Gülüzarı məba gözüm bir gülə düşdü, Alı xalası sünbülə düşdü. Əfsuseyr dərdim dildən-dilə düşdü. Hər aşiqi-şeyda özün yara yetirdi. İqbalı zəmin oldu, bizimki də belə düşdü.
Hamam hamam içində, qoz girdəkan içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Xəlbir saman içində, qarışqa şıllaq atdı, dəvənin boynu batdı.
Biri vardı, biri yoxdı. Allahdan başqa heç kim yoxdı. Sizə kimdən xəbər verim, Misir şəhərindən. Misir şəhərində bir paçcah vardı, çox əzazil, çox dindardı. Misir şəhərində bir dülgər, bir də bir zərgər vardı. Bu dülgər getmişdi qəribliyə. Bu zərgarın gözü bu dülgərin arvadına düşmüşdü.
Bir qarı vardı. Qarı var ipəkdi, qarı var köpəkdi, qarı var iman, Quran nəsib olsun, qarı da var ilan, qurbağa nəsib olsun. Bu qarı köpək qarıdandı.
Bu qarını zərgər göndərdi dülgərin arvadının yanına, beş yol, on yol göndərdi, axırda arvadı ələ gətirdi, bu arvadı aldı.
O dülgər də gəldi, çıxdı. Dedi:
– Arvad mənimdi.
Zərgər dedi:
– Xeyr, mənimdi.
Bu ikisinin arasında dava düşdü. Bu dedi arvad mənimdi, o dedi arvad mənimdi. Bunlar hər ikisi durdular getdilər paçcahın yanına şikayətə. Paçcahın bir oğlu vardı, İbrahimim adda. İbrahim dedi:
– Atayi-mehriban, bunları ürcah elə mənə, mən bunların davasın kəsim.
Dedi:
– Yaxşı!
Bunları ürcah elədi İbrahimə. İbrahim dedi:
– Siz hərəniz bir şey qayırın gətirin mənə. Hansınızın qayırdığı şey yaxşı olsa, arvad onundu.
Bunlar razı olub getdilər.
Səhər zərgər qızıldan bir xoruz qayırdı. Xoruz başladı otaqda gəzə-gəzə bannamağa. Dülgər də taxtadan bir at qayırdı. Mindi, pucun burdu, başdadı at da otaqda o yana-bu yana getməyə.
İbrahim baxdı dedi:
– At yaxşıdı, arvad dülgərindi.
Ata mindi, pucun burdu, at İbrahimi götürüp qalxdı göyə. Göydə İbrahim xeylaq gedənnən sora baxdı gördü bir şəhərdə işıq gəlir. Bu işığı nəzərə alıp getdi. Bu şəhərin qırağında düşdü. Gördü şəhərin qırağında bir ev var. Getdi gördü burda bir qarı var.
Dedi:
– Qarı nənə, oğuldan, qızdan nəyin var?
Qarı dedi:
– Bala, heç zadım.
İbrahim dedi:
– Qarı nənə, məni götür oğulluğa, mən də olum sənin oğlun.
Qarı dedi:
– Nolar bala, çox yaxşı.
İbrahim hər gün çıxır bazara, ayınnan-oyınnan alıp gətirir qarıynan yeyirdilər. Bir gün İbrahim şəhərdə gəzirdi. Gördü bir ev var, qalxıp ərşi-fələyə, amma heç bunun yolu yoxdu. Qayıtdı evə, çörəyi gətirdi, axşam çörəyi yeyip qurtarannan sora dedi:
– Qarı nənə!
Qarı dedi:
– Hey...
Dedi:
– Qarı nənə, o necə imaratdı ki, heç yolu yoxdu?
Qarı dedi:
– Bala, o paçcahın qızının evidi, ona yol paçcah öz evinin içinnən qoyub. Onu hələ eləyib ki, heç kəs qızı görməsin.
