Günlərin birində Molla azarlayır. Gedib haradansa bir həkim tapıb
gətirirlər. Amma bu həkimin çox uğursuz dili var imiş. Ağzına heç
xeyir söz gəlməzmiş. Bir az Mollanın ora-burasına baxandan sonra
deyir:
– Molla, özün çox yaxşı bilirsən ki, ölüm Allah əmridi. Bir gün ki
yaranmışıq, bir gün də öləcəyik. Mən ki, belə görürəm, sən, deyəsən,
bu azardan qalxmayacaqsan. Odur ki, yaxşısı budur, arvad-uşağını çağırıb
vəsiyyətini eləyəsən.
Molla arvad-uşağı çağırır. Elə ki hamı yığılır, Molla deyir:
Qulaq asın, vəsiyyət eləyirəm. Mən ölsəm də, qalsam da bu vəsiyyəti
yadınızdan çıxarmayın! Bundan sonra mənim evimə it də gətirə
bilərsiniz, qurd da gətirə bilərsiniz, amma bu bayquşu bir də buralara
qoymazsınız.
Top