Bir padşahın yetişmiş üç qızı var imiş. Bir gün vəzirin və vəkilin qızları bunlara qonaq gəlirlər. Söhbət əsnasında bunlara deyirlər ki, nə vəqtə kimi evdə oturacaqsınız? Az qalmısınız qocalasınız.
Qızlar cavab verirlər:
– Bizim ixtiyarımız atamızdadır. O nə vəqt keyfi istəsə verəcəkdir.
Vəzirin qızı cavab verir:
– Yəqin atanızın başı hökumət işlərinə qarışmış, siz də yadından çıxmısınız. Gərək siz özünüz onun yadına salasınız.
Padişahın böyük qızı soruşur:
– Nə tor edək ki, atamızın yadına salaq?
Bunda vəzirin qızı deyir:
– Bunun tədbiri asandır. İndi mən buna tədbir edərəm.
Əmr edir ki, bazardan biri ötmüş, biri yetmiş və digəri yetişmək üzrə üç qavun alsınlar. Bunların hər birinə bir pıçaq sancıb, bir xonçaya qoyup və padişaha göndərir. Padişah bu üç qavunun nə dimək olduğunu vəzirindən soruşur. Vəzir cavab verir:
– Ötmüş qavun böyük qıza, yetişmiş qavun ortancıl qıza, yetişmək üzrə olan qavun isə kiçik qıza işarədir ki, onlar ərə getmək istəyirlər.Bu sözdən sora padişah əmr edir ki, üç ox hazır etsinlər. Sora qızlarını hizurına istəyib onlara deyir ki, hər biri götürüb oxun birini atsın.
Hər kəsin oxu kimin damının üstünə düşsə, onu ona verəcək. Qızlar oxları atırlar. Böyük qızın oxu vəzirin, ortancıl qızın oxu vəkilin, kiçik qızın oxu isə şəhərdən kənara bir müğilan kolunun dibinə düşür. Padişah böyük qızı vəzirin, ortancıl qızı vəkilin oğluna verib, kiçik qıza da əmr edir ki, gedib müğilan kolunun dibində əyləşsin.
Xülasə, kiçik qızın başına bir carşop salıb, aparıb müğilan kolunun dibində əyləşdirirlər. Gecənin bir vəqtində qız baxıb görür ki, kolun dibindən bir ilan çıxdı. Bir o tərəfə, bir bu tərəfə getdi, birdən-birə orada bir kərpici qızıldan, bir kərpici gümüşdən bir imarət zahir oldu.
Sora ilan donundan çıxıb gözəl bir oğlan oldu və qıza dedi:
– Ey qız, sənin qismətin mən və mənim də qismətim sənsən.
Mənim adım Şəmsi Qəmərdir. Olmıya ki, mənim bu çirrimi ata və anana diyəsən, onda mən buradan gedərəm. Havaqt məni tapmaq istəsən, ayağına dəmir bir çarıq geyib, əlinə də bir dəmir əsa alasan. Çarığın altı yırtılıb, əsanın ucu əyiləndə məni ancaq gəlib taparsan.
Qərəz bu sözü diyib qızı da götürüb imarətə daxil oldular. Sübh olanda çıxıb görürlər ki, şəhərin kənarında qəribə bir imarət zahir olub. Hamı ona təəccüb edir.
Bir neçə gündən sora padişah qızlarını qonaq çağırır. Böyük qızları oynayanda köynəklərinin qoluna pul doldururlar, oynadıqları zaman tökülsün. Növbət kiçik qıza gələndə bu heç bir şey doldurmayır.
Amma oynayanda qolundan ləl və cəvahirat tökülür. Böyük qızlar bunu görüb xəcarət çəkirlər.
Axşam olanda padişah arvadı ilə kiçik qızlarını görməyə gəlirlər.
Gecə söhbət arasında qızdan bunun nə sirr olduğunu xəbər alırlar. Qız bunlara nə qədər yavarırsa ki, bu sirri xəbər almasınlar, ata və anası əl çəkməyirlər. Axırda qızın əlacı kəsilib söyləyir ki, mənim ərim bir gözəl oğlandır, gündüzlər ilan olur, gecələr insan.
