Biri var idi, biri yox idi, Allahdan başqa heç kəs yox idi. Bir kişi var idi, bunun üç dənə qızı var idi. Günlərin bir günündə bu kişi hazırlaşırdı getsin bazara, çağırıb qızlarını soruşdu ki, balam, mən gedirəm bazara, deyin görüm, sizə nə alım gətirim.
Böyük qız dedi:
– Mənə bir dənə soğan qabığından köynək al!
Ortancıl qız dedi:
– Mənə bir dənə zər-qumaşdan çarğat al!
Kiçik Mazarat dedi:
– Mənə bir dənə pişik al!
Kişi getdi bazara. Satmalısın satdı, almalısın aldı, qayıdan baş kiçik qızına bir pişik, ortancıl qızına zər-qumaşdan çarğat aldı, ancaq nə qədər vurnuxdu, soğan qabığından köynək tapmadı ki, tapmadı. Kişi axşamacan axtardı, qaş qaralanda çar-naçar bazardan çıxdı, düzəldi yoluna. Az getdi, çox getdi, yorulub bir daşın dibində oturdu. Böyük qızın istədiyini tapmamışdı deyin çox bikef idi. Bu vaxt yoldan bir dərviş keçirdi, diqqət ilə kişiyə baxdı, batıb gördü ki, kişi çox bikefdi. Yaxınlaşıb onun dərdini soruşdu. Kişi dedi, hal-qəziyyə belə... Qızım mənə soğan qabağından köynək tapşırmışdı, cəmi şəhəri ayaqdan saldım, tapmadım, indi əliboş qayıtdığıma görə belə bikeyfəm.
Dərviş dedi:
– Kişi, sən gəl o qızı ver mənə, mən ona soğan qabığından köynək alım.
Alışdılar, verişdilər, üç gün, üç gecə toy eləyib qızı dərvişə verdilər. Qız köçüb gəldi dərvişin evinə. Dərviş sabahısı günü evə gəlib dedi:
– Canım qurban, gözüm qurban, bir dur ayağa, fırlana-fırlana küpədən bir az qovurma çıxar, gətir yeyək!
Qız getdi küpənin ağzını açdı ki, qovurma çıxartsın, bir də nə gördü? Qovurma adam ətindəndi. Demə dərviş div cinsindən imiş. Əlqərəz, gətirdi qovurmanı qoydu ortalığa. Dərviş başladı yeməyə. Baxdı ki, qız yemir.
Dedi:
– Canım qurban, gözüm qurban, niyə yemirsən?
Qız dedi:
– Yox, yeyirəm.
Amma qız yemirdi. Tikələri dərvişin qorxusundan götürüb, yemək bəhanəsinə aparıb yaxasından salırdı can köynəyinin içinə. Dəviş bunu duydu. Bir az keçəndən sonra birdən qıza qayıtdı ki:
– Canım qurban, gözüm qurban, dur bir ayağa, fırlana-fırlana bir az
su gətir içək!
Qız durdu ayağa ki, su gətirsin, ətlər köynəyinin içindən töküldü yerə. Dərviş onu aparıb o biri otaqda saçlarından mıxladı divara. Toydan bir neçə gün sonra ortancıl bacı fikirləşdi ki, durum gedim, görüm bacım necədi. Gəldi, gördü dərviş oturub, amma bacısı yoxdu.
Dedi:
– Bəs bacım hanı?
Dərviş cavabında dedi:
– Bağa gəzməyə gedib. Otur, indi gələr.
Qız oturdu. Bir balaca keçəndən sonra dərviş ona dedi:
– Canım qurban, gözüm qurban, dur ayağa fırlana-fırlana küpədən bir az qovurma çıxart, gətir yeyək! Mən acmışam, bacın gələnəcən gözləyə bilmərəm.
Qız durdu ayağa, getdi küpənin sələyin açdı, bir də nə gördü? Qovurma adam ətindəndi. Ta heç bir söz deməyib gətirdi qovurmanı qoydu yeznəsinin qabağına. Dərviş başladı yeməyə. Amma qız o biri bacısı kimi tikələri yaxasından can köynəyinin içinə salırdı. Dərviş birdən dedi:
– Canım qurban, gözüm qurban, dur bir ayağa, fırlana-fırlana bir az su gətir içək!
