Biri vardı, biri yoxdu, Allahdan başqa heç kim yox idi. Bir Şah Abbas vardı, dərviş-libas gedirdi. Yolda bir kişiynən yoldaş oldu.
Danışa-danışa gedirdilər. Bı kişiyə Şah Abbas dedi:
– Gəlsənə, bı yola bir nərdivan qoyaq?!
Kişi dedi:
– Axmaq dərviş, bırda bizim kərkimiz yox, taxda yox, nəyinən nərdivan qoyax.
Bir müddət getdilər, qabaqları bir çaya çıxdı. Şah Abbas dedi:
– Əşi, gəlsənə, bı çaya bir körpü salax!

Kişi, güldü dedi:
– Ay axmax, bırda bizim kərkimiz yox, baltamız yox. Taxda, odun yox. Nəyinən salax.
Genə ikisi də soyundu çaydan keçdilər. Addadılar çayın o tərəfinə.
Paltarlarını geyindilər, düşdülər yola. Günortayacan yol gəldilər, gəldilər, çıxdılar bir şəhərə. Bı şəhərdə kişinin bir dostu vardı. Bı Şah Abbasa dedi:
– Ağa dərviş, buyur gedək bizə qonax ol.
Gəldilər kişinin evinə. Şah Abbas gördü ki, bı kişinin bir göyçək qızı var. Amma bı qızın gözünün bir tərəfi əyridi. Kişi qızına dedi:
– Bilirsən, bı dərviş necə axmax dərvişdi? Yolda deyir, gətir bı yola bir nərdivan salax. Baltasız, taxdasız nəyinən salax?
Qız dedi:
– Ata, o elə yaxşı deyip. O onu deyip ki, yanı gəl hərəmiz bir söhbət eliyək. Yolu tez gedək, qurtarsın.
– Gəldik bir çayın yanına yenə dedi ki, gəl, bı çaya körpü salax. Orda nəyinən salax körpünü, bir hacatımız yox, taxdanı, odunu hardan alax?
Qız o saat dedi:
– Ata, onu da deyip ki, gəl birimiz soyunsun o birimizi keçirsin. Bir də ikimiz soyunmuyax.
Şah Abbas baxdı gördü bı çox bilikli, ağıllı, kamallı, mərifətdi bir qızdı. Şah Abbas da elə oxurdu ki, yernən, göyünən gedən quş da onun səsin eşidəndə dururdu. Gecə yatdılar.
Səhər açılanda Şah Abbas durdu geyindi çıxdı bazara. Meydan elədi, nə qədər pul almışdı fağıra-füğarıya payladı. Bı əvin də nə xərcdiyi varıdı gətirdi. Ətdən, yağdan, ayın-oyunnan alıp gətirdi. Axşam genə bırda qaldı, xörəklərin yedilər, çaydan-zaddan içdilər, birəz söhbət elədilər, yatmax vaxdı gəldi, yatdılar. Səhər açıldı. Şah Abbas durdu geyindi, çıxdı bazara. Meydan elədi. Aldığı pulu fəqir-füğarıya payladı, artığın da yağa, düyüyə, ətə, nə bilim ayın-oyna verdi, nə lazımdı aldı, gətirdi əvə. Beş gün, on gün bırda qaldı. Hər gün də belə gedərdi, meydan elərdi, pul alardı. Fağır-füğarıya verərdi, artığına da şey alıp gətirərdi əvə.
Bir gün dedi:
– Əşi, gəl Allahın əmriynən şəriyətin qanunuynan bı qızı ver maa.
Bı kişi razı oldu. Getdi bir molla gətirdi, qızın kəbinin kəsdi Şah Abbasa. Bı qızı aldı, on gün bırda qaldı, bir gün dedi:
– Arvad!
Dedi:
– Bəli.
Şah Abbas dedi:
– Bilirsən, nə var? Mən İsfahannıyam. Gedirəm İsfahana, ala bı dəryeyi-nuru. Əyər oğlum olar bağlarsan sağ qoluna, gələr məni tapar. Qızım oldu, xırdalıyıp xərcdərsən. Bir qədər də qızıldan, gümüşdən verdi, xudahafizləşib yola düşdü. Az getdi, çox getdi, dərə-təpə düz getdi, gəldi çıxdı İsfahan şəhərinə. Bı arvad da qaldı öz atasının evində. Bir neçə müddət qaldı. Gördü ki, bəli, boyuna uşax düşüp.
Vaxt oldu ki, bı arvad bari-həmlin yerə qoydu. Gəldi bının bir oğlu oldu. Adın qoydılar İbrahim. Gəldi, bir yaşınnan iki yaşına, iki yaşınnan üç yaşına, yeddi yaşına yetişdi. Bını qoydular məktəbə. Bı oxudu. On iki yaşına çatınca, bir gün məktəbdə uşaxdarnan dalaşdı, uşaxlar bına dedilər, ə, bıra bax, sənin dədən yoxdu ha.
