Günlərin birində Molla yol ilə gedərkən heç tanımadığı bir adam
daldan onun boynuna bir şapalaq vurur. Molla geri dönüb baxır ki, bir
yad adamdır. Yad adam da Mollanı görən kimi qıpqırmızı qızarır, başlayır
üzr istəməyə ki:
– Bağışlayın, səhv eləmişəm. Mən daldan sizi yaxın dostlarımdan
birinə oxşadıb zarafat üçün vurdum.
Molla bu hərəkətdən çox qəzəblənir, onu tutub qazının yanına
aparır. Təsadüfən, bu da qazının yaxın adamlarından imiş. Qazı işi belə
görüb bir fırıldaqla öz adamını Mollanın əlindən qurtarmaq istəyir. Dilini
işə salıb deyir:
– O, səni bilməyib vurub Molla, əyər bağışlamırsansa, onda sən də
ona bir şapalaq vur, qurtarsın getsin.
Molla razı olmur. Qazı deyir:
– Onda cərimə olaraq bu adam sənə bir manat pul verməlidir.
Kişi yanında pul olmadığını deyir. Qazı pul gətirmək üçün onu evə
göndərir və işarə ilə başa salır ki, daha gəlməsin.
Molla bir-iki saat gözləyir, görür kişi gəlmədi. İşi başa düşür. Durub
qazıya yaxınlaşır ki:
– Qazı ağa, qanuna görə demək şillənin biri bir manatdır də...
Qazı "bəli" – deyə cavab verir. Molla qazının qulağının dibinə bir
şax şillə qoyub deyir:
– Mənim onu gözləməyə vaxtım yoxdur. Gələndə bir manatı sən
alarsan.
Top