Qızın anası soruşur ki, bəs onun ilan donu haradadır? Qız cavab verir ki, filan qızıl taxtın altındadır.
Qızın anası cəld qalxıb ilan donunu tapub ocağa salıb yandırır. Bu halda baxıb görürlər ki, oğlan rəngi saralmış içəri daxil oldu. Üzünü qıza dutub:
– Sana dimədim ki, mənim sirrimi ata və anana söyləmə. İndi ayağına dəmirdən çarıq giyərsən və dəmirdən əlinə əsa alarsan. Çarıq dağılıb, əsanın ucu əyiləndə məni ancaq taparsan. Di xudahafiz, – deyib oğlan qeyb olur.
Bir vaqt görürlər imarət də qeyb oldu, yenə də qaldılar müğilan kolunun dibində.
Bu əhvalatdan sora qız bir dəmir çarıq və bir dəmir əsa qayıtdırıb, çarığı ayağına geyib, əsanı əlinə alıb səhraya üz qoyur. Tamam yeddi il şəhərləri, vilayətləri və səhraları dolanıb Şəmsi Qəmərdən bir soraq tapa bilməyir.
Bir gün gəlib bir bulağın başında oturur. Baxıb görür ki, çarıq yırtılmış, əsanın ucu da əyilmişdir. Qızın qəlbində ümid oyanır. Bu halda baxıb görür ki, bir neçə qız su doldurmağa gedirlər. Qız bunlardan kim olduqlarını soranda:
– Biz Şəmsi Qəmərin kənizləriyik, onun üçün su aparırıq, – deyə cavab verdilər.
Qız görür ki, mətləbə yaxınlaşmışdır. Xəlvət üzüyünü oğlanın avtavasının içinə salır.
Şəmsi Qəmər dəstəmaz alanda birdən üzük avcuna düşür. Baxıb görür ki, öz övrətinin üzüyüdür. Anlayır ki, övrəti araya-araya gəlib bunu tapmış. Kənizlərdən soruşur ki, bulağın başında bir qız gördünüzmü?
Kənizlər:
– Bəli, gördük, – deyib cavab verdilər.
– Öylə isə gedin onu buraya gətirin.
Kənizlərdən biri gedib qızı gətirir. Burada görüşüb uyuşurlar.
Şəmsi Qəmər kimsəyə bir söz diməyib qızı yanında saxlayır.
Şəmsi Qəmərin anası bunu da bir kəniz xiyal edib, bir gün buna deyir ki, get meşədən odun gətir. Qız “odunu mən necə toplayacağam” – diyib ağlamağa başlayır. Bunun ağlamağını Şəmsi Qəmər görüb səbəbini soranda, qız əhvalatı söyləyir. Şəmsi Qəmər:
– Ağlama, vaqta az qalmış dur qatırları da götür, get meşəyə.
Orada söylə ki, Şəmsi Qəmərin yasıdır, gəlmişəm yas odunu aparam.
Onda odunlar özləri toplanacaqdır, – deyib qızı meşəyə göndərir.
Qız meşəyə çatanda səslənir:
– Şəmsi Qəmərin yasıdır. Gəlmişəm yas odunu aparam.
Bir vaqt görür ki, hər tərəfdən odunlar toplanıb qatırlara yükləndilər.
Bunu görəndə qız qatırların cilovundan dutub evə qayıdır.
Şəmsi Qəmərə anası bir qız alıbmış. Qızı oğlan sevmirmiş. Bir gecə toy edib qızı götürməli olurlar. Axşam gəlin gələndə Şəmsi Qəmər o qədər səbr edir ki, hamısı yatır, qalxıb iki qazan su qaynadıb götürüb gəlinin başından tökür. Gəlin bişib ölür. Tez iki at hazır edib birinə özü minir və o birinə qızı mindirib, qızın vilayətinə qaçırlar.
Gəlib qızın ata-anası ilə görüşüb təzədən toy edib şad yaşayırlar.
Bu tərəfdən gəlinin yengələri sabah olanda qızın yanına girir. Bir də baxıb görür ki, qız yanıb ölmüş. Qızın adamlarına xəbər gedir.
Həmən saat atlanıb oğlanın dalınca düşürlər və tapa bilməyib əliboş geri qayıdırlar.