Biri var idi, biri yox idi, Döşgüvar adlı zülmkar bir padşah var idi. Dünyagörmüş qocaların dediyinə görə bu padşah elə cavanlıqdan əzazil adam imiş. Padşahlığı ələ almaq üçün qoca atasını da özü zəhərləyib öldürmüş imiş.
Bu padşah taxta çıxan gündən camaatın günü lap qara olmuşdu. O, istəyinə çatmaq üçün yüzlərcə adamı öldürər, bircə dəfə də olsun uf deməzdi. Qonşu padşahlarla da yola getməzdi. İldə bir yerə hücum edərdi. Savaşardı, vuruşardı, qanı su yerinə axıdardı. Belə ki, hamının gözünü qorxutmuşdu. Bu padşahın uşağı yox idi. Nə qədər evlənirdisə uşağı olmurdu.

Padşah ildə üç arvad alardı. Elə ki gördü uşaq olmadı, arvadın üçünü də ya öldürərdi, ya zindana saldırardı, ya da qovub ayrı üç arvad alardı.
Günlərin bir günündə bir dərviş bu padşahın yanına gəldi, dedi:
– Padşah sağ olsun, mən sənə bir dərman verərəm, hər arvaddan bir oğlun olar. Amma bir şərtim var.
Padşah soruşdu:
– Nə şərt?
Dərviş dedi:
– Uşaqlar on beş yaşa çatanda birini mənə verməlisən.
Padşah razılaşdı. Dərviş padşaha bir dərman verdi. Sonra dedi:
– Bu dərmanı dörd yerə bölərsən. Bir payını özün yeyərsən, üç payını da arvadlarına verərsən.
Padşah dərmanı aldı. Dərviş çıxıb getdi. Padşah dərvişin dediyi kimi elədi. Gün keçdi, ay dolandı, padşahın hər arvadından bir oğlu oldu. Padşahın arvadlarından biri xan qızı idi. Odur ki, ondan olan oğlanın adını Xanbala qoydular. İkinci arvad bəy qızı idi. Onun, da oğlunun adını Bəybala qoydular. Üçüncü arvad bir yoxsul dəvəçinin qızı idi. Padşah onu çox gözəl olduğuna görə almışdı. Ondan olan oğlanın adını da Nərbala qoydular.
Aylar keçdi, illər dolandı, uşaqlar on dörd yaşı qurtarıb, on beşə ayaq qoydular. Nərbalanı sarayda həmişə ələ salardılar. O biri qardaşlar onu gah nər balası, gah dəvə balası, gah da köşək deyə çağırardılar.
Nərbalanın anasına da hamı aşağı nəzərlə baxırdı. O biri arvadlar
onu qulluqçu kimi işlədirdilər. Padşah özü də Nərbalanı saymırdı. Həmişə o biri oğlanlarını “Mənim Bəybalam”, “Mənim Xanbalam” deyə sevib oxşayırdı. Buna gələndə gülüb deyirdi:
– Pəh, pəh... Bir adamın ki, babası dəvəçi ola... Gör onun axırı nə olar da...
Nərbala neçə dəfə istəmişdi ki, qaçıb getsin, amma anası qoymamışdı, demişdi:
– Bala, atan çox hirslidi. Haraya qaçsan səni tapıb öldürər.
Əslində isə Nərbala o biri qardaşlarından həm güclü, həm də ağıllı idi. Gün o gün oldu ki, uşaqların on beş yaşı tamam oldu. Axşama bir az qalmış dərviş gəlib çıxdı. Padşah dedi:
– Dərviş, bilirəm nəyə gəlibsən. Ancaq sən gəl məndən uşaq istəmə. Mal, dövlət nə qədər istəyirsən sənə verim, çıx get.
Dərviş dedi:
– Yox, mənə heç nə lazım deyil. Ya uşaqlardan birini ver, ya da bu saat elə bir şey elərəm ki, üçü də ölər.
Padşah dedi:
– İndi ki, belədi, onda qoy Nərbala qurban olsun Xanbala ilə Bəybalaya.
Apar nə eləyirsən, elə.
Padşah əmr elədi, cəlladlar Nərbalanı tutub qollarını bağladılar, verdilər dərvişə. Nərbalanın anası işi bilib özünü atdı padşahın ayaqlarına dedi:
– Aman günüdü, mənim oğlumu bədbəxt eləmə.
