Biri var idi, biri yox idi, bir Hacı var idi. Bir günləri Hacı arvadına dedi:
– Ay arvad, gəl hazırlaşaq, gedək Kərbəlaya.
Arvad razı oldu. Bunlar hazırlaşıb getməkdə olsun, sizə kimnən xəbər verim, Hacının qızlarınnan. Hacının üç qızı var idi. Bu qızlar eşitdilər ki, ataları Kərbəlaya gedir, o saat böyük qız bir yemiş, ortancıl qız bir heyva, kiçik qız da bir alma atalarına göndərdilər ki, ata, bunlar yetişib, saralıb çürüyəndə bil ki, biz ərə getdik.
Hacı qızları ilə öpüşüb, görüşüb yola düşdü. Bir gün Hacının böyük qızı güllü bağçada gəzirdi. Padşahın oğlu bunu gördü, bir könüldən min könülə buna bənd oldu, götürüb qıza bir alma atdı. Qız almanı alıb öpdü, gözünün üstünə qoydu. Padşahın oğlu adam göndərib bu qızı aldı, toy eləyib, gətirdi evinə.
Aradan bir müddət keçmişdi, padşahın oğlu Hacının bağçasının yanından keçib ova gedirdi, bir də gördü ki, həmin bağçada bir qız gəzir ki, qabaq aldığı qız heç bunun əlinə su tökməyə də yaramaz. Bunu görən kimi, oğlanın az qaldı ağlı başından çıxa. Padşah oğlu bu qıza da bir alma atdı, bu qız da almanı öpüb gözünün üstünə qoydu, padşahın oğlu qayıtdı evinə, adam göndərib, bu qızı da aldı, toy eləyib apardı evinə.
Eşit Hacıdan. Hacı gördü ki, yemiş də, heyva da çürüdü. Arvadına dedi:
– Ay arvad, qızlar ərə gedib.
İndi eşit kiçik bacıdan. Bir günləri Hacının kiçik qızı başında bir dəstə qız güllü bağçada gəzirdi. Elə bu vaxt padşahın oğlu bir dəstə atlı ilə gedirdi. Baxıb gördü ki, həmin bağçada bir qız gəzir ki, yemə, içmə, xətti-xalına, gül camalına tamaşa elə. Oğlan bu qıza da bir alma atdı. Qız almanı aldı, əzdi-əzdi, qaytardı, atdı özünə. Bunu görən oğlan özündən gedib atdan yıxıldı. Gədələr bunu götürüb evinə apardılar.
Oğlan ayılıb arvadlarına dedi:
– Əgər bacınızı mənə aldınız, aldınız, almadınız ikinizi də öldürtdürəcəyəm.
Qızlar qaldı məəttəl. Nə elədilər, olmadı. Axırda qızlar durub bacılarının yanına gəldilər. Bacılarına dedilər:
– Ay bacı, padşahın oğlu bizə deyir ya bacınızı mənə alın, ya da ki, sizi öldürtdürəcəm.
Qız bir qədər fikir eləyib dedi:
– Gedərəm, ancaq gərək halvadan bir hamam tikdirə ki, mən gəlin gedən gecə, o hamamda çiməm.
Bunlar bu xəbəri padşahın oğluna yetirdilər. Oğlan razı oldu. O saat vəziri çağırtdırıb, halvadan bir hamam tikdirməyi ona əmr elədi.
Vəzir “baş üstə” deyib çıxdı. O saat usta gətirib hamam tikdirmək binasını qoydu.
Hacının qızının bir qoca lələsi vardı. Bir gün hacının qızı lələsinə dedi:
– Lələ, get gör, padşahın oğlu nə çeşni paltar geyinib, nə rəng at minib, o cür mənə paltar və at al gətir.
