Mollanın yaşadığı məhəllədə yoxsul bir kişi var imiş. Bu kişi həmişə
yaxındakı meşədən odun yığar, dalında gətirib satar, əldə etdiyi
pul ilə yarı ac, yarı tox ailəsini dolandırarmış.
Bir gün yenə də bu odunçu dalında da bir böyük şələ odun meşədən
gəlirmiş. Yolda bərk yorulur. Yorğunluğunu almaq üçün şələni
yerə qoyur. Yük ağır, özü zəif, qoca. Nə qədər çalışırsa, şələni yerdən
götürə bilmir. Bu vaxt bir nəfər yoldan keçirmiş. Qoca odunçu xahiş
eləyir ki, kömək eləyib şələni onun dalına qaldırsın. Bu adam soruşur:
– Yaxşı, şələni sənin dalına qaldırsam mənə nə verəcəksən?
Odunçu deyir:
– Nəyim var, nə verəm, a başına dönüm?! Heç nə.
Kişi bir söz deməyib, şələni odunçunun dalına qaldırır, sonra tutur
onun yaxasından ki, ver mənim heç nəyimi.
Odunçu nə qədər yalvarır ki:
– Ay qardaş, başına dönüm, nə istəyirsən məndən? Əl çək mənim
yaxamdan.
Kişi əl çəkmir ki, əl çəkmir. Çığır-bağır salır ki:
– Necə yəni nə istəyirsən? Mən sənə dedim ki, odunu dalına qaldırsam
mənə nə verəcəksən, sən özün dedin: "heç nə". İndi mən də
qaldırmışam. Ver mənim heç nəyimi.
Odunçu çox yalvarır, kişi az eşidir, axırda onu tutub qazının yanına
aparır.Qazı nə qədər çalışırsa, bir yol tapıb bu məsələni həll eləyə
bilmir. Axırda əlacı kəsilir, adam göndərib Molla Nəsrəddini çağırtdırır
ki:
– Amanın bir günüdür, ay Molla! Bu iş, olsa-olsa, bir səndən aşacaq.
Molla döşəkcənin üstündə əyləşib bunların şikayətlərinə qulaq
asır, sonra üzünü tələbkara tutub deyir:
– Sən haqlısan qardaş! O ki, sənə boyun olub "heç nə" versin, gərək
verə. Ancaq mən görürəm ki, o çox yoxsul adamdı. Bir də ki "heç
nə" hər adamda tapılmaz. Sən gəl, razı ol, onu sənə mən verim.
Kişi razılaşır. Molla üstündə əyləşdiyi döşəkcənin ucunu balaca
qaldırıb deyir:
– Gəl əlini uzat, gör bu döşəkcənin altında nə var?
Kişi əlini döşəkcənin altına uzadır, amma heç bir şey tapa bilmir.
Molla soruşur:
– Hə, nə tapdın?
Kişi deyir:
– Heç nə.
Molla deyir:
– Hə, di o sənin heç nəyin, götür, get!
Top