Padşah qəzəblənib əmr elədi, arvadı da saldılar zindana. Dərviş Nərbalanı götürüb yola düşdü. Amma Nərbala anasının zindana salınmasından xəbər tutmadı.
Nərbala ilə dərviş az getdilər, çox getdilər, səhərə az qalmış çatdılar iki dağın arasına. Dərviş qabaqda, Nərbala da qolları bağlı onun dalınca gedirdi. Birdən bir səs eşitdi. Baxdı ki, bir quru kəllə onun yanınca dığırlana-dığırlana gedir. Özü də danışır. Nərbala diqqətlə qulaq verdi, gördü kəllə deyir:
– Nərbala, eşit, bil! Bu dərviş adam yeyəndi. Mən də sənin kimi cavan bir oğlan idim. Dərviş məni atamdan, anamdan alıb gətirdi, təndirə salıb bişirdi, yedi. Özünü qoru. Bizim qanımızı ondan al! Kəllə bu sözləri deyib yox oldu. Nərbala getdi fikrə, bilmədi ki, nə eləsin. Qayıdıb qaça bilməzdi, çünki əlləri barlı idi. Nə qədər qaçsaydı da, axırda dərviş onu tutacaqdı.
Nərbala başı aşağı belə fikirlərlə gedirdi, birdən dərviş dayandı, dedi:
– Çatdıq.
Nərbala başını qaldırıb gördü ki, dərənin lap qurtaracağında, heç kəsin ağlına gəlməyən yerdə, böyük bir binanın qabağındadırlar. Dərviş cibindən bir dəstə açar çıxardı. Bu açarlardan biri ilə qapını açdı.
Qabaqca Nərbalanı içəriyə saldı, sonra da özü girib, yenə də qapını bağladı. Onlar dar, qaranlıq bir yerdən keçib, bir otağa girdilər. Otaq da qaranlıq idi. Dərviş onu salınmış bir dəst yorğan-döşəyin yanına gətirib dedi:
– Həm gecdi, həm də yorulmuşuq. Yataq, sabah danışarıq. Mənim heç kəsim yoxdu. Səni özümə oğul eləyəcəyəm.
Bunu deyib, dərviş otaqdan çıxdı, qapını da daldan bağlayıb getdi.
Nərbala, doğrudan da, yorulmuşdu. Elə qolları bağlı uzanıb yatdı.
Amma səhərə qədər rahat yata bilmədi. Tez-tez diksinib yuxudan oyanırdı. Ətrafa qulaq asıb yenə də yatırdı. Səhər dərvişin ayaq səsləri onu oyatdı. Qulaq verib gördü ki, dərviş qapını açır. Tez sıçrayıb qalxdı. Dərviş içəriyə girdi. Onun qollarını açıb dedi:
– Bu mal, bu dövlət hamısı sənindi. Biz burada ata-bala kimi dolanacağıq.
Ancaq çörəyimiz yoxdu. Gəl qabaqca təndiri yandırıb çörək bişirək, sonra gör sənə nələr göstərəcəyəm.
Təndir deyəndə kəllənin dedikləri Nərbalanın yadına düşdü.
Ancaq o, indi qorxmurdu. Əlləri açıq idi. Dərvişin ona gücü çatmazdı.
Ancaq belə şirin-şirin danışmağından başa düşmüşdü ki, dərviş çox hiyləgər adamdı. Ona görə də dərvişin bütün sözlərinə, hərəkətinə çox diqqətlə fikir verirdi.
Dərviş Nərbalanı yan otağa apardı. Nərbala baxdı ki, bura təndir damıdır. Dərviş dedi:
– Oğul, həm xəmir yoğurmalıyıq, həm də təndiri yandırmalıyıq.
hansını sən eləyirsən?
Nərbala dedi:
– Baba dərviş, biz ki, ata-bala oluruq, daha yaramaz ki, mən duran yerdə sən iş görəsən. Bundan sonra bu işlərin hamısını mən görəcəyəm.
Ancaq hələ heç birini bacarmıram. Bu günlüyə sən elə, mən baxım, öyrənim.
Dərviş dedi:
– Doğru deyirsən, bala. Bax, öyrən!
Bunu deyib dərviş təndiri yandırdı. Sonra un gətirib xəmir yoğurmağa başladı. Elə ki xəmir hazır oldu, təndir də tüstüdən düşüb közərdi, dərviş ayağa durub yekə, qara bir tiyan gətirdi, təndirin içinə saldı.
