Biri var idi, biri yox idi. Bir ayı, günü keçmiş kişi var idi. Bir arvadı var idi. Bunların yeddi oğlanları var idi. Amma heç qız uşaqları yox idi. Yeddi qardaşlar bir bacıları olmadığından çox qəmgin idilər.
Bir gün yeddi qardaşlar analarına dedilər:
– Ay analı, bacı çox istiqanlı olur, deyirlər. Hayıf ki, bizim bircə bacımız yoxdur. İndi ki bacımız yoxdur, biz gedirik uzaqdakı Ballı dağa ovçuluğa. O vaxta kimi gəlmiyəcəyik ki, sənin uşağın olsun. Ay ana, havaxt oğlun olsa qapıya ox as, ondan da o yana gedək, daha gəlməyək.
Ha vaxt qızın olsa, qapıya ələk as. Gələk evə.
Ana çox dedi, oğlanları az eşitdi. Başa gəlmədi. Axırda yeddi qardaşlar çıxıb Ballı dağa getdilər. Orda ovçuluq eləyib dolanmağa başladılar.
Aylar keçdi, həftələr dolandı. Yeddi qardaşların analarının bir qəşəng qızı oldu. Arvad qızın adını Nardanxatun qoydu. Sevinib getdi qapıya ələg asdı ki, oğlanları qızı olduğunu bilib gəlsinlər.


Düşmanın arvadı da düşmandır, kişisi də. Bunların qapı-qapıya bir qan düşmanları var idi. Kişi ölmüşdü. Arvad dururdu. Arvad ələgi götürüb qapıya ox asdı. Yeddi qardaşdar Ballı dağdan baxırdılar. Bir gün baxanda gördülər ki, qapılarından ox asılmış. Dedilər ki, genə anamız oğlan doğdu. Baş götürüb getdilər ordan. Bir göy, səfalı, sulu yerdə çadır qurdular, genə ovçuluğa başladılar.
Yeddi qardaşlar anası Napdanxatunu sevə-sevə saxlayırdı. Oğlanlarının gəlməsini gözləyirdi. Nardanxatun böyüyüb gözəl qız olmuşdu.
Bir gün qonşulardan biri qonşuları yun daramağa çağırmışdı. Nardanxatunı da çağırmışdı. Nardanxatunun əlində böyütdüyü bir iti var idi. Onu çox istəyirdi. Onu Qaraca-böcük deyib çağırırdı. Haraya gedəndə Qaraca-böcüyü də aparırdı. Onu da yanına salıb qonşuya yun daramağa getdi. Orda çoxlu qız-gəlin var idi. Bir qarının aralıqda başmağı itdi. Hay-küy düşdü ki, görəsən bunu kim götürmüş ola. Biri “anamın”, o biri “qardaşımın başı üçün mənim xavarım yoxdur” deyib qarını inandırdılar. Nardanxatun da “bu Qaraca-böcüyün başı üçün mənim də xəbərim yoxdur” dedi. Ordakı arvadlar gülüşüb dedilər:
– Ay günü qara, pis niyyətli, yeddi qardaşları olan bacı da bir tulanın başına and içərmi?
Nardanxatun oradan çıxıb ağlaya-ağlaya anasının yanına gəldi.
Qardaşlarının necə olmasını anasından soruşdu. Anası ağlaya-ağlaya əhvalatı qızına söylədi. Nardanxatun dedi:
– Ay ana, mən qardaşlarımı harada olsalar tapacam, onlarsız mən nəyə lazımam. Onlar bacı-bacı deyib çöllərə düşüblər, mən də onların dalıncan gedəcəm.
Anası ha yalvardı, yapışdı, başa gəlmədi.
Nardanxatun yol azuqu götürüb Qaraca-böçüknən yola düşdü. Soraqlaşa-soraqlaşa gedir idi. Az getdi, çox dincəldi, çox getdi, az dincəldi, axırda həmən qardaşları olan yerə yetişdi. Cəlib çadıra çıxdı. Tərs kimi o günü qardaşlarının yeddisi də ova getmişdi. Evdə heç kəs yox idi. Nardanxatun gördü çadırda ət var, çörək var, yorğan-döşək var. Nardanxatun dedi:
– Həlvət bunların bir yiyəsi var. Harada olsa axşam gələcək. Bu ətdən xörək bişirim, həm özüm yeyim, həm də ona qalsın.