Qoca getdi, padşahın oğlunu görüb qayıtdı bazara, padşahın oğlunun paltarı kimi bir dəst paltar və bir at aldı. Qız paltar gələn kimi durub, paltarı geyindi, atı minib, bir baş hamamı tikən ustaların yanına gəldi. Ustalar da gördü ki, padşahın oğlu gəlir. Qız gələn kimi:
– Ay ustalar, Allah xeyir versin, əliniz, qolunuz ağrımasın, – deyib, çıxardıb bunlara xələt verib, üstəlik dedi:
– Usta, yaxşı hamamdı, ancaq burdan bir gizli yol qoy.
Usta dedi:
– Baş üstə!
Qız atı minib genə qayıtdı özlərinə.
Müxtəsər, hamam tikilib qurtardı. Oğlan adam göndərdi ki, hamam hazırdı, toyu başlayıram. Qız da razı oldu. Bəli, toy başlandı. Qırx gün, qırx gecə toy oldu. Qızı gəlin apardılar, gəlin hamamına göndərdilər.
Qız hamama girən kimi barmağından üzüyü çıxardıb bağladı bir ipə, bir ucun da bağladı göydəki dirəyə, saldı suya. Özü də həmin qoydurduğu gizli yolla qaçıb getdi. Üzük batırdı suya, qalxırdı, hamamdan səs çıxırdı. Oğlan da elə bilirdi ki, qız hamamdadı, hələ qurtarmayıb.
Oğlan bir xeyli gözlədi, gördü qız gəlmir, içəri girdi ki, görüm bu niyə qurtarıb gəlmir. Girib gördü nə, qız nə gəzir burda, bu səs də bir üzüyün səsidi, suya batıb çıxır.
Padşah oğlu qəzəbnak oldu. Yağı kimi gəldi arvadlarının üstünə, dedi:
– Bu saat bacınızı mənə aldınız, aldınız, almadınız, ikinizi də dar ağacına çəkdirəcəm.
Arvadlar bir-birinə qoşulub gəldilər bacılarının yanına dedilər:
– Ay bacı, bu nə işdi bizim başımıza açmısan? Padşahın oğlu bizə deyir: ya bacınızı mənə alın, ya da ki, sizi asdıracam. Gəl bu daşı ətəyindən tök. Padşahın oğlundan artığına getməyəcəksən ki? Həm bizi ölümdən qurtar, həm də özün sərfinaz ol.
Qız dedi:
– Ay bacı, sizin xatirinizə gedərəm, ancaq bir iş var, gərək padşah oğlu qızıldan bir bağça saldıra ki, heç bir padşahda o bağçadan olmaya.
Özü də meyvələri qızıldan olmalıdır ki, mən gəlin gedən gecəsi o bağçada gəzəm.
Bu sözü qızlar eşidən kimi, padşahın oğluna xəbərə getdilər, Oğlana məsələni açıb dedilər ki, hal-qəzyə belə.
Oğlan razı olub dedi:
– Bağçanı da saldıraram.
Başladı usta gətirdib bağçanın binasın qoydurdu. Bağça salınmaqda olsun, sizə Hacının qızından xəbər verim. Hacının qızı lələsin çağırtdırıb dedi:
– Ay lələ, get gör, padşahın oğlu nə cür paltar geyib, o cür də mənə bir dəst paltar al, gətir.
Qızın lələsi getdi, oğlanın paltarına baxıb, o rəngdə paltardan bir dəst aldı, gətirdi. Paltarı gətirən kimi, qız altdan geyinib, üstdən qıfıllandı.
Atını minib getdi bağça salınan yerə. Ustalar gördü ki, padşahın oğlu gəlir. Ona ehtiramla salam verdilər. Padşah oğlu çıxardıb bunlara xələt verdi, dedi:
– Ay usta, yaxşıdı, ancaq burdan barı çəkən vaxtı bir gizli yol qoyun.
Sözün qurtarıb getdi. Müxtəsər, o zaman aynan-ilnən, indi şirin dilnən, bağça hazır oldu. Poladdan darvaza asıldı. Padşahın oğlu adam göndərdi:
– Bağça hazırdı, toyu başlayımmı?
Qız dedi:
– Başlasın.