Nərbala baxdı ki, bu tiyan elə bu təndir üçün düzəldilib. Tiyanın qulpları təndirin qırağına dayanmışdı, onu çox aşağı düşməyə qoymurdu. Tiyanın dibi təndirdəki oddan bir az yuxarıda dayanırdı. Nərbala soruşdu:
– Baba dərviş, bəs bu tiyan nə üçündü?
Dərviş dedi:
– Oğlum, çörəyi təndirə yox, bu tiyanın divarlarına yapacağıq. Bu onun üçündü ki, çörək küt düşəndə də təndirə düşüb xarab olmasın.
Nərbala başa düşdü ki, dərviş yalan deyir. O saat kəllənin sözləri onun yadına düşdü. Dərvişin məqsədi aydın idi. O istəyirdi ki, Nərbalanı həmin tiyanın içinə basıb bişirsin. Nərbala heç bir söz deməyib, gözlədi ki, görsün işin axırı nə olur.
Dərviş əyləşib xəmiri kündələdi, sonra kündələri yastıladı. Nərbala da ona kömək edirdi. Amma Nərbala açıq görürdü ki, dərviş qəsdən yavaş tərpənir. Dərviş o qədər gözlədi ki, təndirdəki tiyan od kimi qızardı. Ayağa qalxıb təndirin kənarında, oturdu, tiyanın istiliyini yoxladı, sonra Nərbalaya dedi:
– İndi gəl otur, çörəkləri yap.
Nərbala bu dəfə də heç bir söz deməyib təndirin başında oturdu.
Dərviş çörəklərdən birini ona verdi, dedi:
– Amma təndirin içinə elə sallan ki, çörəyi oda yaxın yapa biləsən, yoxsa bişməz.
Nərbala:
– Baş üstə, – deyib özünü elə göstərdi ki, guya çörək yapmağa hazırlaşır.
Amma əslində bir balaca əyilib qoltuğunun altından dərvişə baxmağa başladı. Gördü ki, dərviş səs olmasın deyə barmaqlarının ucunda divara yaxınlaşdı, oradan tiyanın qapağını götürdü. Bir əlinə balaca bir balta alıb ona tərəf gəlməyə başladı. Nərbala gördü ki, kəllənin dedikləri düz imiş. Dərviş istəyir ki, onu balta ilə vurub tiyanın içinə salsın, sonra da qapağını örtüb bişirsin.
Dərviş yaxınlaşanda Nərbala cəld bir hərəkətlə sıçrayıb ayağa qalxdı, dedi:
– Baba dərviş, mən heç vaxt təndirə çörək yapmamışam. Əlimdə xəmir təndirə əyilsəm, özüm də yıxılaram, çörəyi də salaram. Al, birini sən yap, baxım, öyrənim, o birilərini mən yaparam.
Dərviş acıqlanmışdı. Amma qəsdən üzə vurmayıb, tez, əlindəki şeyləri yerə qoydu, çörəyi Nərbalanın əlindən aldı, özü təndirin başında əyləşdi.
Nərbala o qədər gözlədi ki, dərviş əlindəki çörəyi yapmaq üçün başıaşağı təndirə sallandı. Nərbala “başqası üçün quyu qazanın özünü quyuya salmaq lazımdı” deyib dərvişə bir təpik vurdu. Dərviş başı üstə təndirə yıxıldı. Nərbala tez qapağı tiyanın ağzına basdı. Özü də çıxıb üstündə oturdu. Dərviş nə qədər qışqırdısa, Nərbala qapağın üstündən qalxmadı. Bir az keçdikdən sonra dərvişin səsi kəsildi.
Dərviş öləndən sonra Nərbala dərvişin sarayını gəzməyə başladı.Sarayda qırx otaq var idi, hamısı bir-birindən gözəl idi. Dünyada hər nə istəsən, burdan tapmaq mümkün idi.
Nərbala otuz doqquz otaq gəzib qurtardıqdan sonra, qırxıncı otağın qapısını açdı. Baxdı ki, bura təmiz, səliqəli, gözəl bir tövlədi. Tövlədə bir at, bir aslan bağlanıb, böyük bir qəfəsdə də gözəl bir quş var. Nərbalanı görcək at kişnədi, aslan nərildədi. Quş adam kimi danışıb Nərbalaya dedi:
– Xoş gəlmisən! Biz neçə müddətdi ki, burada əsirik. Amma bilirdik ki, dərviş nə qədər hiyləgər olsa da, axırda elə bir igid tapılacaq ki, ona qalib gələcək.