Bı sözdən sora çox bekaf, məlul, ağlıya-ağlıya gəldi anasının yanına.
Anası dedi:
– Bala, niyə bekafsan?
Dedi:
– Ana, mənim atam hardadı?
Anası dedi:
– Bala, bəs bıdı sənin atan, dayna.
İbrahim dedi:
– Xeyr, o sənin atandı, bəs nətər mənim dədəmdi ki, sən də dədə deyirsən, mən də? Düzün deməsən, özümü öldürəcəyəm.
Anası gördü, xeyr, İbrahim durmuyacax, dedi:
– Bala, sənin atayın adına dərviş Abbas deyəllər. Özü də isfahannıdı.
İsfahanda olur.
İbrahim dedi:
– Onda mənim heybəmə birəz ayınnan-oyunnan qoy, mən gedəcəyəm atamı tapam.
Arvad dedi:
– Bala, onda gətir, bı dəryeyi-nuru bağlıyım qoluna.
İbrahim dedi:
– Bağla, nə deyirəm, ana!
Anası dəryeyi-nuri bağladı İbrahimin sağ qoluna. Bınnar xudahafizləşip, halallaşıp, öpüşüp, qucaxlaşıp ayrıldılar.
İbrahim düşdü yola. Az getdi, çox getdi, dərə-təpə düz getdi.
Dərələrdən yel kimi, təpələrdən sel kimi, acı biyannıx, çax-çax qamışdıx, gəldi çatdı İsfahana. Qərib adamıdı, gəzdi bəyənə-oyənə.
Gəldi bir aşbaza şəyirt oldu. Gündə xörək bişirərdi, bının da əlinin altında dolanardı.
Aşbaz baxdı gördü gündə yüz tümən qazanırdısa, indi İbrahim gələnnən, gündə iki yüz manat nəfi olur. Öz-özünə deyirdi:
– Allah, sənə şükür. Nə yaxşı, bı gəldi çıxdı. Bını mana hardan yetirdin?
Məhəmməd bı hesab ilə bir aya kimi bının yanında qaldı. Aşbaz baxdı gördü, elə bı aşbazxanıya kim girir, İbrahimi görür, oturur ta getmək bilmir. İbrahim çox göycəh, çox ağıllı-kamallı bir uşaxdı.
Əlinnən də hər nə xörək desən, gəlirdi. Elə xörəklər bişirirdi ki, ətirinnən aləm doyurdu.
Bir gün vəzir Allahverdi xanın qızının xidmətində qırx incə qız dururdu. Bı qız bı qırx incə qızın birin çağırdı, pul da verdi, bir qab da verib dedi:
– Gedərsən filan aşbazdan maa bir qab xörək alıp gətirərsən. Bı xörəyi yeyə bilmirəm. Dihsinmişəm.
Qarabaş gəldi İbrahimi gördü. O qədər ağlı başınnan çıxdı ki, xörək yadınnan çıxdı. O qədər bırda oturdu ki, xörəy tamam qurtardı.
Camahat dağılıp gedəndə bı da durdu yavaş-yavaş, boş atıla-atıla gəldi qızın yanına. Qız istədi bını döysün. Dedi:
– Vallah, mən görəni sən görsən, bəlkə sabah da gəlməzdin.
Başdadı, bı oğlanı o qədər təriflədi ki, qızın ağlı başınnan çıxdı.
Səhər dedi:
– Qızdar bir başmağı qoyun, bu gün sehrə çıxasıyam.
Qızlar başmağı qoydular, geyindi getdi aşbazın dükanının qabağına. Gözü oğlanın üzünə sataşdı. O saat bir könüldən min könülə aşıx oldu, ta getmədi heç yerə. Yoldan yarımçıx qayıtdı. Gəldi əvə. Qarabaşdara dedi:
– Bir kankan tapın, gətirin bıra.
Qarabaşdar gedip bir kankan gətirdilər qızın yanına. Kankan dedi:
– Xanım, nə buyurursunuz?
Dedi:
– Usta, nə vaxta kimi bırdan filan aşbazın dükanının lap ortasına bir lağım vırarsan?
Usta dedi:
– İki günə.
Qız dedi:
– Onda, bı olmadı, sən çıx get!
Bı getdi.
Qızdara dedi:
– Gedin, bir ayrı kankan tapın gətirin.
Qızdar gedip bir ayrı kankan tapdılar, gətirdilər qızın qulluğuna.
Kankan dedi:
– Xanım, nə buyururdunuz?
Qız dedi:
– Neçə günə bırdan filan aşbazın dükanına bir lağım ata bilərsən?
Kankan dedi:
– Torpağımı çölə atan olsa, sabah qurtarram.
Dedi:
– Onda usda bı tutmaz. Çıx get.
Kankan getdi. Qız qarabaşdarı çağırdı dedi:
– Gedin, bir başqa kankan gətirin.
