Bir vardı, bir yoxdu, Allahdan başqa heç kim yoxdu. Günlərin bir günündə iki yoldaş olur. Birinin adı Mərd, o birinin adı Namərd.
Mərdnən Namərd yoldaş olub çıxdılar səfərə. Mərd hər yerə çatırdı süfrəsin açırdı, Namərdə deyirdi:
– Buyur, çörək ye!
Namərd də Mərdnən bir yerdə çörəgini yeyirdi. Bir iki rəs Mərd buna çörək yiməgi təklif etdi. Namərd bunun çörəginən yedi, ta o çağacan, Mərdin çörəgi qurtardı. Mərd oldu Namərdə möhtac. Bir az bular yol getdilər. Mərd və Namərd bir ağacın dibində oturdular. Namərd süfrəsin açdı. Mərd yaman açmışdı, dedi Namərdə ki, bir az çörəginnən ver mənə, yaman acmışam.
Namərd dedi:
– Sol gözüvü ver, çıxardım qoyum sol cibivə, bir az çörək verim sənə, ye.

Mərd baxıb gördü ki, əgər sol gözünü verməsə, buna çörək vermiyəcək.
Bu da ki acdı, heç bir yana gedə bilmiyəcək. Mərd razı oldu.
Namərd Mərdin sol gözünü çıxardıb qoydu sol cibinə, bir parça çörək verdi. Mərd çörəgi alıb yedi. Bunlar bir günorta yol getdilər. Namərd genə süfrəsin açıb, başladı çörək yeməgə. Mərd gördü ki, Namərd buna çörək yeməgi təklif etmir, dedi.
– Namərd qardaş, yaman acmışam. Mənə bir parça çörək.
Namərd dedi:
– Sağ gözünü ver çıxardım, qoyum sağ cibivə, bir parça çörək verim.
Mərdin əlacı kəsilib razı oldu. Namərd ayağa durub Mərdin sağ gözünü çıxartdı, qoydu sağ cibinə. Namərd Mərdə bir parça çörək verib, durub düzəldi yola.
Namərd çıxıb getməkdə olsun, xəbəri sənə kimdən verim Mərddən.
Mərdin iki gözləri də yox idi. Əlin yerə sürtə-sürtə gedib çıxdı köhnə xarabalığa. Burda özinə bir yumşaq yer tapıb oturdu.
Bu burda qalmaqda olsun, xəbəri sənə kimdən verim, şirdən, pələngdən, qurtdan, tülküdən. Şir, pələng, qurt, tülkü gəlib çıxdılar bu xarabalığa. Hərəsi bir yanda oturdu. Pələng şirdən xəbər aldı ki, dünyada nə təzə xəbər var?
Şir dedi:
– Pələng qardaş, sağlığın. Hələ bir təzə xəbər yoxdu, səlamətlikdi.
Şir qurtdan soruşdu ki, qurt lələ, səndə nə təzə xəbər var? Qurt gözinin yaşını axıda-axıda dedi:
– Bazarım yaman kasatdı.
Şir dedi:
– Qurt lələ, bazarın niyə kəsatdı?
Qurt dedi:
– Bu dağı ki gəzirsiniz, bu dağın ətəgində bir çoban var. Bu çobanın tulası kimi tula yoxdu. Mən hər axşam gedib quzudan, qoyundan nə rastıma gəldi, çalıb-çapıb götürüb buniynən dolanardım. Əmma isrən gündən bu çobanın bir tulası var. Nə qədər eliyirəm, çobanın qoyunlarına yaxın durum, tulanın qorxusundan heç bir iş görə bilmirəm.
Şir dedi:
– O tulanın qanı dərmandır, hər kim naxoş olsa, hər hankı naxoşluq olsa, o tulanın qanından naxoşa verən kimi, naxoş ayılar.
Mərd bu sözü yadında saxladı. Şir tülküyə dedi:
– Tülkü lələ, sən danış, görək, sənin bazarın necədi?
Tülkü dedi:
– Mənim bazarım yaxşıdı, heç bir kəsatdığım yoxdu. Bu dağı ki gəzirsiz, bu dağın o üzündə bir siçan olur. Siçan hər gün qızılları günə sərib oturur yanında. Mən də bu qızılların qarovulunu çəkərəm. Siçan da mənə çörək verər.
