Biri var idi, biri yox idi, bir qoca kişi var idi. Bu qoca kişinin bircə sözü var idi, hər kəsi görsə ona deyərdi: “Yaxşılara yaxşılıq eylə, pislərə öz pislikləri kifayətdi”.
Bir gün padşah səfərdən gəlirdi. Yolda bu qocaya rast gəldi. Padşah çox tədbirli adam idi. Gördü ki, bu qoca öz-özünə danışır. Padşah atını onun yanına sürüb dedi:
– Ay qoca, öz-özünə nə danışırsan? Olmaya bir dərdin var?

Qoca padşahın üzünə baxıb dedi:
– Ey padşah, yaxşılara yaxşılıq elə, pislərə öz pislikləri kifayət edər.
Padşah bu sözü çox bəyəndi, dedi:
– Qoca, bu sözü sabah gəlib mənim yadıma salarsan.
Padşah yola düşüb getdi.
Sabah oldu, qoca durub getdi padşahın qapısına, padşah da qapıçılara tapşırmışdı ki, bu sifətdə, bu libasda bir qoca gələcək, onu mənim yanıma buraxarsınız. Qapıçılar da qocanı içəri buraxdılar. Qoca girdi padşahın hüzuruna, dedi:
– Ey padşah, yaxşılara yaxşılıq elə, pislərə öz pislikləri kifayət edər.
Padşah ona bir söz demədi. Qələmi aldı, bir kağıza bir neçə kəlmə qaraladı, möhürlədi, verdi qocaya, dedi:
– Aparıb verərsən burda yazılan şəxsə, sabah gələrsən bu sözü mənim yadıma salarsan.
Qoca möhürlü kağızı aparıb çatdırdı yazılan adama. Gördü ki, çox böyük adamdı. Kağızı açdı oxudu, gördü padşah yazıb ki: “Hərgah məni istəyirsən, bu qocaya bəxşiş verərsən”. Haman böyük adam qocaya çoxlu mal-dövlət verib yola saldı.
Bu qocanın da bir xasiyyəti vardı ki, əlinə nə düşsəydi, qabağına çıxan fağırlara paylardı. Bu verilən mal-dövləti oradaca payladı yetimə-yesirə. Sabah oldu, qoca kişi getdi padşahın hüzuruna, dedi:
– Ey padşah, yaxşılara yaxşılıq elə, pislərə öz pislikləri kifayət edər.
Padşah genə qələmi götürdü. Bir kağıza bir neçə kəlmə qaraladı, möhürlədi, verdi qocaya, dedi:
– Apar ver adı yazılana, sabah genə gəl mənim yanıma, bu sözü mənim xatirimə sal.
Qoca kağızı götürüb apardı sahibinə, genə gördü çox mötəbər adamdı. Bu adam kağızı açdı, gördü, yazılıbdır ki: “Hərgah mənim xatirimi istəyirsən, bu qocaya bəxşiş verərsən”.
Bu adam da dünənki adam kimi, qocaya çoxlu mal-dövlət bağışladı, razı edib saldı yola.
Qoca da öz adəti ilə bu mal-dövlətin hamısını payladı qabağına çıxan şil-kütə.
Bu tərəfdən sizə xəbər verim padşahın qapı vəzirindən.
Bu vəzir çox nanəcib adam idi. Bir kişiyə yaxşılıq olmasına razı olmazdı, peşəsi ondan-bundan padşaha yalan xəbərçilik etmək idi. Elə ki, gördü qocaya padşahın çox iltifatı var, xainliyi tutdu, bir hiylə eləmək
fikrinə düşdü. Gəlib padşaha dedi:
– Haman qoca ki, sənin hüzuruna gəlib-gedir, kənarda belə deyir ki, padşahın ağzından pis iy gəlir.
Elə ki padşah bu sözü eşitdi, çox qəzəbləndi, dedi:
– Hərgah bu sözü qoca demiş olsa, mən ona elə tənbeh elərəm ki, başqasına da ibrət olar. Amma qocadan belə nalayiq söz çıxmaz.
Vəzir dedi:
– Bu işi imtahan edərsən, hərgah doğru olmazsa, mənə cəza verərsən.
Doğru olsa, qocaya cəza verərsən.
Padşah qəbul etdi.
İndi xəbər verim vəzirin hiyləsindən. Qocanın adəti idi, genə sabah tezdən padşahın hüzuruna gəlməyə üz qoydu. Vəzir onu yolda görüb dedi:
– Ay qoca, görürəm sən yaxşı adamsan, padşahın da sənə hörməti var, nə olar ki, bizim də evimizə təşrif gətirib bir loğma çörəyimizi qəbul edəsən.
Qoca bu sözü qəbul edib getdi vəzirin evinə. Vəzir ona çoxlu sarımsaqlı xörəklər verdi. Sarımsağın qoxusundan ona yaxınlaşmaq olmurdu.