Nərbala baxdı ki, dərviş atın qabağına ət qoyub, aslanın qabağına dən töküb, quşun da qabağına ot qoyub. Tez, götürüb dəyişdirdi, əti aslana, otu ata, dəni də quşa verdi. Heyvanların üçü də səslənib Nərbalaya “sağ ol” dedilər. Sonra quş dedi:
– Nərbala, sən bizim yemlərimizi dəyişdin, hər kəsə öz yemini verdin, görünür ki, sən haqsızlığı sevməyən, insaflı bir adamsan. Biz belə bir adamın yolunda ölümə də gedərik. Hər nə çətin işin olsa bizə de. Biz sənə kömək eləməyə hazırıq.
Nərbala dedi:
– Mənim insafım qəbul eləməz ki, siz burda, bu qaranlıq tövlədə, qəfəsdə, zəncirlə bağlı qalasız. Mən sizi açıb buraxıram. Sonrasını özünüz bilərsiniz. Gedərsiz xoş gəldiz, yox, əgər qalarsız, mən də ölənə qədər sizinlə dostluq eləməyə hazıram.
Bunu deyib, Nərbala onların üçünü də açıb buraxdı. Heyvanlar qaçmaq əvəzinə üzlərini Nərbalanın əllərinə, ayaqlarına sürtməyə, onu yalamağa başladılar.
Quş dedi:
– Biz gündüzləri gedib gəzəcəyik, dolanacağıq, özümüzə yem tapacağıq, axşamları həmişə buraya gələcəyik.
Quş sözünü qurtarıb uçdu. Atla aslan da çıxıb bir dəqiqədə yox oldular.
Nərbala dərvişin bağçasını gəzməyə başladı. Bağça elə bir bağça idi ki, necə deyərlər, gül bülbülü, bülbül gülü çağırırdı. Burada elə gözəl meyvələr, güllər, çiçəklər var idi ki, Nərbala bunları öz atasının ən məşhur bağlarında da görməmişdi. Nərbala o qədər gəzdi ki, lap yorulub əldən düşdü. Axırda yığdığı meyvələri yedi, bulağın başında uzanıb yatdı. Az yatdı, çox yatdı, bilmədi, bir vaxt gözlərini açanda gördü ki, at bir tərəfində, aslan da o biri tərəfində durub, quş da başının üstündəki daşda oturub. Heyvanlar Nərbalaya yemək də gətirmişdilər.
Aslan bir ceyran ovlayıb gətirmişdi. Quş isə bir kəklik tutub gətirmişdi. Nərbala özünə xörək hazırladı, yedi, içdi, yatdı.
Bu gündən Nərbala heyvanlarla dost oldu. Günlər keçdi, həftələr dolandı. Nərbala darıxmağa başladı. Heyvanlar bunu başa düşdülər.
Bir axşam quş dedi:
– Əgər çox darıxırsansa, biz səni şəhərə aparaq.
Nərbala öyrənib bildi ki, bu şəhər atasının çox incitdiyi bir padşahın paytaxtıdı. Qorxdu ki, şəhərdə tanınıb ələ keçə bilər. Axı, onlar nə bilirlər ki, atası onun özünün də düşməni olub, bilə-bilə qəsdən ölümə göndərib. Quş Nərbalanı fikirli görüb dedi:
– Biz bilirik sən nə fikir eləyirsən. Ancaq qorxma. Paltarını dəyiş.
Köhnə bir paltar gey. Biz səni səhər tezdən, hələ işıqlanmamış şəhərə çatdırarıq. Gəzərsən, dolanarsan, axşam qaranlıq düşəndən sonra da gəlib səni gətirərik.
Nərbala razılaşdı. Gecəni yatdılar. Səhər hələ işıqlaşmamış Nərbala qalxdı, bir dəst köhnə paltar geyindi, başına da bir köhnə dəsmal bağladı, atı mindi. At altında, aslan yanında, quş da başının üstündə hələ səhər açılmamış şəhərə çatdı. At şəhərin kənarında uca bir hasarın yanında dayandı.
Nərbala düşdü. Quş hasarı göstərib dedi:
– Bura padşahın gül bağıdı. Yaz, yay, bir də payız fəsillərində padşahın qızları bu bağdakı sarayda yaşayırlar.
