Molla Nəsrəddin şəhərin bütün mollalarını təngə gətirmişdi. Axırda
mollalar yığışıb onun əlindən Teymur Ləngə şikayət edirlər. Molla
baxır ki, bu işin axırı yaxşı olmayacaq. Çox götür-qoydan sonra
özünü verir vəzirin yanına, yanı cücəli bir toyuq da rüşvət aparır ki,
onu Teymur Ləngin hüzurunda müdafiə eləsin.
Sabahısı gün şikayət edən mollalar və Molla Nəsrəddin Teymur
Ləngin əmrilə hüzura gəlirlər. Mollalar şikayətlərini eləyirlər, qurtarandan
sonra vəzir irəli yeriyib, Molla Nəsrəddini Teymura tərifləməyə
başlayır. Teymur Ləng vəzirə də qulaq asandan sonra üzünü Molla
Nəsrəddinə tutub deyir:
– Yaxşı, de görüm, sən öz günahsızlığın barədə nə danışacaqsan?
Molla cavab verir:
– Şah sağ olsun! Mənim danışmağıma ehtiyac yoxdur, mənim
toyuğum cücələri ilə bərabər lazımi qədər mənim xeyrimə danışdı.
Top