Yenə də qırx gün, qırx gecə toy elədi, qırx gün tamam olan günü gəlib, gəlini təzə salınmış bağçaya apardılar. Qız gördü ki, doğrudan da özü dediyinnən yaxşı bağçadı, beş ağacın ortasından bir bulaq axır, dörd bir tərəfi güllükdür. Bunun yanında bir böyük stol qoyulub. Nə qədər meyvəcat varsa, hamısından bu stolun üstə var. Amma burda bir çarmıx var, qırx kom da çubuq. Qızı gətirib bura qoydular, qayıtdılar.
Bir azdan sonra oğlan gəldi, dedi:
– Hacının qızı, xoş gəlmisən!
Qız dedi:
– Sağ ol! Padşah oğlu, bəs bu çarmıx nədi, bu çubuq nədi? Sənin nəyinə lazımdı bunlar?
Oğlan baxıb dedi:
– Bunların hamısı sənin canından ötəridi.
Qız dedi:
– Necə yanı, sənin canından ötəri?
Oğlan dedi:
– Bu çarmıxa səni çəkəcəm, bu çubuqla da döyəcəm. Yorulanda da bu meyvələrdən yeyəcəm. Heylə-heylə bu qırx çubuq sınınca səni döyəcəm.
Qız ürəyində dedi:
– Yaxşı, gör mən sənin başına nə iş açaram.
Sonra oğlana dedi:
– Axı, mən çarmıxa uzanmağın qaydasını bilmirəm. Sən uzan, səni çəkək çarmıxa, mən baxıb öyrənim, sonra da sən dur, mən uzanım. Oğlan razı oldu. Oğlan uzanan kimi, qız oğlanı çəkdi çarmıxa.
Oğlan nə qədər çığırdı, yalvardı, qız dedi:
– Olmaz, gərək öyrənim.
Qız oğlanı qırx kom çubuq sınınca vurdu. Oğlan dildən kəsildi. Qız meyvələrdən də yedi, çıxıb həmin gizli yolla getdi. Gedən kimi lələsinə bir dəst həkim paltarı aldırdı.
Sizə kimdən deyim, padşahdan. Üç gün gözlədi, gördü oğlu gəlmədi, dörd gün gözlədi, gördü gəlmədi, adam göndərdi ki, get gör nə oldular, niyə gəlmirlər. Fərraş gəldi, gördü darvaza qıfıllıdı. Nə qədər elədisə, aça bilmədi. Barıdan aşdı. Getdi, gördü nə? Padşahın oğlu çarmıxda ölüb. Qız-zad da yoxdu. Tez gəlib padşaha xəbər verdi. Bunlar ağlaşa-ağlaşa gəldilər gördülər ki, oğlan ölüb, ağlaşma, qiyamət, oğlanı apardılar evinə. Ağzına güzgü tutmuşdular, gördülər ki, nəfəsi var.
Bunlar o saat həkim axtarmaqda olsunlar, Hacının qızı da bir dəst həkim paltarı geyinib, bir ülgüc götürüb, bir qədər də duz, padşahlığın qapısına gəlməkdə olsun. Bunu görən kimi dedilər:
– Ay həkim, adam yaxşı eləyə bilirsənmi?
Qız dedi:
– Ax, necə!.. Elə yaxşı eləyirəm ki, sizin kefiniz istəyən kimi.
Dedilər:
– Onda qayıt, padşahın oğlu bərk xəstədi, onu yaxşı elə.
Həkim dedi:
– Yaxşı!
Getdilər. Qapıdan içəri girən kimi oğlan qızı tanıdı. Dili yox idi ki, deyə məni bu öldürəcək. Həkim gəldi, baxdı dedi:
– Gərək bir xəlvət otaq ola ki, bunu orda müalicə edəm.
Müxtəsər, otağı xəlvət elədilər. Hamı çəkildi getdi.
Qız durub oğlanı göydən asdı, başladı bunu ülgüc ilə doğrayıb yerinə duz basıb, iynə ilə tikməyə. Belə-belə bunda bir sağ yer qoymadı.