Sonra tükündən bir dənə çəkib Nərbalaya verdi:
– Gəzib dolanarsan, axşam isə bizi burda gözləyərsən. Ancaq işdi, birdən biz gələnə qədər başına bir qəza gəlsə, bu tükü yandırarsan, biz harda olsaq, sənin köməyinə gələrik.
Heyvanlar getdilər. Nərbala da yavaş-yavaş şəhərə tərəf gəldi.
Şəhər böyük idi, tanış da yoxudu. Nərbala təkbaşına o qədər gəzdi ki, lap yorulub əldən düşdü. Axşama bir qədər qalmış, həmin bağın yanına gəldi, hasarın yanında dayandı, gözləməyə başladı. Birdən bağın qapısı açıldı, içəridən ağsaqqal bir qoca çıxdı. Nərbala ədəblə salam verdi. Qoca salamı alıb dedi:
– Oğlum, qərib adama oxşayırsan. Kimsən? Burada niyə dayanıbsan?
Bəlkə yatmağa yerin yoxdu?
Nərbala indiyə kimi heç kəsdən belə şirin söz eşitməmişdi. Gördüyü kişilər – atası, qardaşları, saraydakı adamlar olmuşdu ki, onların hamısı da onu ələ salıb gülərdi. Bunlardan başqa Nərbala bir də dərvişi görmüşdü ki, o da onu öldürmək istəmişdi. Nərbalanın qocadan çox xoşu gəldi, dedi:
– Bəli, qəribəm. Birinci dəfədi ki, şəhərə gəlmişəm. İndi yoldaşlarımı gözləyirəm ki, onlara qoşulub kəndimizə gedim.
Qoca dedi:
– Oğlum, mən bu bağın bağbanıyam. Buranı mən salmışam. Bu ağacları mən becərib yetişdirmişəm. Bir neçə dəfə bizim qonşuluqda olan padşah qoşun çəkib bizim üstümüzə gəlib, şəhərimizi talayıb, adamlarımızı qırıb, amma duruş gətirə bilməyib, qaçıb gedib. Hər dəfə gedəndə bizim bağı da viranə qoyub, sonradan yenə də düzəltmişəm.
Mən görürəm ki, sən bir yaxşı uşaqsan. Mənim də heç kəsim yoxdu. O padşah axırıncı dəfə bizim üstümüzə gələndə mənim də evimi talan elədi, var-yox bircə oğlum var idi, onu da öldürdü. İndi səni gördüm, yaman ürəyimə yatdın. Əgər ayrı bir işin, peşən yoxdursa, gəl mənə şagird ol, birlikdə işləyək, mənim ömrümə çox qalmayıb. İstəmirəm ki, məndən sonra bağ naşı adam əlinə düşüb xarab ola.
Nərbala dedi:
– Gələrəm əmi, ancaq bu gün gərək kəndimizə gedib anamdan icazə alam, sonra gələm.
Qoca öz evini Nərbalaya göstərdi, dedi:
– Əgər gəlsən, qapını döyüb məni çağırarsan.
Nərbala dedi:
– Baş üstə.
Bağban evinə girdi. Nərbala da hasarın yanına qayıtdı. Amma Nərbalanı fikir götürmüşdü ki, görəsən bağban hansı qonşu padşahdan danışır. Bəlkə elə onun atasından danışır. Nərbala bu fikirdə idi ki, at, aslan və quş gəldi. Nərbala yenə də atı mindi, aslan yanında, quş da başının üstündə evə gəldi. Evdə Nərbala dostlarına dedi:
– Mən burda adamsızlıqdan, bir də işsizlikdən darıxıram. Gedib bağbana şagird olacağam.
Səhər tezdən heyvanlar onu yenə də həmin bağın yanına gətirdilər.
Quş tükündən bir neçə dənə çəkdi, ona verib dedi:
– Biz orda qalacağıq, nə zaman sənə lazım olsaq, tükü yandırıb bizi çağırarsan.
Nərbala dostları ilə görüşdü. Onlar getdilər. Nərbala da bağbana şagird olub bağda işləməyə başladı.
Bu, şəhərin ən gözəl bağı hesab olunurdu. Özü də padşahın idi. Padşahın üç qızı var idi. Qızlar hər gün axşam bağı gəzərdilər. Nərbalanın bağa gəldiyi günün axşamı qızlar adətləri üzrə bağa gəzməyə çıxmışdılar. Nərbala da bağın bir tərəfində bağbanla işləyirdi. Qızlar bir qədər gəzdikdən sonra bağbanın yanına gəldilər. Böyük qız dedi:
– Bağban, bağdakı güllər açılıb, bunlardan niyə səhərlər dəstə tutub bizə gətirmirsən?
