Biri var imiş, biri yox imiş. Bir kişinin bir qızı var imiş. Dişləri dəmirdən imiş. Bu qız körpə vaxtından harada toyuqdan, cücədən düşsə idi, tutub yiyərmiş. Bu qız bir qədər böyüdükdən sora başlayır xırda uşaqları, qoyun-keçiləri oğurlayıb yeyir. Axırda bunun əlindən təngə qalıb, atası aparıb bunu bir meşədə buraxıb qayıdır.
Bir müddətdən sora atası oğluna deyir:
– Oğlum, get, gör bacın nə haldadır, ondan bir xəbər gətir.
Oğlan tədarük görüb atını minib meşəyə üz qoyur. Meşəyə yaxınlaşanda bacısı baxıb görür ki, bir atlı gəlir. Birəz diqqətlə baxanda görür ki, gələn qardaşıdır. Qız tez qardaşının qabağına yüyürüb, atını tez ağaca bağlayır, özünü də götürüb tikdiyi evdə oturdur və cəld gedib atın bir ayağını yeyib qayıdır qardaşının yanına. Deyir:
– Bacın ölsün, qardaş, atın üç ayaqlımı gəlmişsən?
Oğlan anlayır ki, qız atın bir ayağını yimiş. Əlacsız cavab verir:
– Bəli, üç ayaqlı gəlmişəm.
Bir az keçəndən sora qız gedib atın bir ayağını yeyir. Qayılıb gələndə qardaşına deyir:
– Bacın ölsün, qardaş, atın iki ayaqlımı gəlmişsən?
Oğlan qorxusundan cavab verir:
– İki ayaqlı gəlmiş.
Qərəz belə atın dörd ayaqlarını yeyib qardaşından soruşur:
– Bacın ölsün, qardaş, atın gövdəsinimi minib gəldin?
Oğlan yenə qorxusundan cavab verir:
– Bəli, gövdəsini minib gəlmişəm.
Qız gedib atın gövdəsini də yeyib gəlib qardaşından soruşur:
– Bacın ölsün, qardaş, piyadamı gəlmişsən?
Qorxusundan cavab verir:
– Bəli, piyada gəlmişəm.
Bir az keçib qız oğlana deyir:
– Gəl yorulmuşsan başın yuyum.
Oğlan deyir:
– Yu.
Qız bunun başını yuyanda başından bərk dişləyir. Oğlan görür ki, qız bunu yiyəcəkdir, deyir:
– Bacı bilirəm məni yiyəcəksən. Al bu düdügi çal, mən də oynayaoynaya bacadan üstünə tollanım, sora yi.
Qız razı olur. Oğlan düdügi qıza verir. Özü də eşigə çıxıb, çəkmələrini kül ilə doldurub bacadan sallayıb qaçır. Qız bir qədər düdügi çalır, görür ki, qardaşı düşmək istəmir. Gedib çəkmələrindən çəkəndə, çəkmə üzülüb kül qızın gözlərinə dolur. Qız anlayır ki, qardaşı qaçmış. Tez dalınca yüyürür. Oğlan baxıb görür ki, bacısı gəlir. Tez bir çinar ağacına çıxır. Qız da gəlib çinarın dibini eşməgə başlayır. Bu halda bunların yanına bir tülkü gəlir. Tülkü qızdan çinarın dibini nə üçün qazdığını soruşanda, qız cavab verir deyir:
– Gəl sən də kömək elə, bu çinarı yıxıb başından adamı tutub yiyək.
Bir tərəfdən qız çinarın dibini eşir, o biri tərəfdən də tülkü eşilmiş torpağı quyruğu ilə çinarın dibinə doldurur. Qız tülkünün hiyləsini qanıb onu yimək istəyir. Tülkü qaçır. Oğlan baxıb görür ki, qız bundan əl çəkmiyəcək, çinarın başında öz-özünə oxumağa başlayır:
– Ay yırtan-dartan, bu qızı elə yırtın-dartın ki, bir damcı qanı da düşməsin.
Bu halda baxıb görür ki, bir ayı və qurt gəlib bu qızı dartıb, dağıdıb büsbütün yidilər. Oğlan ağacdan düşüb görür ki, bir damcı qan bir yarpağın üstünə düşüb. Bu qan damcısı buna deyir ki, məni götür cibinə qoy, bir vaqt olar ki, sana lazım olaram. Oğlan yarpağı cibinə qoyur. Bir qədər yol gedəndən sora qabağına bir calvadar çıxır. Calvadar buna deyir:
– Əgər bu ulaqların yükünün nə olduğunu bilsən, ulaqları yükləri ilə bərabər sənə verərəm. Yox bilməsən, səni öldürərəm.
Yarpaq cibindən səslənir ki, yükün yarısı bitdir, yarısı da birə. Calvadar ulaqları oğlana verir, oğlan da ulaqları gətirib salamat evlərinə qayıdır.