Bir gecə Molla evlərinə gedirmiş. Bir də baxır ki, bağların arasında
bir adam uzanıb. Yaxına gəlib görür ki, şəhərin qazısıdır. Keflənib yıxılıb,
qalıb yerdə. Molla qazını soyundurub, paltarlarını götürüb gedir.
Qazı özünə gəlib baxır ki, lütdür, səhər də az qalır ki, açılsın. Durub
bir təhər özünü evə salır və ürəyində and içir ki, gərək paltarımı götürənə
bir yaxşı dərs verəm. Səhər qazı nökərinə əmr edir ki, çıxsın bazara,
paltarını kimdə görsə, tutub yanına gətirsin. Molla Nəsrəddin də
səhər qəsdən qazının əbasını çiyninə salır, əmmaməsini də başına qoyub
çıxır bazara. Nökər Mollanın əynində paltarı görüb tanıyır, tutub
bir baş qazının yanına gətirir.
Molla içəri girib görür ki, qazının yanında çoxlu adam var. Daha
danışmaq üçün qazıya imkan verməyib tez deyir:
– Salaməleyküm, qazı ağa!
Qazı deyir:
– Əleyküməssəlam. Dayan orda, qurtarım, danışaq.
Molla deyir:
– Yox qazı ağa, mənim işim tələsikdir, gözləyə bilmərəm. Dünən
gecə evə gedirdim, gördüm bağların arasında bir nəfər əbalı, əmmaməli
adam keflənib yıxılıb. Qorxdum ki, oğruya-zada rast gələ, paltarını
soyunduralar, qala çılpaq. Odur ki, özüm əynində hər nə varsa çıxardıb
apardım.İndi gətirmişəm. Bax bunlardır. Xahiş eləyirəm sahibini
tapasınız, verək özünə.
Qazı işi belə görüb, bir camaata baxır, bir Mollaya baxır, canının
dərdindən deyir:
– Görəsən hansı sarsağın imiş. Sən gey, keyfini çək!
Top