Bağban dedi:
– Xanım, mən qəsdən dəstə tutub gətirmirəm ki, özünüz gəlib dərəsiz.
Ortancıl qız ağzını büzüb dedi:
– Yaxşıdı... Gülü biz özümüz gəlib dərəcəyiksə, bəs səni niyə saxlayırıq?
Bağban dedi:
– Xanım, mən elə demədim. Axı gül dərməyin özünün başqa bir ləzzəti var. Mən elə bildim ki, bu sizə də lazımi ləzzət verər. İndi ki, belədi, baş üstə, səhər dəstə tutub Nərbala ilə göndərərəm.
Böyük qız soruşdu:
– Kimlə göndərərsən?
Bağban Nərbalanı göstərib dedi:
– Nərbalaynan.
Böyük qız Nərbalaya baxıb, başladı gülməyə.
– Nərbala... Nərbala... Ada bax ha... Nərbala...
Ortancıl qız dedi:
– Yaxşı addı... nər, yəni dəvə... Nərbala, yəni dəvə balası.
Böyük qız dedi:
– Yəni köşək... elə özü də lap dəvə balasına oxşayır.
Ortancıl qız dedi:
– Mənə gülü özün gətirərsən. Mən onun paltarından iyrənirəm.
Kiçik qız hirslənib bacılarına dedi:
– Siz elə həmişə beləsiz. Niyə, ona nə olub ki? Nə olsun ki, paltarı bir az köhnədi, siz onun gözlərinə baxın. Görün nə ağıllı gözləri var.
Böyük qız dedi:
– Hə... Yekə... Qara...
Ortancıl qız dedi:
– Elə lap dəvə gözünə oxşayır.
Kiçik qız üzünü Nərbalaya tutub dedi:
– Sən bunlara fikir vermə, ay oğlan. Səhər mənə gülü özün gətirərsən.
Bacılar gülüşüb dedilər:
– Səhər tezdən sənə bir dəstə dəvə gülü gətirəcək.
Nərbala dedi:
– Xanımlar, varın verən utanmaz. Hər kəs öz qabiliyyətinə, öz qanacağına görə iş görər. Mən elə gül gətirərəm ki, balaca xanımın başı
aşağı olmaz.
Qızlar gülüşə-gülüşə dedilər:
– Səhər baxarıq.
Qızların Nərbalanı ələ saldıqlarını görən bağban çox qəmgin olub dedi:
– Darıxma, oğlum. Onların sözləri sənə toxunmasın.
Nərbala dedi:
– Yox, əmi. Bu sözlər mənim üçün təzə deyil. Belə sözləri çox eşitmişəm.
Bağban Nərbalanı da götürüb evə gəldi. Bir az çörək yeyib yatdılar.
Elə ki bağban yuxuya getdi. Nərbala qalxıb çölə çıxdı. Quş verən tükün birini yandırdı. Beş dəqiqə keçməmiş quş hazır oldu. O dedi:
– Nə olub, Nərbala?
Nərbala dedi:
– Gərək səhər açılmamış mənə bir dəstə gül gətirəsən. Amma elə gül tapmalısan ki, bu padşahın məmləkətində olmasın.
Quş cavab verdi:
– Baş üstə. Mən sənə bir dəstə gül gətirərəm ki, gələn il bu vaxta qədər qalsın, heç solmasın.
Quş uçub getdi. Nərbala da gəlib yatdı. Səhər tezdən bağban Nərbalanı oyatdı ki:
– Dur, bala. Mən böyük xanımlar üçün gül yığmağa gedirəm. Dur, sən də gedək. O balaca xanım böyüklərin ikisindən ağıllı, yaxşı qızdı.
Sən gərək ona elə dəstə tutasan ki, başı aşağı olmasın.
Nərbala dedi:
– Sən get, mən də bu saat gəlirəm.
Bağban bağa getdi, iki dəstə gül yığıb, qızlara apardı. Qızlar baxdılar ki, bağban gülü gətirdi, amma Nərbala yoxdu. Yenə də gülüb, kiçik qızı ələ salmağa başladılar. Elə bu vaxt Nərbala gəldi. Ədəblə salam verib, əlindəki gül dəstəsini kiçik qızın qabağına qoydu, dedi:
– Xanım, bu elə güldü ki, gələn il bu vaxta qədər qalacaq, solmayacaq.
