Deyirlər ki, Teymur Ləngin hakimiyyəti illərində bir şəhərdə böyük bir iğtişaş qalxır. Əhali şəhərin hakimini, fərraşlarını tutub zindana salır. Teymur Ləng o qədər hirslənir ki, özü böyük bir ordu götürüb şəhər əhalisinə cəza verməyə gedir. Ancaq əhali şəhər qapılarını bağlayıb müharibəyə başlayır. Teymur nə qədər əlləşirsə, şəhərə girə bilmir. Bir neçə dəfə hücum eləyirsə də, ancaq öz qoşununu qırdırır. Axırda qasidi yanına çağırır ki:
– Hazırlaş, bir məktub yazım, apar ver vəzirə! Gərək bu həftənin içində bu şəhərin məsələsini qurtaram.
Sonra kağız- qələm götürüb yazır, yazır, axırda üzünü yanındakı adamlarına tutub deyir:
– Yazdım ki, tez bir dəstə atlı, bir dəstə piyada, bir dəstə oxatan, bir dəstə mancanaqçı göndərsinlər. Deyin görüm, daha nə lazımdır ki, şəhərin əncamını çəkək?
Molla Nəsrəddin də bu məclisdə imiş. Teymur Ləng onu da özü ilə aparmış imiş.
Molla deyir:
– Bu şəhərin əncamını çəkmək üçün o yazdığınız şeylərin heç biri lazım deyil. Siz yazın ki, bircə dənə ağıllı padşah göndərsinlər. Belə bir padşah tapılsa, davasız-şavasız hər şey düzələr.