Qız ayağa duranda ətlər köynəyinin içindən töküldü yerə. Dərviş bunu da aparıb, bacısının yanında saçlarından asdı divara. Xırda Mazarat gözlədi, gördü bacısı gəlmir. Fikirləşdi ki, yəqin böyük bacım naxoşlayıb, odu ki, ortancıl bacım da gəlib çıxmadı, gedim görüm nə olub. Durdu ayağa, gəldi gördü ki, yeznəsi oturub, amma təkdi, bacıları evdə yoxdu. Soruşdu:
– Bu bacılarım hanı?
Dərviş cavab verdi ki:
– Getdilər bağa gəzməyə. Bir az otur, indi harada olsalar gəlib çıxarlar.
Qız oturdu. Bir azdan sonra dərviş bu qıza da üzün tutub dedi:
– Canım qurban, gözüm qurban, dur fırlana-fırlana bir lana küpədən bir az qovurma çıxart, gətir yeyək!
Qız durdu ayağa, gedib elə küpənin ağzını açanda adam ətinin qoxusu onu vurdu. Qız işi anladı, amma heç bir söz deməyib gətirib qoydu ortalığa. Başladılar yeməyə. Qız tikələri bir-bir götürüb salırdı yanına. O saldıqcan da pişiyi də yeyirdi. Dərviş bir azdan qayıtdı ona ki:
– Canım qurban, gözüm qurban, dur fırlana-fırlana bir az su gətir içək!
Qız ayağa duranda dərviş baxdı ki, bu qızdan ət düşmədi. Ətlərin hamısını pişik yemişdi axı. Bunu görəndə dərviş öz ürəyində dedi: hey gidi namərd! Elə mənə layiq arvad budu ki, budu.
Ta onu evə qayıtmağa qoymadı. Gecəni qaldılar, səhər tezdən dərviş dedi:
– Canım qurban, gözüm qurban, mən qırx günün səfərinə gedirəm.
Bacıların gələnəcən heç yana getmə! Ala, bu da otaqların açarları. Otuz doqquz dənədi. Qırxıncı otağın açarı məndədi. Onu açmazsan!
Qız dedi:
– Yaxşı.
Dərviş gedəndən sonra qız başladı otaqları gəzməyə. Otaqlarda o qədər qızıl, gümüş, ləl, cəvahirat var idi ki, ta hədsiz, hesabsız. Otuz doqquz otağın otuz doqquzunu da gəzdi, çatıb qırxıncının qabağına, gördü ki, qapısı bağlıdı. Mazaratın mazaratlığı tutdu. Öz-özünə dedi: yəqin bu otaqda o birilərdəkindən də qiymətli, tamaşalı şeylər var ki, dərviş açarını mənə vermədi.
Qızı maraq çulğadı. Fikirləşdi ki, bunu necə olsa gərək mən hökmən açam. Əlləşdi, vuruşdu, axırı ki, qapını güc-bəla ilə açdı, girdi içəriyə. Gözləri dara sataşanda qızın huşu başından dağıldı. Baxdı ki, bacılarının ikisi də burda saçlarından asılıblar dara. Lap handa handadı ki, nəfəsləri getsin, gəlməsin. Tez yüyürüb ikisini də açdı, yorğandöşəyi salıb yerlərini rahatladı. De bir gün, de iki gün, qızlar yavaşyavaş rəngə-rufa gəlməyə başladılar. Soruşdu ki:
– Bu çonənbər görmüş sizi niyə bu günə salıb?
Qızlar əhvalatı bizim bildiyimiz kimi bacılarına nağıl elədilər. Balaca Mazarat durdu ayağa, bir təlis götürüb qızıldan, gümüşdən doldurdu içinə, özün verdi bir zərgərin yanına.
– Zərgər qardaş, ala bu qızılları, mənə elə bir qutu qayır ki, onun içi üç adam, bir-iki aylıq azuqəsi ilə tutsun. Qutu öz-özünə yerisin. Elə ağır olsun ki, yerdən qaldırmaq mümkün olmasın. Özü də içindən bağlanıb, içindən açılsın.
