya sifariş
göndərir ki, yağı gətirsin.
Molla camışın nəcisindən bir küpə doldurur, ağzına da iki barmaq
qalınlığında yağ qoyub gətirir qazıya.
Qazı deyir:
– Molla, o biri aylar yadından çıxar ha...
Molla deyir:
– Arxayın ol! Hər ay bu yağdan belə bir küpə gətirəcəyəm
yeyəsən.
Molla çıxıb gedən kimi qazı küpəni açır. Bir barmaq, iki barmaq...
Bir barmaq da vurub ağzına qoyanda baxır ki, dadı ayrı cür oldu. Baxıb
görür nə... Küpə doludu camış nəcisi ilə. Hirs vurur qazının təpəsinə.
Elə o saat adam göndərib Mollanı çağırtdırır. Molla gəlir. Qazı deyir:
– Molla sən indi işi o yerə çatdırıbsan ki, mənə camış nəcisi yedirdirsən?
Molla deyir:
– Əvvəla, bunu mən yedirtmirəm, qazı ağa, sən özün yeyirsən.
İkincisi də, sən onu indi yemirsən. Sən onu o gün yedin ki, kitabdankitaba,
qanundan-qanuna salıb, qarğanı tərlan elədin, camışı şikar.