Gündə bir qarın yeməyə möhtac olan yoxsullardan biri, bir parça
çörək tapıb aşpaz dükanının yanına gəlir. Bütün ömründə xörək yeməyən
bu yazıq uzaqdan aşpazın bişirdiyi kababa baxır, çörəyi ağzına qoyub
yeyir. Demə, aşpaz buna göz qoyurmuş. Kişi çörəyini yeyib qurtarır,
getmək istəyəndə aşpaz tutur yaxasından ki:
– Ver kababın pulunu!
Kişi başlayır yalvarmağa ki:
– Ay başına dönüm, mən nə vaxt sənin kababını yedim ki, pulunu
da verəm.
Aşpaz əl çəkmir ki:
– Yox, sən kababa baxıb çörəyini yeyirdin. Gərək pulunu verəsən.
Kişi nə qədər yalvarırsa, olmur. Aşpaz onun yaxasından əl çəkməyib
axırda tutub qazının yanına aparır. Bu zaman Molla da bir məsələ
üçün qazının yanında imiş. Qazı bunların məsələsinə qulaq asır, sonra
üzünü Mollaya tutub deyir:
– Molla, bu məsələni həll eləmək mənim işim deyil. Yenə sən həll
eləyə bilərsən.
Molla aşpaza deyir:
– O kişi ki, sənin xörəyini yeməyib, sən ondan nə pul istəyirsən?
Aşpaz deyir:
– Gözü ilə baxıb, burnu ilə də qoxusunu çəkib. Mən ondan bu haqqı
istəyirəm.
Molla deyir:
– Haqlısan, qardaş! Gərək verə.
Aşpaz bunu eşidib başlayır sevinməyə ki, indi Molla yoxsuldan pul
alıb, verəcək ona. Molla öz cibindən bir kisə pul çıxarıb aşpazın qulağının
dibində silkələyir. Soruşur:
– Eşitdin?
Aşpaz soruşur:
– Nəyi?
Molla deyir:
– Pulların səsini.
Aşpaz deyir:
– Eşitdim, nə olsun?
Molla deyir:
– Demək ki, haqqını aldın. Di yeri, çıx get!
Aşpaz hirslənir ki:
– Hanı? Mən nə haqq aldım?
Molla deyir:
– O, kababı gözü ilə görüb, burnu ilə qoxulamışdı. Sən də pul kisəsini
gözünlə gördün, pulun da səsini qulağınla eşitdin. Sənə çatası
haqq ancaq bu ola bilər.