Zərgər qızılları alıb, qızın dediyi kimi bir qutu qayırdı. Qız bir az yeməli, bir az vəzndə yüngül, qiymətdə ağır şeylərdən götürüb, bacıları da yanına alıb düşdü yola. Qutunun bir xırda pəncərə kimi deşiyi var idi. Bir neçə gün getmişdilər, qız bir də deşikdən baxdı ki, budu dərviş qabaqdan gəlir. Tez qutunun deşiyini örtdü. Doğrudan da dərviş gəlirdi. Baxdı ki, yolda bir qəşəng qutu öz-özünə gedir. Fikirləşdi ki, elə yaxşı oldu. Bunu tutub apararam canım qurban, gözüm qurbanıma.
Yaxınlaşdı, ha əlləşdi, ha əlləşdi, qutunu yerdən qalxıza bilmədi ki, bilmədi.
– Eh, gedib ona bundan da yaxşısını qayırtdıraram – deyib, düzəldi yoluna.
Qızlar yollarına davam etdilər. Az getdilər, çox getdilər, gəlib bir padşahın vilayətinə çıxdılar. Rastrah qutunu sürdülər padşahın həyətinə. Camaat bir də baxdı ki, budu bir dənə qutu gəldi, girdi həyətə. Yığışdılar bu qutunun başına. Ha baxdılar, ha baxdılar, heç şey anlamadılar. Padşah əmr elədi qutunu sındırsınlar. Kiçik Mazarat gördü ki, iş xarabdı, içəridən dedi:
– Biz qaçıb sənə pənah gətirmişik. Əgər qonaq qəbul eləyirsən, qoy burda qalaq, əgər eləmirsən çıxıb gedərik, ta bizim qutunu niyə sındırırsan?
Padşahın oğlu gördü ki, səs qız səsidi. Bildi ki, burda bir iş var. Odu ki, atasından təvəqqe elədi ki, qutunu sındırmasın. Padşahın da gözünün ağı-qarası bir oğlu var idi. Odu ki, onun xətrindən keçmədi. Qutu qaldı.
Qutu hər gün səhər həyətdən çıxıb gedir, gəzir, dolanır, axşam qayıdıb gəlirdi. Padşahın oğlu da həmişə onların dalınca gəzirdi ki, bir təhər eləyib onları bir görsün. Amma qızlar qutudan heç çıxmırdılar deyin padşahın oğlu onları görə bilmirdi.
Bir gün səhər tezdən qutunun içindən belə bir səs gəldi:
– Ay burda olan adamlar, bu qutunun üstünə bir qazan, bir qov, bir daraq, bir az da sabun qoyun!
Padşahın oğlu bunu eşidən kimi əmr elədi hamısını qoydular. Qutu yola düşdü. Padşahın oğlu da vəzirin oğluynan bərabər qarabaqara bunların dalınca gəlib, axırda çatdılar bir meşəyə. Elə ki, qızlar arxayın oldular ki, ta şəhərdən uzaqlaşıblar, burda onları görən olmaz, qutudan çıxdılar ki, su qoyub başlarını yusunlar. Padşahın oğluynan vəzirin
oğlu elə bunları görcək huşları başlarından dağıldı. Bir vaxt ayılıb gördülər ki, qızlar yuyunub da, gedib də, bunlar elə qalıblar meşədə. Oğlanlar ikisi də durub döndülər şəhərə. Səhər tezdən padşahın oğlu gəldi qutunun bərabərinə, dedi:
– Ta bəsdi! Çıxın qutunun içindən! Dünən başınızı yuyanda üçünüzü də görmüşük.