Hamısın kəsdi, yerinə duz basdı, iynə ilə tikdi. Qız bir yandan qaçıb getdi. Aradan bir neçə saat keçdi. Getdilər görsünlər ki, oğlan necədi.
Gördülər ki, oğlan tamam qanın içindədi, həkim-zad da yoxdu.
Təzədən getdilər həkim gətirdilər. Həkim buna üç ay dava-dərman eləyib axırda yaxşı elədi. Oğlan yaxşı olan kimi arvadlarına dedi ki:
“bacınızı mənə aldınız, aldınız, almadınız, ikinizi də öldürəcəm”.
Arvadlar durub, kor-peşman bacılarının yanına getdilər, dedilər:
– Ay bacı, səni salamat olma! Bacı, bizim təqsirimiz nədi ki, bizi öldürtdürürsən? Bu nə kələkdi ki, bizim başımıza gətirirsən? Padşahın oğlu bizi öldürür, bizim qanımıza bais olma, gəl sən də get padşahın oğluna.
Qız bacılarına söz verib dedi:
– Gedərəm, gedin deyin, toyun eləsin!
Arvadlar gedib padşah oğluna xəbər apardılar. Padşahın oğlu üçüncü toyu başladı, yenə qırx gün, qırx gecə toy elədi. Gəlin aparmaq məqamı olanda Hacının qızı lələsinə bir balqabaq aldırıb, için təmizləyib doşabla doldurdu, özünə gələn paltarın da bir dəstini ona tikib geyindirdi. Gəlin gedəndə balqabağı gəlin yerinə mindirdi. Özü də yengə yerinə minib kəcavəyə getdi. Gəlini apardılar gərdəyin dalına, yengə də onunla getdi... Gecə oldu. Oğlanı gəlin otağına gətirdilər.
Bunu görüb Hacının qızı balabağın boğazına bir ip bağlayıb, ucun aldı əlinə, özü də qaçdı gizləndi. Padşahın oğlu qılıncı siyirib, girdi gərdəyin dalına. Dedi:
– Hacının qızı!
Hacının qızı əlindəki ipi çəkdi, qabağın başı tərpəndi.
Oğlan dedi:
– Hacının qızı, almanı əzib-əzib üstümə atan sən idin?
Hacının qızı ipi çəkdi, balqabağın başı tərpəndi. Oğlan elə bildi ki, deyir hə...
Oğlan dedi:
– Hacının qızı, mənə xərc çəkdirib, halvadan hamam tikdirib, üzüyünü suya salıb, məni aldadıb, qaçan sən idin?
Qız ipi çəkdi, balqabağın başı tərpəndi.
Oğlan dedi:
– Hacının qızı, nə zəhmətnən mənə bağça saldırıb, axırda da özümü çarmıxa çəkib, qırx kom çubuqla məni döyən sən idin?
Hacının qızı yenə ipi çəkdi, balqabağın başı tərpəndi.
Oğlan dedi:
– Hacının qızı, bu işlərin hamısından ürəyi soyumayıb, həkim paltarı geyib, gəlib məni doğrayan sən idin?
Qız yenə ipi çəkdi, balqabağın başı tərpəndi. Oğlan əlindəki qılıncla balqabağın boynunu vurdu, ovucun tutdu bunun axan qanının altına, ovucu doldu qanla. Oğlan çəkdi başına, qan əvəzində doşabı içdi. Qurtarandan sonra oğlan dedi:
– Bunun qanı belə şirin olanda, gör özü necə şirin imiş!
Oğlan sözünü qurtarıb özündən getdi. O saat qız gizləndiyi yerdən çıxıb, qılıncı aldı, oğlanın başını kəsdi. Oğlanın paltarını soyundurub özü geydi. Gəldi bacılarının yanına ki, durun gedək, sizi xilas etmişəm.
Qızları da götürüb gəldi öz evlərinə.
Atası da gəldi gördü ki, qızların üçü də evdədi.