Biri vardı, biri yox idi. Allahdan başqa heç kim yoxdu. Hindistanda bir paçcah varıdı. Adına Yunan deyərdilər. Yunanın gözünün ağıqarası bir qızı varıdı. Heç oğlu yoxıdı.
Bı qızı qoymuşdu məktəbə. Bir gün bı qız qırx incə qızınan çıxmışdı səyahətə. Bılar çıxmışdılar bir uca dağın başına bı dağı seyr eliyirdilər.
Bir vədə gördülər ki, bir ayı böyürdən çıxdı. Yunanın qızın götürdü, “ya Əli, mədət” qaçdı. Hay saldılar. Yunan atdanıp qoşunuynan başladılar qızı axtarmağa. Nə qədər soraq elədilər, qızdan bir xəbər tapmadılar. Qoşun qayıtdı geri.
Bı ayının da dağın kahasında bir evi varıdı. Qızı aparıb qoydu bırda. Ay ötdü, il dolanıb qızın boynuna ayıdan bir uşax düşdü. Doqquz ay, doqquz gün, doqquz saat, doqquz saniyədən sora bir oğlu oldu.

Adın qoydu İskəndər.
Bı uşax gəldi bir yaşınnan iki yaşına, ikidən üçə... Bəli, bı İskəndər gəldi beş-altı yaşına, bir gün özünə baxıb, anasına baxıb, dedi:
– Ana, sənnən mən birik, bəs bı ayı necə şeydi?
Qız dedi:
– Bala, mən Hindistan paçcahının qızıyam, günnərin bir günü qırx incə qızınan çıxmışdıq filan dağın başına, seyr eliyirdik. Bı ayı gəldi qızdarın içinnən məni götürdü qaçdı, bıra gətirdi. İndi sənin dədən o ayıdı.
İskəndər dedi:
– Mənə bələdçilik eliyərsənmi, səni aparım dədənin yanına.
Anasın götürdü, aldı dalına. Getməyin binəsin qoydular. Anası dedi:
– Bırdan get, ordan get.
Gəldilər çıxdılar Yunan paçcahın vilayətinə. Yunan paçcaha getdi ki, bıdı qızını bir oğlan gətirir. Paçcah çıxdı qızının qabağına. Gördü bını gətirən bir oğlandı ki, nətər, elə bil Rusdamdı. Dedi:
– Bala, bı oğlan kimdi?
Qız dedi:
– Ata, o ayı ki məni götürüp qaçmışdı, həmən o ayıdandı. Mənim oğlımdı.
Paçcah başdadı bırda şaddıx eləməyə. Bı uşağı da qoydular məktəbə.
Bı hankı uşaqnan qalaşırdı, çəkip qolun-qılçın sındırırdı. Şəhər əhli bı uşaxdan dad çəkirdi. Axırı gəlib şəhər əhli paçcaha xəbər verdilər ki, bı İskəndər məktəbdə bir salamat uşax qoymadı. Hamısın şilaxsaq elədi. Paçcah qızı çağırıb dedi:
– Bala, hamı onnan, dilxordu. Bına öyüd, ver!
Anası nə qədər öyüd verirdi, bı baxmırdı. Şəhər əhli də hey şikayət eliyirdi. Anası da oğluna öyüd verirdi, dannıyırdı. Bir gün çox fikirləşənnən sora İskəndər dedi:
– Ana, gedirəm.
Gəldi babasının yanına dedi:
– Baba, maa bir at ver.
Bına babası bir at verdi. Bı da geyindi, ox-yayını götürdü, qılıncın, əslahasın da götürdü mindi ata ki getsin, anası dedi:
– Mən də gedirəm. Oğlumu tək qoymaram.
Atası nə qədər elədi ki, getmə, qız dedi, xeyr, gedəcəyəm.
Bıllar ana-bala atdanıp düşdülər yola. Bəli, az getdilər, çox getdilər, dərə-təpə düz getdilər. O günü axşamatan at sürdülər. Axşama iki saat qalmış özlərin yetirdilər bir imarata. Açdılar qapını, girdilər içəri;
gördülər əvdə heç kəs yoxdı. Ora-bura baxdılar, gördülər yağınnan, düyüsünnən, ununnan, hər şey var. Anası düyü artdayırdı, bı da atı örühlədi, bıraxdı bir çəmənə. Qayıtdı gəldi. Dedi:
– Ana!
