Yenə də günlərin birində qazının yanına üç nəfər şikayətçi gəlir.
Qazı şikayətə qulaq asır. Məlum olur ki, bu üç nəfər şərikli dənə
eşşək alıblar, indi bölə bilmirlər. Ona görə bölə bilmirlər ki, şəriklərdən
biri pulun yarısını verib, biri üçdən birini verib, üçüncü də doqquzdan
birini verib.
Qazı nə qədər əlləşir, vuruşursa, on yeddi eşşəyi bu şəriklərin arasında
bölə bilmir. Axırda əlacsız qalıb yenə də Molla Nəsrəddini çağırır.
Molla eşşəyini minib qazının hüzuruna gəlir. Şikayətə diqqətlə
qulaq asır. Sonra şikayətçilərdən soruşur:
– Siz bu eşşəkləri necə bölüşdürmək istəyirsiniz?
Şikayətçilər deyirlər:
– Biz istəyirik ki, hər şərik qoyduğu pula görə pay alsın, eşşəklər
də salamat qalsın. Qazı bu bölgünü apara bilmir.
Molla ayağa qalxıb deyir:
– Gedək eşşəklərin yanına.
Hamı bir yerdə çıxırlar çölə. Molla öz eşşəyini də qatır bu
eşşəklərə. Eşşək olur on səkkiz. Sonra başlayır bölməyə. Şəriklər deyirlər:
– Yox, Molla! Bizə sənin eşşəyin lazım deyil. Niyə gərək sən zərər
çəkəsən? Sən elə böl ki, bizim eşşəklərimiz özümüzə çatsın.
Molla gülüb deyir:
– Molla Nəsrəddin o qədər axmaq deyil ki, öz eşşəyini sizə verə.
Bir balaca səbrinizi basın, bu saat sizinkilər sizin olacaq, mənimki də
özümə qalacaq.
Sonra üzünü birinci şərikə tutub deyir:
– Deyirsən ki, pulun yarısını sən veribsən, eləmi?
Şərik deyir:
– Bəli.
Molla eşşəklərdən doqquzunu ayırıb ona verir ki:
– Al, bu sənin payın.
Sonra ikinci şərikə deyir:
– Sən də ki, pulun üçdən birini veribsən, eləmi?
Şərik deyir:
– Bəli.
Molla deyir:
– Demək ki, altısı da sənə çatır, düzdümü?
Kişi deyir:
– Bəli, hələ bir az da artıq olur.
Sonra Molla üçüncü şərikə deyir:
– Sən də ki, pulun doqquzdan birini veribsən. On səkkizin doqquzdan
biri eylər iki. Elədirmi?
Üçüncü şərik deyir:
– Bəli, elədir.
Molla yerdə qalan iki eşşəyi də ona verir, özü də öz eşşəyini minib,
çıxıb gedir.
Top