Mərd buların hamısın eşitdi. Səhər oldu qurt, pələng, şir, tülkü çıxıb getdilər. Mərd ayağa durub köhnə xarabalıqdan çıxdı bayıra. Gedib oturdu bir ağacın dibində. Əmma bərk acmışdı. Bu dəmdə göydə iki göyərçin qənət-qənətə verib gəlib oturdular Mərd oturan ağacın budağında.
Böyük bacı kiçik bacıya dedi:
– Mərdnən Namərdin hekayəsini eşitmisən?
Dedi:
– Eşitməmişəm. Bir danışsana mənim üçün.
Dedi
– Danışım. Günlərin bir günündə bir Mərd olur, bir Namərd. Mərdinən Namərd yol gedirlərdi. Belə oldu ki, Mərdin çörəgi yolda qurtardı.
Namərdə dedi ki, bir az çörək ver mənə. Namərd Mərdin gözlərini çıxardıb ona çörək verdi. İndi budu, Mərd kor olub qalıb burda, dadı heç bir yana çatmır.
Kiçik bacı dedi:
– Bacı, bəs bu Mərdə heç bir kömək eləmək olmaz?
Dedi:
– Olar.
Dedi:
– Ey Mərd, yatmısan ayıl, ayıqsan eşit.
Mərd baxıb gördü ki, göyərçinlər dil olub, bir balaca yerindən tərpəndi.
Böyük göyərçin dedi:
– Biz ki tərpəndik, burdan – ayağımızın altınnan bir qənət düşəcək.
O qənəti götir, gözlərivi qoyarsan yerinə. O qənədi gözlərivə çəkərsən.
Gözlərin olar anadangəlmə.
Göyərçinlər sözlərini deyib qənət-qənətə verib uçub getdilər.
Mərd baxıb gördü ki, dizinin üstə bir şey düşdü. Əlin yerə sürtüb qənəti tapdı. Sağ gözün çağ cibinnən, sol gözün sol cibinnən çıxardıb, qoydu yerinə.Qənəti çəkdi gözlərinə, gözləri oldu anadangəlmə.
Durub birbaş yol elədi gəlməyə, ta o çağacan gəlib çıxdı bir dağın təpəsinə.
Gördü ki, burda bir siçan bir xeylax qızıl töküb qabağına oturub qızılların qarovulunu çəkir. Mərd əlinə bir daş alıb tolladı siçana. Siçan gördü ki, Mərd buna daş tulladı. Tez qaçıb qorxusundan girdi yuvaya.
Mərd qızılları yığışdırıb birbaş başladı yol getməgə. Az gəlib çox gəlib, iynə yarım yol gəlib, gəlib özün yetirdi bir dərəyə. Gördü ki, bir çoban qabağında bir sürü qoyun, yanında bir tula, dərə başı yuxarı çıxır.
Mərd dedi:
– Çoban qardaş, bu tulanı gəl sat mənə.
Çoban dedi:
– Tula-zad satan deyiləm.
Mərd çox dedi, çoban az eşitdi. Axırda bir çəngə qızıl verib tulanı bundan aldı.
Çoban yollanıb getməkdə olsun, eşit bir neçə kəlmə Mərddən.
Mərd dərəbaşı aşağı endi. Tulanı ayağının altına alıb, başın kəsib qanın yığdı bir şüşəyə. Cibinə qoyub düzəldi yola.
Xəbəri sənə kimdən İstanbul padişahından. İstanbul padişahının qızı necə ildi ki, naxoş, yorğan-döşəkdə idi. Nə qədər həkim çağırırdılar heç kəs əlac eliyə bilmirdi. Mərd özün İstanbul şəhərinə yetirib gördü ki, burda bir dəstə adam padişahın imarətinin qabağına yığışıb.
Mərd bu adamlardan xəbər aldı:
– Nə olub məgər?
Burdakı adamlardan biri Mərdə dedi:
– Məgər bilmirsən, İstanbul padişahının qızı neçə ildi ki, naxoşdu?
Mərd bu adamlardan ayrılıb gedib həkimlərə layiq özünə bir dəst libas aldı; özünə ziynət verib gəldi padişahın imarətinin qabağına, dedi:
– Həkiməm?