Qızlar gördülər ki, iş açılıb, ta gizlənməkdə bir fayda yoxdu, qutudan çıxdılar. De padşaha, vəzirə xəbər göndərildi, məsləhət, məşvərət, axırda böyük qızı vəzirin oğluna, ortancıl qızı vəkilin oğluna, kiçik Mazaratı da padşahın oğluna aldılar, qırx gün, qırx gecə toy elədilər. Amma kiçik Mazarat elə qorxudaydı ki, dərviş axırda gəlib çıxacaq. Ona görə də padşahın oğlu iki qatlı bir ev tikdirib, qızı yuxarıdakı qatda saxlayırdı. Birinci qatdan ikinci qata çıxan pilləkanın hər pilləsinə o tərəf bu tərəfli iki dənə zınqırov qayırtdırıb qoymuşdu ki, pilləyə ayaq bascaq zınqıldayıb səs salırdı. Pilləkanın bir tərəfinə bir aslan, o biri tərəfinə də bir qaplan bağlatdırmışdı. Eyvanda da həmişə bir bölük əsgər qaravul çəkirdi. Onlar beləcə şad, xürrəm yaşamaqlarında olsunlar, biz görək dərviş necə oldu...Necə ki, demişdik, dərviş səfərdən qayıdanda yolda qutuya rast gəldi. İstədi götürsün, ancaq gücü çatmadı. Bu fikir ilə getdi ki, birini də özü qayırtdırsın. Gəldi, girdi evə, gördü nə qız, nə filan... Tez qaçdı qırxıncı otağa, gördü qapı sındırılıb. Girdi içəriyə nə gördü?.. Bir həsir qalıb, bir də Məmməd Nəsir, oba köçüb yurdu boş. Qızlardan bir əsər yoxdu. Qızıllara baxdı, gördü ki, onlardan da götürülüb. Bildi ki, yolda qabağına çıxan elə onlar özü imiş. De bir az puldan-muldan götürdü, düşdü şəhərbəşəhər axtarmağa. Axtara-axtara gəlib çıxdı həmin bu şəhərə. Axtara-axtara gəlib çıxdı həmin bu şəhərə. Axtaraaxtara gəlib çıxdı həmin bu şəhərə. Ordan, burdan soraqlaşıb öyrəndi ki, bəli, bir belə qutu bura gəlib, içindən də üç qız çıxıb. Bəli, bunu da öyrəndi ki, kiçik qızı padşahın oğlu alıb. Bir neçə vaxt qaldı burda, amma heç bir yol ilə qızın yanına gedə bilmədi. Axırı, günlərin bir günündə gedib bazardan bir az pambıq aldı, iki şaqqa ət aldı, bir az da bihuşdarı alıb gəldi mənzilə. Bu bihuşdarıdan bir az noğul qayırıb tökdü cibinə. Gecə özün saldı bir qaravul sifətinə, girdi qızın keşikçilərinin arasına. O biri cibindəki doğurçux noğuldan bir-ikisini atdı ağzına. Qaravulçulardan biri gördü ki, bu noğul yeyir. Dedi:
– Nə yeyirsən? Mənə də ver!
– Noğuldu, ala, – deyib hərəsinə bir-iki dənə verdi. Qarovulçular noğulları yedilər. Bir az keçməmişdi ki, hamısı bihuş olub yıxıldılar yerə. Dərviş tez qalxdı ayağa. Ətdən bir şaqqa atdı aslana, bir şaqqa atdı qaplana, pambığı bir-bir zınqırovlara basa-basa çıxdı yuxarıya ki, səs olmasın. Padşahın oğlu da çəpindən bu gecə qonaqlıqdaydı. Qız tək oturmuşdu, onun yolunu gözləyirdi. Bir də qapı açıldı, dərviş girdi içəriyə. Qız sapsarı saraldı. Dərviş qızın bir üzünə baxdı, acıqlı-acıqlı dedi:
– Dur, düş qabağıma!
Qızda cavab verməyə taqət olmadı. Durub dərvişin qabağına düşdü. Pilləkanın başına çatdılar. Səhərə az qalırdı, dərviş qıza dedi:
– Düş!..
Qız dedi:
– Vallah, məni gecəynən bura çıxardıblar. Odu ki, heç bilmirəm necə düşüm. Sən yenə bir dəfə çıxmısan, bacararsan. Sən qabaqda get, mən də dalınca gəlim.
Dərviş ayağın qoydu pilləyə. Qız bir o yana baxdı, bir bu yana baxdı, bir ah çəkib dedi:
– Mənə kömək ol, ey sübhi-sadiq! Qarnımdakı sənə nəzir!..
Bir təpik dərvişə vurdu, dərviş yumbalandı. Qız tez qışqırdı:
– Aslan, tut! Qaplan, yırt!..