İbrahim gecə həmən atı minib çıxdı imarətin üstünə, yavaşca endi eyvana. Pəncərədən tamaşa elədi, gördü ki, bir qızdı yatıb, dodaqlar yazın baharı kimi, yanaqlar yaqutun kənarı kimi, dişləri inci mirvari kimi, nazik bədən... Bir qızdı ki, Allah-taala xoş gündə, xoş saatda yaradıb.
İbrahim baxdı gördü qızın barmağında bir üzük var, adı da üstünə yazılıdı. Qızın da adı Nazik bədən idi. O üzüyü çıxartdı qızın barmağınnan, öz üzüyün saldı qızın barmağına. Qızın o üzünnən, bu üzünnən öpdü. Yavaşca qapını açıp çıxdı, atı mindi, gəldi öz evlərinə.
Səhər qız durdu, bədənnümə güzgüyə baxdı. Gördü üzünə ləkə düşüb; üzüyü də dəyişib, öz üzüyü yoxdu. Bu üzüyün də üstə yazılıp “Misir paçcahının oğlu İbrahim”. Qız buna çox təəccüb elədi ki, bunun yolu yox, bəs bu hardan gəlib. Bu gecə yuxusuna haram qatıb yatmadı.
Gördü ki, otağın üstə bir şey tappıldadı. Qapı açıldı, içəri bir oğlan girdi ki, Allah-taala onu xoş gündə, xoş saatda yaradıp. Nazik bədən bu oğlana bir könüldən min könülə aşıq oldu. İbrahim istədi qızın üzünnən öpsün, qız yapışdı İbrahimin qolunnan dedi:
– Ləvənd oğlu, ləvənd, nə həddinən bura gəlmisən? Hardan gəldin bura, bıranın yolu yoxdu.
İbrahim dedi:
– Atnan gəldim.
Qız dedi:
– Bəs atın hanı?
İbrahim dedi
– Bıdı, bırda.
Dedi
– İndi ki belə oldu, bağışlayıram səni. Bəs indi neyniyək, apara bilərsənmi məni gedək?
İbrahim dedi:
– Bəli, aparram.
Atın pucun burdular, qalxdılar göyə. Bəli, göynən bir müddət getdilər.
Qız dedi:
– İbrahim, mən üşüyürəm.
İbrahim tez atın puçun burdu, düşdülər yerə. Gördülər bura bir qəlbi dağın başıdı. İbrahim baxdı, gördü uzaxda bir işıq gəlir, dedi:
– Sən otur burda, gedim mən saa od gətirim.
Mindi ata, puçun burdu, qalxdı göyə. Atı sürdü bu işıq gələn yerə.
Getdi gördü bu bir dəmirçidi. Dedi:
– Usta dəmirçi, ala bu sənin pulun, maa bir maşa çək.
Usta dəmirçi bir maşa çəkib verdi buna. Bu maşada bir oddu kömür götürdü, atı mindi qalxdı göyə. Göydə yel vırdı bir qığılcım düşdü atın puçuna, alışdı. Yavaş-yavaş gördü at yenir aşağa. Nətər elədi olmadı, gördü düşdü yerə. Atın puçu alışdı yandı. İbrahim çox peşman oldu ki, xalqın qızın da yurdunnan-yuvasınnan elədim, gətirdim.
İndi görən o dağın başında qurd yeyəcək, canavar yeyəcək. Çox kor-peşman qaldı.
İbrahim qalsın bırda, sizə kimnən xəbər verim qızdan. Qız o qədər qaldı burda, gözdədi, gözdədi, gördü İbrahim gəlmədi. Gördü hava alatordu, ta səhər açılır. Burda heç kəs yoxdu, amma böyründə səsküy gəlir. Yavaş-yavaş getdi, gördü bu bir cütçüdü cüt əkir. Cütçü baxdı, gördü bir qız gəlir çim qızıl-gümüşün içində. Paçcahyana bir qızdı. Qız gəldi, dedi:
– Ay cütçü, Allah qüvvət versin. Ay cütçü, acdığım var.
