Qazılardan birinə Mollanın işi düşür. Rüşvətxor qazı Mollanın bu
işini aylarla süründürür. Axırda Molla görür ki, qazı rüşvətsiz iş görməyəcək.
Gedib bazardan bir küpə alır. Küpənin içini qulpuna qədər
sarı palçıqla doldurur. Üstünə iki barmaq qalınlığında yaxşı inək yağı
qoyub, aparır qazıya. Qazı yağı görcək Mollaya lazım olan kağızı yazıb
verir, özünü də hörmət, izzətlə yola salır. Molla gedəndən sonra qazı
küpəni açıb boşaltmaq istəyir. Bir də nə görür... İki barmaq yağın altından
sapsarı palçıq çıxır. Qazı itə dönür. Öz xəlifəsini göndərib Mollanı
çağırtdırır. Xəlifə gəlib Mollanı tapır və qazının çox mühüm bir iş
üçün onu çağırdığını xəbər verir. Molla işi bilir, heç halını dəyişmədən,
durub qazının yanına gəlir. Qazı Mollanı görcək başını yuxarı
qaldırmayıb hirsli-hirsli deyir:
– Molla, o kağızı ver, görüm, deyəsən, bir yerində qələt olub, düzəldəcəyəm.
Molla gülə-gülə deyir:
– Zəhmət çəkmə, qazı ağa!.. Mən kağıza baxmışam. Orada qələt
yoxdur. Qələt yəqin kağızda yox, yağ küpəsində olub. Yoxsa siz kağızdakı
qələt üçün belə narahat olmazdınız.
Top