Günlərin bir günündə bir kişi gedib arvadının yanında başqa bir
kişi tutur. Tutulan kişi ev sahibinin gəldiyini görüb bilir ki, iş xarab
olacaq, özünü vurur dəliliyə və kişiyə deyir ki: "Mən sənin arvadının
qardaşıyam". Səs-küyə çox adam yığışır. Axırda bunların ikisini də
götürüb qazının yanına aparırlar. Ev sahibi bütün əhvalatı əvvəlindən
axırına kimi danışır və bunu görən qonşu arvadını da şahid sifətilə
qazının yanına çəkir. Mühakimə başlanır:
Molla da bu məclisdə imiş. Bir tərəfdə oturub qulaq asırmış. Qazı
şahid arvadı çağırır.Ancaq hər nə soruşursa, arvad başını aşağı salıb
danışmır.
Axırda qazı hirslənir ki:
– Arvad, niyə danışmırsan? De görək nə görübsən?
Arvad qıpqırmızı qızarmış halda deyir:
– A başına dönüm, mənim gördüyüm şeylər elə ədəbsiz şeylərdi
ki, mən onları belə mötəbər, ədəbli adamların yanında deməyə həya
eləyirəm. Necə deyim axı?..
Arvad bu sözü deyəndə Molla qalxır ayağa ki:
– Haqqın var bacı. Elə ədəbsiz şeyləri bizə demək dürüst deyil.
Onun üçün qanun var. Məhkəmədə gizli şeyləri hakimin öz qulağına
deyərlər. Sən də qazının öz qulağına de.