Dedi:
– Bir az bırda dur, evim yaxındı, gedim çörək gətirim.
Cütçü özün evinə sarı verdi ki, getsin çörəyi gətirsin. Qız fikirləşdi ki, acdıqdan yaxşı mənim burdan qaçıb bir yana getməyimdi. Cütçü getdi, qız durdu yavaş-yavaş ağzın çevirdi bərri-biyabana. Gün çıxınca bu gəldi bir meşiyə çıxdı. Gün batınca burda daldalandı. Axşam qarannıx düşəndə meşədən çıxdı. Bir müddət gəldi, gəldi çıxdı bir dəyirmana.
Girdi dəyirmana. Gördü dəyirmançı təkdi, dənin qabağın çəkir.
Dedi:
– Ay dəyirmançı, aclığım var!
Dəyirmançı baxdı gördü bu bir qızdı, Allah-taala xoş gündə, xoş saatda yaradıb. Özü də çim qızılın içində.
Başın qalxızdı, dedi:
– Bu saat, otur.
Qız oturdu. Bu dəyirmançı gətirib bir kömbə saldı. Qıza verdi. Qız gördü ki, dəyirmançının fikri başqa yerdədir, əlinə qab almaq bəhanəsiylə çıxdı çölə, qaçdı. Asta qaçana imam qənim. O qədər gəldi ki, gəldi çıxdı bir çobana ürcah oldu. Çoban gördü bir qız gəlir, çim qızılın içində. Çoban dedi:
– Allah mənimkin yetirip.
Qız gəldi, dedi:
– Çoban, acıdın çobana, yoruldun sarvana! Aclığım var.
Çoban gətirip tez bir qoyun kəsdi. Ətin bişirib yedilər. Qız dedi:
– Çoban, bilirsən nə var?
Çoban dedi:
– Xeyr.
Qız dedi:
– Çoban, məni belə aparsan, paçcahınız məni belə görüb sənin əlinnən alacaq. Gətir paltarının bir dəsdin soyun ver maa.
Bir qoyunun da qarnın təmiz boşaltdı yerə, saçın yığdı, qarnı geydi başına. Çobanın da bir dəst paltarın geyib dedi:
– Çoban, sən qoyunu qabaqdan çək, mən də daldan yığım.
Bu çoban sürünü çəkdi, bu qız da daldan qoyunu yığdı. Çoban, sür!
Çoban sür! – deyə-deyə bir müddət getdi, bir müddətdən sora ağzın çevirdi bərri-biyabana, gəldi o qədər ki, çıxdı bir şəhərə. Gördü şəhər əhalisi yığışıb meydana sarı gedir. Bu da düşdü bunların yanına. Gedirdilər, bu birinnən soruşdu ki, bu adamlar hara gedir, nə var, nə olub?
Dedilər, paçcahımız ölübdü. İndi dövlət quşu uçurdurlar, hər kəsin başına qonsa, onu paçcah eləyəcəklər. Getdilər meydana, bu da çəkilip bir tərəfdən durmuşdu. Quşu uçurdular. Gəldi bunun başına qondu.
Bunu adamın içinnən qavdılar ki, ay keçəl, sən hardan gəldin bura?
Genə uçurdular, genə hərrəndi gəldi bunun başına qondu. Üç dəfə gəldi. bunun başına qondu.
Dedilər:
– Gətirin, bunu paçcah eliyək.
Gətirdilər bunu paçcah elədilər. Gördülər bu bir paçcahdı ki heç belə paçcah olmıyıp. Xülasə, camahat şükür səna elədilər ki, nə yaxşı belə yaxşı paçcah olub.
Bu burda qalsın, sizə kimnən xəbər verim bu qızın atasınnan. Səhər açıldı, bu qıza xörək göndərdi. Qarabaşlar xörəyi qaytardılar ki, qız yoxdu. Paçcah fikir elədi, dedi:
– Əyər bu otağın bir yerə yolu yoxdu, bunu göyə apardılar, nə oldu?