Aslan tutdu, qaplan yırtdı. Dərvişdən bir tük qaldı, bir sümük...Aradan bir neçə vaxt keçdi. Qızın padşahın oğlundan bir qızı oldu. Qız nə qız... Demə görməmişəm, bir dənə mələk... Qız böyüyüb dörd beş yaşına çatmışdı. Bir gün qapıya üç nəfər adam gəldi. Bunlara hər nə verdilərsə qəbul eləməyib dedilər:
– Gedin, xanıma deyin, nəzirin versin.
Gedib xanıma dedilər ki, hal-qəziyyə belə; üç nəfər adam gəlib, hər nə veririk almırlar. Deyirlər gedin xanıma deyin, nəzirini versin. Xanım qızını geyindirib verdi, götürüb getdilər. Aparıb şəhərdən çıxartdılar kənara. Qızı qoydular yerə, dedilər: gəlin hərəmiz bu qıza bir qarğış eləyək! Birincisi dedi:
– Ay qız, ay qız, səni görüm, ağlayanda yel əssin, tufan qopsun!..
İkincisi dedi:
– Ay qız, ay qız, səni görüm, səni görüm, güləndə ağzından dəstədəstə güllər tökülsün!
Üçüncüsü dedi:
– Ay qız, ay qız, səni görüm, səni görüm, yeriyəndə bir ayağın qızıl kəssin, bir ayağın gümüş!
Qızı güldürdülər, ağzından dəstə-dəstə güllər töküldü. Vurub ağlatdılar, yel əsdi, tufan qopdu, yeritdilər, bir ayağı qızıl kəsdi, bir ayağı gümüş. Qaytarıb apardılar verdilər anasına. Qız yekəldikcə şöhrəti dünyanı tuturdu. Axırda yeddi iqlimə, yeddi suya hökmü keçən bir padşahın oğlu bu qıza elçi göndərdi. Alışdılar, verişdilər, qızı padşahın oğluna verdilər. Bəli, toy qurtardı, kəcavələr bəzəndi, qızı gəlin apardılar. Bu qızın bir dənə mürdəşir görmüş bibisi var idi. Bunun özünə oxşayan bir də bir qızı var idi. O qədər kifir idi ki, üzünə baxan gərək kəffarə verəydi. Ona görə də heç kəs almırdı, qalmışdı evin bucağında. Həmin bu bibisi də öz qızı ilə bərabər bizim qız ilə bir kəcavəyə minib yengə gedirdi. Bir neçə gün yol gedəndən sonra gəlib padşahın şəhərinin yaxınlığına çatdılar. Gecə idi. Qızın bibisi qıza qəsdən evdə bişirdiyi duzlu çörəkdən verirdi. Qız duzlu çörəyi yeyib, susadı, su istədi, bibisi dedi:
– Gözünün birini ver, sənə bir içim su verim.
Qız nə qədər yalvardı, olmadı. Baxdı ki, lap yanır handa-handadı ki, ürəyi çatlasın. Dili ağzında yanıb part-part olub. Çar-naçar razı oldu. Bibisi onun bir gözünü çıxardıb ona bir qurtum su verdi. Bir az keçdi, qız yenə susadı. Bu dəfə də bibisi o biri gözünü çıxardıb bir az da su verdi. Gözlədi, gecənin bir yarısı, qız yuxulayandan sonra, onu soyundurub səssiz, səmirsiz itələyib kəcavədən saldı yerə. Heç kəs də bilmədi. Tez o paltarları geyindirdi öz qızına, ağzına da bir dəstə gül soxdu. Bəli, gəlib çatdılar padşahın imarətinə. Bunları pişvaz elədilər, qurban kəsdilər, atəşbazlıq elədilər. Gecə qızı qatdılar gərdəyə. Padşahın oğlu gördü, ədə, qız damdabacanın biridi. Gəlib bunu güldürdü, ağzından bir dəstə ölüşgəmiş gül düşdü yerə. Ağlatdı heç nə yel əsdi, nə də tufan qopdu. Tutdu əlindən yeritdi. Qızıl, gümüş hayandaydı, heç dəmir də kəsmədi.
Padşahın oğlu iki əlin vurub dizinə dedi:
– Bəli, yaman aldatdılar məni. Görüm hələ dalı nə olacaq.