Nardanxatun yaxşı xörək, çörək bişirib hazır elədi. Axşama kimi ev-eşigə müğayət oldu. Axşam olanda bir xəlvətdə gizləndi.
O tərəfdən yeddi qardaşlar ovdan gəldilər, xörək-çörəyi hazır gördülər, ev-eşigi süpürülmüş, yığılmış gördülər. Mat-məəttəl qaldılar.
Yeyib-içib hər yanı gəzdilər. Bir şey görmədilər, yatdılar. Sabah olanda bu sirri bilmək üçün biri evdə qaldı. Qalanı yenə ova getdi. Evdə qalan qardaş bir yanda gizləndi. Nardanxatun bunları getmiş bilib evə gəldi. Burada duran qardaş bunu görəndə daban basaraq çadıra girdi.
Nəçi olmasını, haradan gəlib haraya getməsini xəvər aldı. Nardanxatun əhvalatı başdan-başa ona söylədi. O da bacısı olduğunu bilib, özünü ona nişan verdi. Hər iki bacı-qardaşlar görüşüb öpüşdülər.
Axşam oldu o biri qardaşları da gəldi. Görüşdülər, halallaşdılar, bacıları olduğuna sevindilər.
Bu gündən sora yeddi qardaşlar gedib ov eləyib gətirirdilər, Nardanxatun bişirib axşama hazır eləyirdi. Gəlib kef-damaq ilə yeyib dolanırdılar.
Bir gün Nardanxatun qardaşlarına xörək bişirmək üçün yol otun pəncəri dərməyə getmişdi. Evə gec gəldi. Gələndə gördü odocaqdan keçib, qarıya çıxıb oddan ötəri çox vurnuxdu, bir şey tapmadı.
Bikef qayıdırdı ki, bir də uzaqda tüstü gördü. Sevindi. Uşaqlığına baxmayaraq, balağını belinə vurub, bir ev damına girdi. Gördü orda bir qızı saçından asıblar. Tükləri biz-biz oldu. Qorxa-qorxa dedi:
– A bacı! Sana bu zülmü kim eləyib?
Asılı qız dedi:
– Mən Uğurşahın qızı Almayam. Məni bu saçımdan asan dev mənə aşıq olmuşdur. Məni istədi, atam vermədi. Axırda götürüb buraya gətirdi. İndi mən ondan baş birlik eləmədiyimnən mənə belə zülmü eləyib. İndi ay bacı, sən yazıqsan. Tez buradan get, gələr səni məndən pis eliyər.
Nardanxatun qorxa-qorxa bir od götürüb oradan çıxdı. Birbaş yola düzəldi. Nardanxatun tələsik qaçanda yumaq kələfi əlindən düşüb cözələnə-cözələnə gəlmişdi. Oyannan dev gəlib:
Adam-adam iyisi gəlir.
Yağlı badam iyisi gəlir,
Qatır gəlsə, dırnaq salar,
Quş gəlsə, qanad salar –
deyə-deyə qızdan soruşdu:
– Buraya bəni-adəm haradan gəlmişdi?
Qız dedi:
– Buraya, mənim yanıma heç kim gəlməyib. O adam iyisi mənim iyimdir.
Dev o yan-bu yanı gəzirdi. Birdən kələf gözünə sataşdı, kələfin ucunu alıb dəstələyə-dəstələyə düz gəlib çıxdı Nardanxatungilə. Nardanxatun qapını bağlayıb içəridə xörək bişirirdi. Dev gördü asanlıqla onu ələ gətirə bilməyəcək, bicliknən dedi:
– Ay Nardanxatın, ay Nardanxatun, anan sana bir üzük yollayıb barmağını çıxart, onu taxım.
