Yenə də bir gün qazının yanına iki nəfər gəlir. Aydın olur ki,
bunların ikisinin şərikli bir dəvəsi var imiş. Özü də dəvəni alanda
pulunun üç payını biri vermiş imiş, bir payını biri. Dəvəni işlədib
qazancını da qoymuş olduqları pula görə bölürmüşlər. Günün birində
dəvə çaydan keçəndə batıb ölür. İndi pulun üç payını verən şərik tutub
bir pay verən şərikin yaxasından ki:
– Mənə səndən çox zərər dəyib. Gərək bir pay pulu verəsən.
O biri şərik də yoxsulun biri olduğuna görə verə bilmir.
Qazı yenə də nə qədər əlləşirsə, məsələni həll eləyə bilmir. Ona
görə həll eləyə bilmir ki, yoxsul şərik deyir:
– Düzdü, dəvənin pulunun üç payını o qoymuşdu. Ancaq indiyə
kimi qazancın da üç payını həmişə o götürüb.
Qazı yenə də Molla Nəsrəddini çağırır. Molla şikayətə qulaq asır.
Baxır ki, yoxsul şərik heç dinib-danışmır. Amma ikinci varlı şərik
salıb lap həyasızlığa. Elə çalışır ki, şərikindən birtəhər pul qoparsın.
Ona görə də soruşur:
– Dəvə batanda üstündə yük var idimi?
Deyirlər:
– Xeyr. Yox idi.
Molla varlı şərikə deyir:
– Demək, dəvə yük ağırlığından batmayıb. Öz ağırlığından batıb.
Dəvənin də ki, ağır hissəsi, yəni üç payı sənin imiş, bir payı bunun.
Demək ki, dəvənin batmağına sənin payının ağırlığı səbəb olub, Odur
ki, sən onun qoymuş olduğu pulu özünə qaytarmalısan.
Şərik deyir:
– Xeyr, mənim payım ağır-zad deyildi.
Molla deyir:
– Əgər iki pay da bir ağırlıqda idisə daha ondan nə pul istəyirsən?
Kişi deyir:
– Çünki mən artıq pul qoymuşdum.
Molla deyir:
– Demək ki, sənin payın ağır imiş.
Qazı baxır ki, deyəsən, Molla düz deyir. Varlı şərikdən bir az da
pul alıb yoxsul şərikə verir.