Münəccim gətirtdi. Münəccim baxdı, dedi:
– Qızı göyə aparıblar. Amma qız sağdı.
Paçcah səhər bir dəst dərviş libası alıp dedi:
– Gərək dünyanı gəzəm, görüm qız nə oldu.
Dərviş-libas olub düşdü gəzməyə. İbrahim da burda dərviş-libas olub gəzirdi. Cütçü də bir dərviş libası aldı, başladı gəzməyə. Dəyirman çı da bir dəst dərviş libası alıb düşdü yola. Çoban da qoyunu yığdı apardı, gördü gəlmədi. Bu da dərviş-libas oldu.
Bunlar burda qalsın, sizə xəbər verim qızdan. Qız bir gün dedi ki, burda bir naqqaşkar olarmı ki, mənim hərəmimin şəklin çəksin? Dedilər:
– Olar.
Getdilər bir naqqaşkar gətirdilər. Naqqaşkara dedi ki, gəl, o qapıdan mənim hərəmimin şəklini çək.
Özü çəkildi aynanın qabağına. Başdadı özünə bir zinyət vurdu ki, heç olmayan kimi. Gəldi durdu o qapıdan, naqqaşkar bunun şəklini çəkdi. Bu tez soyunub paçcahlıx paltarın geydi. Dedi:
– Bu şəkli aparın vırın ala qarıya, hər kəs ona baxıb ah çəksə gətirin mənim yanıma.
Bir gün bunun öz atası gəldi. Bu qızının şəklin burda gördü. Ah çəkdi. Bunu gətirdilər paçcahın yanına. Dedi:
– Əşi, niyə ah çəkirsən?
Dedi:
– Heç.
Aşbaza dedi ki, buna yaxşı muğayat olun.
Bir günləri də İbrahim dərviş-libas gəlib şəkli gördü: Ah çəkdi.
Bunu da tutub gətirdilər. Paçcah dedi ki, yaxşı muğayat olun, bunlara.
Onun sabahı günü cütçü gəldi çıxdı. Onun sabahısı günü də dəyirmançı gəldi çıxdı, onun sabahı günü çoban gəldi çıxdı. Paçcah bunların hamısın yığdı gətirdi öz mənzilinə. Üzün tutub atasına dedi:
– A kişi, ona niyə baxıb ah çəkdin?
Dedi:
– Qibleyi-aləm, o mənim qızımıdı; o bir otaqdeydi ki, heç bir yerdən yolu yox idi. Yolu mənim evimin içinnən idi. Xurd-xörəyi də mənim evimnən gedərdi. Bir gecə yatdıq, səhər xurd-xörəyin göndərdim.
Dedilər qız yoxdu. Nə qədər fikir elədim, bu necə oldu, bilmədim. Münəccim gətirtdim, münəccim dedi ki, qızı göyə aparıblar, ancaq sağdı. İndi dərviş-libas olub onu gəzirəm. Şəklin burda gördüm, ah çəkdim.
İbrahim dedi:
– Bizim səhərdə bir dülgər vardı, bir zərgər. Bu dülgər getmişdi qəribliyə. Bu zərgərin gözü düşdü dülgərin arvadına. Dülgərin arvadın axırda yola gətirdi. Bunu aldı. Axırda dülgər gəldi. Bu ikisinin arasında dava düşdü ki, bu dedi arvad mənimdi, o dedi arvad mənimdi. Axırda gəldilər dədəmin yanına. Atama dedim ki, bunların ixtiyarın ver maa, mən kəsim bunların davasın. Atam verdi. Dedim ki, hərəniz bir qəribə şey qayırın maa. Hansınızınkı yaxşı olsa, arvad onundu. Bunlar razı oldular.
Dülgər bir at qayırdı. Puçun buranda bu at başladı gəzməyə. Zərgər qızıldan bir xoruz qayırdı. Başdadı bannamağa, gəzməyə.