Qarabaşdar gedip bir başqa kankan gətirdilər.
Kankan dedi:
– Xanım, nə buyurursan?
Qız dedi:
– Usta, bırdan filan aşbazın dükanına neçə günə lağım atarsan?
Kankan dedi:
– Bəli, əyər, torpağımı atan olsa, bı gecə açaram.
Qız gətirdi bınnan danışdı. Haqqı nə qədər isə verdi. Qarabaşdarı da bının qulluğuna verdi. Dedi:
– Di, sən işində ol.
Kankan işə başdadı. İbrahim oturmuşdu, gördü otaxın içinnən bir tıppıltı gəlir. Bənə-ənə baxdı. Bir də gördü, otağın ortasınnan bir baş çıxdı. Gəldi, genə qayıtdı, getdi.
İbrahim qaldı belə öz-özünə fikir eliyirdi ki, bı nə olan işdi. Qız da bir qarabaş göndərdi ki, İbrahim, bı gecə maa qonaxsan. İbrahim belə fikirdə, bir də gördü, qapı açıldı. Bir qız girdi içəri, dedi:
– İbrahim, xanım deyir, maa qonaxdı bı gecə.
İbrahim durdu, qarabaşınan gəldi. Xanım bına yer göstərdi, oturdular başdadılar söhbətə.
Səhər Şah Abbasın oğlu dərviş-libas gəldi çıxdı həmən aşbazın dükanına. İçəri girdi. Gördü bir oğlan var ki, nətər. Xörəylərin iyinnən adamın qarnı doyur. Xörəkdən-zaddan yedi. Çıxdı getdi. Şah Abbas da gəldi həmən aşbazxanıya. Gördü bırda bir oğlan var. Nətər baxdı gördü bir paçcahyana adamdı. Bı oğlana aşıx oldu. Qaldı bırda. Gecə gördü vəzir Allahverdi xanın qızının qarabaşı gəldi bıra ki, İbrahim bəs niyə gəlmədin? Bı dedi:
– Qonağım var.
Qız getdi, xanıma xəbər verdi ki, belə deyir. Qız dedi:
– Get, denən qonağın da gətirsin.
Qız gəldi, İbrahimə dedi. İbrahim durdu, Şah Abbası da götürdü, getdilər qızın qulluğına. Şah Abbas baxdı gördü, bı, vəzir Allahverdi xanın qızıdı. Səhər açıldı. Şah Abbas gəldi vəzir Allahverdi xanın yanına. Dedi:
– Dur gedək, filan yerdəki aşbazxanıya.
Gəldilər aşbazxanıya, gecə qaldılar. Bir də gördülər bir qız girdi içəri dedi:
– İbrahim, bəs niyə gəlmirsən?
Dedi:
– Get, xanıma denən, iki qonağım var.
Qız xanıma xəbər apardı.Dedi:
– Get, denən, qonaxların da gətirsin.
İbrahim dedi:
– Durun gedək. Bılları da götürdü, getdilər, qızın qulluğına.
Yolda Şah Abbas vəzir Allahverdi xana dedi:
– Əyər dinərsənsə, boynunu vırdırraram.
Gəldilər qızın qulluğına. Vəzir Allahverdi xan gördü öz qızıdı. Ta Şah Abbasın qorxusunnan dinə bilmədi. Qayıtdılar, gəldilər aşbazxanıya. Sabah Şah Abbas qırmızı geydi, çıxdı taxda. Əmr elədi ki, filan aşbazın şəgirdin gətirin bura. Getdilər, gətirdilər.
Şah Abbas dedi:
– Cəllad gəlsin.
Cəllad gəldi. Şah Abbas əmr elədi ki, vırın bının boynun. Cəlladdar bını soyundurdular. Dəryeyi-nur çıxdı. Cəlladdar bı dəryeyi-nurun üsdə dava saldılar. O dedi dəryeyi-nur mənimdi, bı dedi dəryeyi-nur mənimdi.
Şah Abbas eşitdi, dedi:
– Nədi o?
Cəlladdar dedi:
– Bir dəryeyi-nurdu.
Şah Abbas dedi:
– Ay aman, onu öldürmüyün. Gətirin bıra.
İbrahimi gətirdilər Şah Abbasın yanına. Dəryeyi-nura baxdı.
Gördü həmən özü verdiyi dəryeyi-nurdur. Şah Abbas vəzir Allahverdini çağırdı, dedi:
– Bı mənim oğlum, o da sənin qızın. Allahın əmriynən verək birbirinə.
Vəzir Allahverdi xan bir molla çağırtdırdı. Qızın kəbinin kəsdirdi İbrahima. Qırx gün, qırx gecə toy eləyip qızı köçürdülər. O yedi, yerə keçdi, siz də yeyin, dövrə keçin. Göydən üç alma düşdü. Biri mənim, biri özümün, biri nağıl deyənin.

Top