Güllər o qədər gözəl idi ki, qızlar heç bir söz deyə bilmədilər.
Hərə öz gülünü otağına apardı. Gecəni yatdılar, Səhər durub gördülər ki, bağbanın gətirdiyi güllər yavaş-yavaş solur. Amma kiçik qızın gülü elədi ki, elə bil, bu saat dərilib.
Bir gün, iki gün, üç gün, bir həftə keçdi, Nərbalanın gətirdiyi güllər solmadı ki, solmadı. Bacılar kiçik qızdan gizli bütün bağı gəzdilər.
Başa düşdülər ki, Nərbala bu gülləri ayrı yerdən gətirib. Bacılar paxıllıqdan azarladılar. Xəbər gedib padşaha çatdı ki, bəs bağbanın şagirdi onun kiçik qızına bir dəstə solmayan gül gətirib, o biri qızlar da buna dözə bilməyiblər, azarlayıblar. Padşah dedi:
– Burda nə çətin iş var ki? Sabah çağırıb deyərəm, gedib onlar üçün də gətirər.
Sabahısı gün padşah Nərbalanı yanına çağırdı, dedi:
– A gədə, o gülü sən gətiribsən?
Nərbala cavab verdi:
– Bəli.
Padşah dedi:
– Bu gün gedib ondan iki dəstə də gətirərsən.
Padşah bu sözləri dediyi vaxt vəzirin, vəkilin oğlanları da burda idilər. Vəzirin oğlu durub dedi:
– Padşah sağ olsun, bunun özü nədi ki, gətirdiyi gül nə ola?
Vəkilin oğlu dedi:
– Sən icazə ver, biz gedib ondan da yaxşı gül tapaq.
Nərbala çox sakit dedi:
– Siz ondan yaxşı gül tapa bilməzsiniz. O elə güldü ki, dərildikdən sonra bir il solmur. Çalışın, onun özündən tapın.
Padşah dedi:
– Sən onu hardan dərmisən?
Nərbala dedi:
– O gülləri mən dərməmişəm. O gülləri ağ atlı, ağ çuxalı, ağ papaqlı bir oğlan bazara aparırdı, mən ondan aldım, aparıb xanıma verdim. Padşah dedi:
– Bəs bilmədin o, gülü hardan gətirirdi?
Nərbala dedi:
– Soruşdum, dedi ki, bax, o dağın dalından yığmışam.
Padşah dedi:
– Yaxşı, get, yığ gətir.
Nərbala dedi:
– Padşah sağ olsun, mən burda qərib bir oğlanam. Özümün də atım yox, ulağım yox, nə ilə gedim?
Vəzirin oğlu ilə vəkilin oğlu qalxdılar ki:
– Padşah sağ olsun, biz duran yerdə o kimdi ki, şah qızlarına gül gətirə. İzn verin, biz gedək.
Padşah icazə verdi. Oğlanlar hazırlaşmağa getdilər. Nərbala da bağa gəldi. Gün keçdi, axşam oldu. Nərbala ilə bağban yatmağa hazırlaşırdılar ki, qapı yavaşca döyüldü. Bağban durub qapını açdı. Padşahın kiçik qızı içəriyə girdi. Nərbala ədəblə ayağa qalxıb salam verdi.
Qız soruşdu:
– Sən gülün yerini onlara dedinmi?
– Bəli, xanım, dedim.
– Sabah onlar o güldən gətirə biləcəklərmi?
Nərbala duruxdu. Qız bir də soruşdu.
– Demək ki, sabah onlar o güldən gətirəcəklər.
Nərbala dedi:
– Mən sizə yalan demək istəmirəm, xanım. Ona görə də sizin xoşunuza gəlsə də, gəlməsə də düzünü deyəcəyəm.
Qız baxdı ki, Nərbala çox ciddi oğlandı, dedi:
– Elə mən də istəyirəm ki, düzünü deyəsən.
Nərbala dedi:
– Çünki o gülü onlar tapa bilməzlər.
Qız dedi:
– Demək ki, sən gülün yerini onlara düz deməmişsən. Halbuki bu saat deyirdin sən yalançı deyilsən.
Nərbala dedi:
– Mən yalan deməmişəm. Mən demişəm ki, o gülü ağ atlı, ağ çuxalı, ağ papaqlı bir oğlan gətirib. Bu da düz.
Qız dedi:
– Bəs o oğlan kimdi? İndi o haradadı?