Dedilər:
– A kişi, yazıqsan, bir belə həkimlər gəlib heç biri əlac eləmiyib, indi səni də öldürüb yollayarlar o birlərinin yanına.
Mərd dedi:
– Mən o yan-bu yan bilmirəm. Mən həkiməm ki, həkim. Gərək padişahın qızına baxam.
Dedilər ki, indi ki belədi, qoy gedək padişaha xəbər verək.
Padişaha xəbər gedib çatdı ki, bəs şəhərə təzə bir həkim gəlib. Padişah dedi ki, gedin çağırın o həkimi bura.
Gəlib Mərdi apardılar padişahın yanına. Padişah Mərdə dedi:
– Həkimsən?
Mərd dedi:
– Bəli, həkiməm.
Padişah dedi:
– Əgər qızımı sağaltsan, qızımı verəcəyəm sənə. Əgər sağalda bilməsən, sənin boynuvi vurdutduracağam.
Mərd razı oldu. Mərdi gətirdilər, apardılar padişahın qızının yanına.
Mərd qızın nəbzinnən tutub yoxladı, axırda tulanın qanından bir neçə damcı suya töküb, verdi qıza. Qız içən kimi ayıldı. Padişaha xəbər getdi ki, gözlərin aydın olsun, bəs qızın sağalıb.
Padişah bu xəbəri eşidən kimi yerindən qalxıb əmr elədi ki, təbil vurulsun. Təbil vuruld. O günü böyük bir şaddıq elədilər. Belə ki, padişah əhd eləmişdi ki, “əgər qızım sağalsa, yeddi gün yeddi gecə şəhərimdə olan bütün fəqir-füqərəlara, əlsiz-ayaqsızlara plov verəcəm”.
Qazan qazanların yanına düzüldü. Aşbazlar əl-qolların çirməliyib dügüləri tökdülər qazanlara. Düz yeddi gün fəqir-füqəralara yemək payladılar. Padişah bu tərəfdən də əmr etdi, öz qızının kəbinini kəsdirdi Mərdə. Mərd padişahın qızını aldı. Mərdə qırx gün qırx gecə toy eliyib qızını verdi Mərdə.
Xəbəri sənə kimnən verim Namərddən. Mərd pəncərədən baxırdı, kefi yaman kökdü. Qabağında çay, əlində qəlyan gördü ki, Namərd qardaş gəldi. Adam yolladı ki, Namərdi çağırın. Namərdi gedib çağırdılar.
Namərd baxıb gördü ki, Mərd sagalıb. Dedi:
– Mərd qardaş, bu nə olan hekayətdir.
Mərd başına gələn hekayəni bir-bir Namərdə danışdı. Namərd bu sözü eşidən kimi Mərddən ayrılıb özün yetirdi həmən köhnə xarabalığa.
Namərd bir yanda gizlənməgdə olsun, xəbəri sənə kimdən verim, pələngdən, şirdən, qurtdan, tülküdən. Axşam ki oldu, pələng, şir, qurt, tülkü gəldilər bu köhnə xarabalıga. Pələng şirdən xəbər aldı:
– Şir qardaş, dünyada təzə xəbər nə var, nə yox?
Şir dedi:
– Sağlıq, səlamətlik. Heç bir təzə xəbər yoxdu.
Şir qurtdan xəbər aldı:
– İndi kefin necədi?
Qurt dedi:
– Bu saat kefim bərk çökdi. O çobanın yanında ki tula vardı, indi o tula yoxdu. Mən də gündə bir qoyun gətirib asudalıqnan yeyirdim.
Daha qorxum-filanım yoxdu.
Qurt gördü ki, tülkü sımsırıxın sallayıb. Qurt dedi:
– Tülkü lələ, sənin kefin necədi?
Tülkü dedi:
– Kefim kök deyil. Onunçün ki, bazarım kasatdı.
Dedilər:
– Nə üçün?
Tülkü dedi:
– O ki siçan var idi gedib qızıllarımın qarolunu çəkərdim, indi onun qızıllarını oğurlayıblar. Onunçun kefim kök deyil, bazarım da kasaddı.
Pələng dedi:
– Burda insan var. Gəlin buranı axtaraq.
Başladılar axtarmağa. Namərdi tapdılar. Tez Namərdi parçalayıb hərəsi bir tikəsini götürüb yedi. Namərdi cəhənnəmə vasil elədilər.

Top