Qoca xörəyi yeyib getdi padşahın hüzuruna. Padşah imtahan etmək üçün qocanı yaxın gəlməyə çağırdı. Qoca ağzından sarımsaq qoxusu gəldiyinə görə padşahdan kənar durmaq istədi. Padşah genə çağırdı.
Qoca yaxınlaşdı, amma əli ilə ağzını örtdü. Padşah bu hal ilə vəzirin sözünə inandı.
Padşahın bir xasiyyəti var idi ki, o əsla cəza üçün yazı yazmazdı, həmişə yaxşılığa əmr yazardı. Cəzanı katiblər yazardı. Amma bu dəfə çox qəzəbli olduğundan özü kağız götürdü, şəhər hakiminin üstünə yazdı:
– Bu kağızı gətirən adamı iki şaqqa edib şəhərin darvazasından asdırarsan və üstünə yazarsan ki, böhtan atan adamın cəzası budu.
Kağızı genə möhürlədi verdi qocaya. Qoca çıxdı getdi. Vəzir baxdı gördü ki, qoca genə əlində kağız gəlir, belə güman etdi ki, bu kağızı da padşah bəxşiş üçün yazmışdır. Vəzir tamahkar bir adam idi, tamah ona güc verdi. Qocadan o kağızı almaq məqsədilə dedi:
– Ey qoca, padşahın sənə hörməti çoxdu, olar ki, o kağızı verəsən mənə, bəxşişi bu dəfə də mən alım?
Qoca dedi:
– Ey vəzir, mənə dünya malı lazım deyil, mən bu dövləti alıb acyalavaclara paylayıram. Budu, al kağızı, apar bəxşişi al.
Vəzir kağızı aldı, düşdü yola. Çatdı şəhər hakiminin yanına, padşahın kağızını ona verdi.
Şəhər hakimi elə ki, möhürü açdı, kağızı oxudu, təəccüblə vəzirə baxdı. Vəzir çox şadlıq ilə bəxşiş gözləyirdi ki, tərsinə çıxdı, birdən hakim əmr elədi, vəziri tutub qolunu bağladılar. Vəzir halı belə görəndə ağlayıb dedi:
– Ey hakim, bu iş səhv olub, o adam mən deyiləm, başqa adamdı.
Padşahdan soruş, sonra məni öldürt. Hakim dedi:
Mən padşahın əmrini poza bilmərəm, mənə borc deyil ki, padşahdan soruşam. Padşah yazıb ki, bu kağızı gətirən adamı iki şaqqa edib şəhər darvazasından asarsan. Mən də borcluyam əmri yerinə yetirəm.
Hakim əmr elədi vəziri iki şaqqa edib şəhərin darvazasından asdılar.
Üstünə də yazdılar ki: “Böhtan deyənin cəzası budu”.
İndi xəbər verək padşahdan. Padşah eşitdi ki, şəhərdə bir adam iki şaqqa edilibdir. Qoca yadına düşdü. Çox qəmləndi. Tutduğu işdən peşman oldu. Sabah çox məyus oturmuşdu, bir də gördü ki, genə qoca girdi içəri, dedi:
– Ey padşah, yaxşılara yaxşılıq elə, pislərə öz pislikləri kifayət edər.
Padşah çox təəccüb elədi, dedi:
– Ey qoca, bu necə əhvalatdı? Səni öldürməyiblərmi?
Qoca dedi:
– Məni niyə öldürsünlər, padşah sağ olsun?
Padşah dedi:
– Dünənki kağızı kimə verdin?
Qoca dedi:
– Dünən kağızı məndən qapı vəziriniz istədi. Mən də verdim ona ki, bəxşişi o alsın.
Padşah o saat başa düşdü ki, şaqqa vurulan vəzirdi. Padşah dedi:
– Bəs dünən səni mən çağırdım. Sən nə səbəbə mənim yanıma gəlmək istəmədin? Gələndə də əlinlə ağız-burnunu örtdün?
Qoca əhvalatı ona nağıl eləyib dedi:
– O işə səbəb o idi ki, qapı vəziri məni qonaq edib çoxlu sarımsaq yedirtmişdi. Mənim ağzımdan sarımsaq qoxusu gəlirdi. Ona görə də əlimlə ağzımı örtdüm ki, iy sizə getməsin.
Elə ki padşah əhvalatı tamam öyrəndi, bildi ki, bu işlər vəzirin hiyləsi imiş, qocanın günahı yox imiş. Qocaya öz xəzinəsindən çoxlu mal, dövlət bağışladı, dedi:
– Qoca, daha zəhmət çəkib mənim hüzuruma gəlmə, çünki daha sən dediyin sözlərin nəticəsini gördüm.

Top