Nardanxatun inandı, barmağını qarının dərməyindən eşiyə çıxartdı. Dev barmağını dişinin arasına qoyub o qədər sümürdü ki, Nardanxatunun bütün qanını sümürdü. Nardanxatun lap bihuş düşdü. Dev qızı ölmüş bilib qayıdıb getdi.
Axşam yeddi qardaşlar evə gəlib bacılarını ölü gördülər. Onu özünə gətirdilər. Qız əhvalatı söylədi. Yeddi qardaşlar gedib devi öldürdülər.
Şah qızını azad elədilər. Devin başını da gətirib evlərinin sol tərəfində basdırdılar.
Ay keçdi, il keçdi, devin qəbrinin üstündən yeddi gül bitdi. Nardanxatun gül yeddi, qardaşları yeddi olduğuna həvəslənib gülləri dərib, gətirib sandığına qoydu. Həmişə asıb baxırdı, bir də asıb baxanda gördü ki, bu güllər yeddi qənirsiz gözəl qız olublar. Nardanxatun bu sirri qardaşlarına söylədi. O, qızların hərəsini qardaşlarının birinə aldı.
O qızlar Nardanxatuna xəlvətcə xörək içində ilan-çayan verdilər. Nardanxatunun qarnı qalxıb burnuna dəyəsi oldu. Yeddi qardaşlar arvadlarından xəvər aldılar ki:
– Bunun belə olmasına səbəb nədir?
Onlar dedilər:
– Kim bilir? Hansı lotu-potunnan aranı sazlayıb, belə olub.
Yeddi qardaşlar dev qızlarının sözlərinə inanıb bacılarını evdən qovaladılar.
Nardanxatun dinməz-söyləməz ah çəkib yola düşdü. Az getdi, çox getdi, getdi bir dağın başında bir sürüyə çatdı. Sürünün iki çobanı var idi. Nardanxatunun yanına gəldilər. O dedi, bu qız mənimdir, bu dedi, mənimdir. Çobanların sözləri çəpləşdi. Bir-birini qırası oldular.
Böyük çoban belindən xəncəri çəkib dedi:
– İndi ki belə oldu, mən bu qızı iki bölüb yarı payını aparacam.
Çoban xəncəri endirmək istəyəndə Nardanxatun qorxub qarnındakı ilan-çayan düşdü. Sora çobana qoşulub getdi.
Çoban onu evinə gətirib kəbin elədi, saxladı. Bu vaxtdan ay keçdi il keçdi, Nardanxatun o çobanın bir qəşəng oğlu oldu. Yekələnib hər işə gedəsi oldu.
Nardanxatun bir gün oğlunu da götürüb qardaşları olan yerə gəldi.
Qardaşları at sulayırdılar. Nardanxatun oğlunu bir qamış ata mindirib özünə də öyrətdi, dedi:
– Suyun qırağına gedəndə “ay atım su iç, ay atım su iç de”.
Oğlan qarğı atı minib, gəldi suyun qırağına. Qarğı atı çapdırıb: “Ay atım su iç, ay atım su iç” diyəndə, dayıları gülüb dedilər:
– Ay qancıq oğlu, qarğı atı su içərmi?
Oğlan dedi:
– Bə yeddi qardaş da bir bacıdan keçərmi?
Yeddi qardaşlar bu sözü eşidəndə onun yanına gəldilər. Əhvalatı ondan bildilər. Uşağı da götürüf bacıları Nardanxatunun yanına gəldilər.
Onun ayaqlarına döşəndilər. Ona haqsız yerə zülm elədiklərini söylədilər. Yeddi qardaşlar Nardanxatunu, oğlunu evlərinə gətirib, ata-analarını, o çobanı da Ballı dağa çıxartdılar. Dev qızlarını öldürüb quyulara doldurdular.
Nardanxatunun, ata-analarının məsləhətinə görə öz ellərindən hərəsi bir gözəl qız alıb evlərinə gətirdilər. Hər kəs öz nişanlısı ilə ömür sürməyə başladı.
Göydən üç alma düşdü: biri nağıl söyləyənə, biri qulaq asanlara, biri də bacadan baxanlara. Onlar yedilər, işdilər, yerə keçdilər, biz yedik, içdik, dövrə keçdik.

Top