Yenə də günlərin birində qazının yanına iki şikayətçi arvad gəlir. Qazı bunların şikayətlərinə qulaq asır, amma nə qədər fikirləşirsə, həll eləyə bilmir. Axırda yenə də Molla Nəsrəddini köməyə çağırmağa məcbur olur.
Molla diqqətlə hər iki arvada qulaq asır. Anlaşılır ki, bu iki arvadın hər ikisinin ay yarımlıq uşağı var imiş. Elə haman gün arvadların ikisi də dənizin kənarında paltar yuyurmuşlar. Uşaqları da kənarda yatırtmışlar. Birdən dəniz bərk dalğalanır. Ləpələr sahili döyməyə başlayır. Arvadlar çatana qədər qüvvətli bir ləpə uşaqların birini dənizə atır. İndi salamat qalan uşağın üstündə arvadlar vuruşurlar. O deyir mənimdi, bu deyir mənimdi.
Molla Nəsrəddin deyir:
– Siz ikiniz də yalan deyirsiniz. Görünür ki, siz bu uşağı tapıbsınız. Tapılan şeyi də tapmış adamların arasında bölərlər. Biz də indi gərək bu uşağı iki parçaya bölək, hərənizə bir parçasını verək. Molla belə deyən kimi arvadlardan biri qışqırır ki:
– Aman günüdü, uşağı parçalamayın! Qoyun onun olsun, amma salamat qalsın!
Molla uşağı haman qışqıran arvada verir.
Top