Bunlar burda belə yaşamaqda olsunlar, bu şəhərdə bir kolçu var idi, gündə çöldən kol çıxardıb aparıb bazarda satardı, gətirib bir təhər külfətin dolandırardı. Bir gün yenə getmişdi kol çıxarmağa, bir də baxdı ki, bir kolun dibindən səs gəlir:
– Ay bura gələn adam, kimsən, məni də apar! Yazıq, kor bir qızam. Acından ölürəm.
Kolçu baxdı ki, gözəl bir qızdı, amma gözləri kordu.
Dedi:
– Bala, səni mən hara aparım? Yeddi qızım var, gücnən dolandırıram.
Qız dedi:
– Kişi, apar məni! Xeyir görərsən.
Kişi dedi:
– Mən səndən nə xeyir görəcəyəm? Özün qız, gözün də kor.
Qız gördü yox, kişi o qədər kasıbdı ki, qorxudan onu aparmayacaq.
Odu ki, dedi:
– Ay kişi, gəl yapış mənim əlimdən, bir az gəzdir, gör nə görərsən.
Kişi yapışdı onun əlindən, bir-iki addım yeritdi, bir də baxdı ki, nə... Qızın bir ayağı qızıl kəsir, bir ayağı gümüş. Tez qızıl-gümüşü ətəyinə yığıb, qızı da qucağına götürüb qaçdı evinə. Bir neçə gün keçəndən sonra qız güldü, ağzından bir neçə dəstə gül töküldü, verdi kişiyə dedi:
– Kişi, apar bunu padşahın həyətinə. Desələr neçə, deyərsən qiyməti bir gözdü.
Qızın bibisi oturmuşdu evdə. Bir də gördü ki, həyətdə gül satılır. Tez düşdü ki, gedib, alıb gətirsin qızın ağzına qoysun.
– Ay kişi, neçə deyirsən?
Kişi cavab verdi ki:
– Bir göz.
Arvad nə qədər elədi, kişi pul ilə vermədi. Arvad axırda məəttəl qalıb, gözlərin birin verib gülləri aldı. Arvad qızın gözlərin çıxardanda atmamışdı, saxlayırdı. Bir neçə gündən sonra qız bir də gülüb, ağzından tökülən gülləri yenə verdi kişiyə. Kişi gətirib satıb bibisindən o biri gözü də aldı. Qız gözlərinin ikincisini də qoydu, gözləri sağaldı, oldu anadangəlmə. Bir gün qəsdən yeridi, bir-iki dənə qızıldan, bir-iki dənə gümüşdən, bir-iki dənə də güldən bir məcməyiyə qoyub Verdi kişiyə, dedi ki:
– Apar, bunu ver padşahın oğluna!
Kişi necə ki, qız demişdi, aparıb verdi padşahın oğluna. Padşahın oğlu dedi, aha, deyəsən burda əngəl var. Dedi:
– Kişi, bunlar sənə hardan?
Kişi dedi:
– Qurbanın olum, bir qızım var. Belə yeriyəndə ayaqları qızılgümüş kəsir, güləndə ağzından dəstə-dəstə gül tökülür.
Padşahın oğlu tez əmr elədi atlandılar, getdilər kolçunun evinə. Gördü qız... nə qız... Suya deyir axma, mən axacağam, aya deyir baxma, mən baxacağam. Soruşdu:
– Qız, sən kimsən?
Qız əhvalatı bütün-bütünə danışdı. Padşahın oğlu onu güldürdü, doğrudan da ağzından gül töküldü. Ağlatdı, yel əsdi, tufan qopdu. Yeritdi, bir ayağı gümüş kəsdi, bir ayağı qızıl kəsdi. Əmr elədi bibisini də, qızını da bağladılar bir dəli qatırın quyruğuna, saldılar dağa. Qatır onları dağa-daşa çapıb öldürdü. Toy quruldu, büsat başlandı, padşahın oğlu qızı aldı. Kolçuya da otaq verib qız öz yanına köçürtdü. Yedilər, içdilər, yerə keçdilər. Siz də yeyin, için, mətləbinizə yetişin! Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də nağıl deyənin. Siz sağ, mən də salamat.