Qız dedi:
– Nədi bala?
Dedi:
– Ana, bıra ya dev yeridi, ya da pəhlivan.
İskəndər çıxıb qapıda gəzinirdi. Gördü: bir dev gəlir ki, nətər.
Dedi:
– Ana, bıdı bir dev gəlir, ancax heç xof eləmə. Allahın deməkliyinən necə dev olsa, öldürəcəyəm.
İskəndəri dev görəndə bir nərə çəkdi. Başdadı İskəndərin üsdünə yüyürməyə. İskəndər xof etmədi. Bı da yönəldi devin üsdə. Bir qılınc çəkdi, devi iki parça elədi, saldı yerə. Gördü, bıdı biri də gəlir, bı dev də yeddi qardaş devdilər. O da gəldi, gördü qardaşın öldürüplər.
Hüçum elədi İskəndərin üsdə. Bını da öldürdü. Bılların, altısın da birbir, gəldikcə öldürdü. Qaldı biri, bı da bı devlərin böyük qardaşdarıydı.
Bı qorxup qaçdı, gəlmədi...
İskəndər gedərdi, ovlardı, getirərdi, anası da bişirər, yeyərdilər.
Bir ay bırda qaldılar. Bıllar bı qayda gündə xörəklərin bişirərdilər, yeyərdilər.
Bir gün İskəndər şikara çıxmışdı. Bı dev dedi:
– Gedim, görüm qardaşlarımı qıran adam necə oldu, gedibdimi?
Yavaş-yavaş durup gəldi, baxdı gördü heç kəs yoxdu. Qapını acdı, girdi içəri gördü bırda bir zənən oturub. Bı arvad devi görən kimi aşıx oldu bına. Dedi:
– Dev, nətər eliyək, bı İskəndəri biz tələf eliyək.
Dedi:
– Mən bir məsləhət görrəm.
Arvad dedi. gör.
– İskəndər gələndə de ki, bala könluma bir yemiş düşüp, o deyəcək ki, nə bilim yemiş harda olar? Onda denən ki, nə bilim, bir bu günçıxan tərəflərə get, birdən olar.
Arvad dedi:
– Yaxşı.
Dev dedi:
– Orda yeddibaş devin bosdannarı var, gedər ora. İskəndəri olar öldürərlər.
İskəndərin gələn vaxtı, durdu getdi. İskəndər ovdan qayıdıb gəldi.
Səhər İskəndər ova gedəndə anası dedi:
– Bala könluma bir yemiş düşüp, ta ölürəm.
Dedi:
– Ay ana, bırda bazar yox, bağ yox, bostan yox. Bırda yemişi hardan alım?
Dedi:
– Bala, bir günçıxan tərəflərə get, birdən olar.
İskəndər atın mindi, getdi günçıxan tərəfə. Gördü bırda bir bostan var, heç ucu-bucağı yoxdu. Girdi bu bostana, atı ötürdü otdamağa.
Başdadı bı yemişdən, qarpızdan yığıp heybəsin doldurdu. Dev də bir dağın daşında durub baxırdı. Gördü, bəli, bir adamdı atı ötürüb bostana, yemiş-qarpızı da yığır. Yendi gəldi, bir nərə çəkdi. İskəndər heç dərbənd olmadı, dev gəldi əlin atdı İskəndərin kəmərinə ki götürüp yerə vırsın, İskəndər qılıncın belinnən sıvırıp devin başınnan elə vırdı ki, dev iki parça olub, cəhənnəmə vasil oldu. Devin başını da kəsib götürdü.
Atı minib yemiş-qarpızı da götürdü; gəlməyin binəsin qoydu.
Devnən anası baxırdılar. Gördülər bıdı İskəndər devin başın, yemişqarpızı da gətirib gəlir. Tez anası bı devi gizdədi. Bəli, beş günbelə, on gün belə.Bir gün genə anası devə dedi:
– Bını nətər eliyək, ölsün.
Dev dedi:
– Bı yanda çox dev var, oların alma ağacları var. Denən könluma alma düşüp. Onda deyəcək ki, bırda alma harda olar, hardan tapım?
Denən, bı qiblə tərəfə atı min get, genə o tərəfdə olar. Ora getsə o devlər öldürər. Yüz canı olsa ora gedənin biri salamat qutarmaz.
İskəndər genə ovdan qayıdıb gəldi. Yedilər, işdilər, gecə yatdılar.
