Biri var imiş, bir yox imiş. Bir padişahın üç oğlu var imiş. Böyük oğlunun adı Məlik Məhəmməd, ortançılının adı Məlik Cəmşid, kiçik oğlunun adı Məlik Cəmil imiş. Bir vəqt bu padişah xəstələnir. Öləcəgini anlayıb oğlanlarını yanına çağırıb onlara vəsiyyət edir ki, öləndən sora üç gecə qəbrinin yanında keşik çəksinlər.
Padşah öləndən sora oğlanları atalarını basdırıb matəm qurdular.
Gecə araya gələndə Məlik Cəmil atalarının vəsiyyətini qardaşlarının yadına salıb, gedib keşik çəkmək təklif elədi. Heç birisi qəbul etmədi.
Məlik Cəmil özü oxunu, yayını və bir də qılıncını götürüb gedib atasının qəbrinin üstündə keşik çəkir. Gecənin bir vaxtı görür ki, qara atlı və qara donlu bir nəfər nərə çəkə-çəkə gəlir və deyir:
– Ey padişah, taxtın tarac olsun və yəhərin qanla dolsun. Bu saat gəlib qəbrində sənin cəzana yetirərəm.

Məlik Cəmil bu sözü eşitcək bir ox kamana qoyub bunu nişan alır. Ox kamandan rədd olanda atlıya nişan sinəsindən deyir. Atlı atdan yerə düşür. Məlik Cəmil yüyürüb başını kəsib, paltarını soyundurub, atını minib evinə qayıdır və gəlib atı mehtərə verib tapşırır ki, bunu elə bir yerdə saxlasın ki, qardaşlarının bu atdan xəbəri olmasın. Mehtər atı aparıb xəlvət bir tölədə saxlayır.
İkinci gecə keşik çəkəndə gənə həmən sözləri diyə-diyə geyinmiş bir ağ atlı gəlir, onu da həmən təriqlə öldürür və paltarını, atını götürüb gəlir evə. Atı yenə mehtərə tapşırır.
Üçüncü gecə qırmızı geyinmiş qırmızı ata minmiş bir atlı gəlir. Onu da bu qayda ilə öldürür və atını götürüb mehtərə tapşırır. Ataları öləndə bir də vəsiyyət eləmişdi ki, mən öləndən qırx gün sora üç dərviş gələcəkdir. Üç qızımın hər birisini dərvişin birinə verərsiniz. Qırx gün tamam olanda ataları söylədiyi dərvişlər gəlirlər. Böyük qardaşlar dərvişlərə etina etməyirlər. Məlik Cəmil atalarının vəsiyyətinə əməl edib bacılarını dərvişlərə verir. Dərvişlər də qızları götürüb vilayətlərinə qayıdırlar.
Bunlar ilə qonşu padişahın üç gözəl qızı var imiş. Bu padşah qırx arşın enində, beş arşın dərinligində bir xəndək qazdırıb elan etdirir ki, “hər kəsin atı bu xəndəkdən tollansa, qızımın birini ona verəcəyəm”. Vədə günündə padişah xəndəgin kənarında təxtini qurdurub vəzir, vəkil və qoşun ilə qızların əlindən yapışıb, gəlir təxtin kənarında əyləşir. Hər şəhərdən cavan oğlanlar və şəhzadələr atlarını minib buraya toplanırlar. Məlik Əhməd ilə Məlik Cəmşid də atlarını minib burada hazır oldular. Məlik Cəmil isə qardaşlarından nə qədər rica edir ki, onu da özləri ilə bərabər aparsınlar, amma qardaşlar aparmayırlar. Qardaşlar gedəndən sora Məlik Cəmil paltarını dəyişib atasının düşmənindən aldığı qara libası geyinib, qara atı minib, həmən mərəkəyə tərəf üz qoydu.
Bu tərəfdən oraya toplanmış cavanlar və şəhzadələr nə qədər calışırlarsa, biri də xəndəyi keçə bilməyir. Hamısı xəndəyin ortasına düşür. Bir də baxıb görürlər ki, qara libas geymiş, qara ata minmiş bir cavan bir tərəfdən yel kimi gəlir. Gəlib xəndəyə yetişəndə ata bir qamçı vurub, bir üzəngi göstərdikdə xəndəgi keçir və atı sürür qızın birinin qolundan tutub qaldırıb tərkinə qoyub, gəldigi yol ilən qayıdır. Bunun kim olduğunu kimsə bilməyir. Xülasə, qızı gətirib bir yerdə gizlədir.
Ertəsi günü genə düşmənlərindən aldığı ağ libası geyib, ağ atı minib xəndəgin kənarına gəlir. Genə ata qamçı çəkdikdə, at dal ayağını yığıb xəndəyin o tərəfinə tollanır və gedib qızın ikincisini tərkinə alıb gəldigi yol ilə evinə qayıdır.
Üçüncü gün qırmızı paltarı geyib və qırmızı atı minib gəlir. Genə də xəndəyi keçib üçüncü qızı tərkinə alıb evinə gətirir. Kiməsə bunun kim olduğunu bilməyir. O biri qardaşları isə əliboş evlərinə qayıdırlar.
Gecə araya gələndə Məlik Cəmil qardaşlarına deyir:
– Siz atanızın vəsiyyətinə əməl etmədiniz. Mən getdim üç gecə keşik çəkdim. Atamın düşmənlərini öldürüb libaslarını, atlarını gətirdim. Bacılarımı dərvişlərə verdim. Mənə uşaq diyib özünüz ilə aparmadınız. Mən də gündə düşmənlərimizdən aldığım atların birini minib gedib qızları gətirdim.
Bu sözü deyib böyük qızı böyük qardaşına verir, ortancıl qızı ortancıl qardaşına verir, kiçik qızı da özü alır.
Bir gün qızların atası bunları bağa qonaq çağırır. Bunlar bağda eyşişrətə məşğul ikən bir də baxıb görürlər ki, havadan bir əl zahir oldu. Məlik Cəmilin arvadı ki, hamısından gözəl imiş, yaxasından tutub havaya apardı.
Baxub gördülər ki, havadan səs gəldi:
– Ey Məlik Cəmil mən Üçtüklü kosayam.
Məlik Cəmilin arvadını Üçtüklü kosa aparandan sora, hamı bikef olub dağılırlar. Üç qardaş da evlərinə qayıdır. Məlik Cəmil mehtərin yanına gəlib düşmənlərindən aldığı atın birini yəhərlədib, yarağını geyinib, atını minib səhraya üz qoydu. Bir müddət dolandıqdan sora gəlib bir bağa yetişdi. İçəri giləndə gördü ki, Üçtüklü kosa başını nişanlısının dizinə qoyub yeddi günün yuxusuna getmişdir. Qızdan xəbər alır:
– Bunun canı hardadır?
Qız cavab verir:
– Filan şüşənin isindədir.
Məlik Cəmil cəld gedir şüşəni tapır və yerə vurur. Şüşə qırıldıqda içindən bir göyərçin uçur, tez göyərçini tutub öldürür. Üçtüklü kosa da həlak olur. Ondan sora qızı gətirib, vilayətlərinə qayıdır. Qardaşları ilə bərabər rahat yaşayırlar.

Top