Dedim, at yaxşıdı. Arvad dülgərindı. Bunların davasın kəsdim. Bu atı mindim qalxdım göyə, gəldim bir qarının evinə. Ona oğulluq elədim. Bir ay dolandım. Bir gün gördüm bu şəhərdə bir imarət var, heç yerdən yolu yoxdu. Getdim qarı nənəmnən soruşdum ki, qarı nənə, o ev kimin evidi. Dedi ki, bizim paçcahın evidi. Orda onun qızı olur. Heç yerdən ora yol yoxdu. Yolu onun öz evinin içindəndi. Gəldim atı mindim, getdim o imarata çıxdım. Qızın barmağında bir üzük var idi.
Onu çıxartdım, öz üzüyümü də onun barmağına taxdım. O üzündən, bu üzündən öpdüm. Qayıtdım. Qız səhər durur, görür üzünə ləkə düşüb, üzük də barmağında dəyişilib. Qız o gecəni yatmır, oturur. Genə atı mindim getdim düşdüm otağın üstə. Ordan da düşdüm eyvana, girdim içəri. Qız dedi:
– İbrahim, hardan gəldin? Nətər gəldin?
Dedim ki, atnan. Dedi ki, məni də apara bilərsənmi? Dedim, aparram.
Mindik ata, o qədər gəldik ki, bir yerdə qız dedi ki, üşüyürəm.
Yendik yerə. Gördüm bir təpənin başıdı. Qızı qoydum orda.
Dedim, gedim od gətirim. Gəldim bir dəmirçidən od götürdüm; aparanda oddan qığılcım düşür atın puçuna, alışıb yanır. Mən də qaldım ayrı yerdə. Ta gedə bilmədim qızın yanına. İndi dərviş-libas olub, o qızı axtarıram. Gəldim burda şəklin gördüm, onuncun ah çəkib ağladım.
Sonra cütçüyə dedi:
– Sən niyə ah çəkib ağladın?
O da dedi:
– Qibleyi-aləm, o hava işıqlaşanda gəldi maa ürcah çıxdı, dedi acdığım var. Min könüldən ona aşıq oldum. Dedim ki, otur bu saat çörək gətirim. Getdim çörək gətirdim, gəldim gördüm yoxdu. İndi burda şəklin görüb ağladım.
Ondan dəyirmançıya dedi:
– Bəs sən niyə ona baxıb, ah çəkdin?
Dedi:
– Mən də unun qabağın çəkirdim; gördüm girdi içəri. Dedi ki, acdığım var. Getdim çörək saldım, yedik, əlinə qab aldı, taa gəlmədi. İndi burda şəklin gördüm, ah çəkib, ağladım.
Çobannan soruşdu:
– Bəs sən niyə ağlayıb ah çəkirdin?
Dedi:
– Mən də sürü otarırdım, gördüm gəldi. Dedi ki, aclığım var, çoban.
Gətirdim bir qoyun kəsdim. Bişirdik, yedik. Axırda dedi ki, məni sənin əlinnən alarlar, paltarından bir dəstin ver maa. Qoynun qarnın da boşaltdı, geydi başına. Dedi ki, sən sürünün qabağın çək, mən də dalın yığım. Mən qabağı çəkdim, o da dalı yığdı. Bir vədə gördüm ki, yoxdu. İndi şəklin burda görüb, ah çəkib ağladım.
Qız üzünü atasına tutub dedi ki, əsl qızını görsən tanıyarsanmı?
Dedi, bəli!
Cıqqanı başınnan götürdü. Dedi:
– Ateyi-mehriban, gör öz qızınammı? Görürsənmi necə əldən-ələ dəymişəm. Heç kim mənə bir şey eliyə bilməyib. Bax, mənim də ərim bu İbrahimdi.
Mollanı gətirdi, kəbini kəsdi. Qız da cıqqanı qoydu İbrahimin başına, dedi:
– İndi burda dolanax.
O yedi yerə keçdi, biz də yeyək, dövrə keçək. Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də nağıl deyənin.