Səhər İskəndər genə ova gedəndə anası dedi:
– Bala, könluma bir alma düşüb.
Dedi:
– Ay ana, hardan tapım, bırda alma hardadı?
Dedi:
– Bir bu qiblə tərəfə get, orda olar.
İskəndər atı minib yavaş-yavaş getdi. Gördü bir dağ var, bının aşağısında da bir bağ görükür. Atı sürdü bağa, girdi gördü bı bağda çox ağaclar var. Amma bağın içində çox imaratlar var. Getdi otağa sarı, gördü bı otaxda bir qız var, bını saçınnan asıplar.
Qız dedi:
– Ay oğlan, bıra nahax gəlmisən. Bıra qırx devin mənzilidi. Bınnan bələ neçə otaxlar var.
İskəndər dedi:
– O devlər hardadı?
Dedi:
– Bı saat o devlər şikardadılar. Bı saat gəlhagəl vaxdarıdı. Biz üç bacıyıx, hərəmiz birindəyik.
İskəndər bı qızı alıp qoydı yerə, keçdi o biri otaxlara. O iki qızı da alıp qoydı yerə. Bı qızdar dedi:
– Ay oğlan, nəyə gəlmisən? Bı saat sənin ətini aşıxcan, qanını qaşıxcan eliyəcəklər.
Oğlan dedi:
– Sizin işiniz yoxdu.
Bir də gördü bıdı nırhanır devlərin ikisi gəlir. Bıllar isdədi hücum eliyip İskəndəri diri tutsunnar, İskəndər firsəti qənimət bilip, Allah, Məhəmməd, ya Əli deyip, qılıncın belinnən çəkip, bı devləri dörd parça eliyip saldı yerə. Qərəz bir-bir bı devlərin qırxın da tamam elədi.
Qayıdıb gəldi. Qızdar dedi:
– Ay İskəndər, getmə, anan səni ölümə verəcək.
Dedi:
– Xeyr, anam məni ölümə verməz.
Almadan yığıb heybəsin doldurdu. Qızdara da tapşırdı ki, gəlip sizi aparacam.
Bəli, heybəni aşırdı atın üsdə, yavaş-yavaş sürdü. Gəldi çıxdı əvə, almanı verdi anasına. Şəhər getdi ova.
Bı arvad devə dedi:
– Nətər eliyək İskəndər tələf olsun?
Dev dedi:
– Gələndə de ki, bala, bir belə ki sən gedirsən, devləri qırırsan.
Gətir sənin bir gücünü sınıyım. Gətir bı zinciri yeddi qatdan salım qoluna, görək qıra bilirsənmi? Qırbı qırdı, qırmadı onda mən çıxıp onu öldürrəm.
Arvad dedi:
– Yaxşı olar.
Axşam İskəndər ovdan qayıtdı. Bı arvad dedi:
– Bala, baxıram kı sən bir pəhlivansan, bir belədə devi gedip qırırsan.
Gətir sənin gücünü sınıyım, görüm necədi. Gətir bı zinciri yeddi qatdan salım sənin qoluna, görüm qıra bilirsənmi?
İskəndər dedi:
– Yaxşı olar.
Anası gətirip zinciri yeddi qatdan İskəndərin qoluna bağladı. Dedi:
– Ağ dev gəl?
İskəndər dedi:
– Ana, Ağ dev nədi?
Dedi:
– Bala, heç nə, sözdü deyirəm.
İskəndər zinciri elə dartdı ki, zincir qırıx-qırıx olup töküldü yerə.
Dedi:
– Bala, bınnan olmadı. O yay-kirişin götürüm.
Dedi:
– Gətir.
Arvad yay-kirişin gətirip yeddi qatdan İskəndərin qoluna saldı.
“Ağ dev, gəl” deyəndə İskəndər elə çəkdi ki, paltarı kəsip ətə dirəndi.
Bir də “Ağ dev, gəl!” deyəndə, elə çəkdi ki, əti kəsip sümüyə dayandı.
İskəndər gördü ki, bir də çəksə sümüyü qırılacaq, çəkmədi. Ağ dev çıxdı. Anası dedi:
– Öldürmə, İskəndəri. Gözdərin çıxart.
Pıçağı götürüp İskəndərin iki gözünü də çıxartdı.
İskəndərin bir tulası varıdı. Həmişə İskəndər ova gedəndə yanınca gedərdi. Yerə atan kimi gözün, ikisin də tula götürdü. Nənəsi dedi:
– Ağ dev, bını götür apar at bir quyuya-zada.
Bı Ağ dev yolda bir quyu görmüşdü, İskəndəri gətirip gurultu ilə saldı bu quyuya, qayıtdı geri.
Bı qayıdannan sora bı qızdar dedi: “İskəndər vədə vermişdi ki, gəlip sizi aparacayam. Yəqin İskəndərin başında bir qalmaqal var, gəlmədi”.
Bıllar devlərin ayın-oyınınnan ata yüklüyüp bırdan köçdülər.
Bı tula da gündə gəlirdi, bı qızdar çörək atırdı, götürüp çıxıp gedirdi.
Bıllar bir gün dəsdərxana çörəyi bağlıyıp atdılar. Bı tula çörəyi götürüp gedəndə, bı qızdar da düşdü bı tulanın dalına. Gəldilər gördülər bı tula durup bir quyunun başında zingildiyip çörəyi saldı. Bı qızdar gəldi quyunun başına.
Dedilər:
– İskəndər!
Dedi:
– Hey....
Tez bıllar kəməndi atıb İskəndəri çıxartdılar. İskəndəri götürdülər getdilər evlərinə sarı. Yolda otdılar bir ağacın altında. Bına malıcəa elədilər, qolının yarasını sağaltdılar, üzün yudular. İskəndərin xörəyin verip, bırda müğayat olurdular. Bir gün oturmuşdular, gördülər ki, üç göyərçin gəldi, qondu həmən ağacın başına.
Biri dedi:
– Bacı, bu oğlanı tanıyırsınız?
Dedilər:
– Yox.
Dedi:
– Bı oğlandı ki, adına İskəndər deyərdilər. Bının nənəsi Yunan paçcahın qızıdı ki, ayı aparmışdı ordan gətirip çıxartdı dədəsinin vilayətinə. Ordan da getdi. Bırda Ağ devə aşiq olup, öz oğlunun gözün çıxartıb, atdı quyuya.
O biri quş da dedi ki, bının gözləri bırda olseydı, mən qalxanda bırdan bir yarpax salardım, onu götürüp döyüp gözdərin yerinə qoyup, onnan damızdırsalar, olar anadangəlmə. Amma birəz göy olar.
Tula da yatmışdı bılların yanında, o saat tula gözdəri ağzınnan saldı yerə.
O biri də dedi:
– Mən də bir lələk salacıyam ona çəksələr, ta göy olmaz. Həmən gözdəri olar.
Bı quşdar belə deyip qaçdılar. O saat bir yarpax, bir də lələk düşdü.
Qızdar gözdəri götürüp təmiz yudular, qoydular hər küşdəsin öz yerinə. Bı yarpağı da əzip bir damcı damızdırdılar, oldu anadangəlmə, bı lələyi də çəkdilər, oldu lap əvvəlki gözdəri.
İskəndəri yedirdilər, içirdilər. İskəndər düşdü həmən halına.
İskəndər bir gün bir dərviş libası alıp, geydi, atı minip yavaş-yavaş gəldi bir yerə. Atdan düşdü, atı örüklüyüp buraxdı; gəldi gördü həmən devnən anası oturup. Devdən də bir uşağı var. Bı da oturup yannarında.
İskəndər gördü ox-yayı anası asıp göydən. İskəndər dedi:
– Allah eşqinə, o ox-yayı ver maa.
Arvad durdu, ox-yayı verdi bına ki, qoy heç gözüm görməsin onu.
İskəndər o saat bir ox qoyub kamana elə atdı ki, o sat devin canın cəhənnəmə vasil elədi. Sora üzün anasına çörup dedi:
– Çəpəl, mən saa nə yamannıx elədim? Səni ayının əlinnən qutardım, alma dedin, gətirdim; yemiş dedin gətirdim... Mənim gözümü çıxartdırdın.
Qoydu ayağının altına. Elə çəkdi ki, şir çıxdı. Sora da bı devdən olan uşağı da öldürdü. Onnan sora bırda olan şeyləri də ata yüklüyüb getdi qızdarın yanına. Başdadılar orda yeyip, içip, kef eləməyə.
O yedi yerə keçdi, siz də yeyin, dövrə keçin. Göydən üç alma düşdü – biri mənim, biri özümün, biri də nağıl deyənin.

Top