Nərbala dedi:
– Xanım, bayaq dedim ki, mən sizə yalan danışa bilmərəm. Düzünü də hələlik demirəm. Odu ki, xahiş edirəm bu sualı mənə verməyəsiniz.
Qız baxdı ki, xeyr, Nərbala çox ağıllı adamdı. Fikrə getdi, dedi:
– Nərbala, mən istəyirəm ki, sabah onlar o güldən tapıb gətirsinlər.
Nərbala soruşdu:
– Niyə?
Qız dedi.
– Mənim bacılarım çox hiyləgər insafsızdırlar. Mən bu saat onların söhbətini eşitmişəm. Onlar bu iş üçün səndən, bir də bağbandan intiqam almaq istəyirlər. Əgər sabah gül tapılmasa onlar vəzirin oğlu ilə vəkilin oğlunu öyrədəcəklər ki, gülün yerini deyənə qədər sənə cəza versinlər, sonra da öldürsünlər.
Nərbala gülüb dedi:
– Xanım, sən mənim bağban oğlu olduğuma baxma. Onlar heç yel olub mənim yanımdan da ötə bilməzlər.
Qız baxdı ki, yox, Nərbala həm də igid oğlandı. Ürəyində lap sevindi, dedi:
– Nərbala, onlar atamı da yoldan çıxaracaqlar ki, bağbana cəza versin.
Nərbala soruşdu:
– Ona niyə?
Qız dedi:
– Birinci, ona görə ki, o səni haradan tapıb gətirib?
Nərbala dedi:
– Bu barədə ona heç kəs bir söz deyə bilməz. Çünki mən onun nəvəsiyəm.
Mənim anam onun qızı idi. Biz kənddə yaşayırdıq. İndi anam ölüb, babamın yanına gəlmişəm.
Qız bağbana baxdı. Bağban gördü ki, oğlan çox ağıllıdı, dedi:
– Bəli, xanım. O mənim nəvəmdi.
Qız Nərbalaya dedi:
– İndi ki, belədi, sən gərək razı olmayasan ki, atam sənin babana cəza verə. Onlar istəyirlər, atam ona cəza versin ki, niyə indiyə kimi o güldən tapıb bu bağda əkməyib.
Bunu eşidən Nərbala fikrə getdi.
– Xanım, xahiş eləyirəm beşcə dəqiqə burda dayanasan. Mən bu saat gəlirəm.
Nərbala çölə çıxıb tükü yandırdı. Quş o saat yetirdi. Nərbala quşdan soruşdu:
– De görüm, o gülün tumundan tapıb gətirə bilərsənmi?
Quş dedi:
– Taparam.
Nərbala dedi.
– Səhər açılmamış atı mənə çatdırarsan. Üstündə də atın öz rəngində bir dəst ağ paltar, ağ papaq olsun.
Quş dedi:
– Baş üstə.
Nərbala dedi:
– Bir də mənə iki dəstə solmayan güldən gətirərsən.
Quş dedi:
– Baş üstə.
Quş uçub getdi. Nərbala içəriyə qayıdıb qıza dedi:
– Xanım, siz ki, bacılarınız kimi dikbaş, başqalarını ələ salan, özünü hamıdan uca tutan deyilsiniz, mən ömrümün axırına qədər sizinlə dost olacağam. Hər bir arzunuzu yerinə yetirəcəyəm. Arxayın ola bilərsiz. Sabah onlar gül tapacaq.
Qız bağbana baxdı, bağban qıza, amma heç biri bir söz demədi. Qız çıxıb getdi. Nərbala ilə bağban da yerlərinə girib yatdılar.
Səhərə yaxın quş iki dəstə gül, bir də atı gətirdi. Nərbala ağ paltarı geydi, ağ papağı qoydu, atı mindi gülləri də götürüb birbaş padşaha dediyi dağın dalına getdi. Səhər açıldı. Nərbala baxdı ki, budu vəzirin oğlu ilə vəkilin oğlu gəlirlər. Tez üzünü ağ bir dəsmalla örtdü ki, tanımasınlar.
Atı minib yavaş-yavaş onlara tərəf sürməyə başladı. Oğlanlar baxdılar ki, Nərbalanın dediyi kimi, ağ paltarlı, ağ atlı adam gəlir.
Özü də əlində həmin güldən iki dəstə gətirir. Bir istədilər hücum eləyib onu vurub öldürsünlər, atı da, gülü də alsınlar. Amma bir ata, bir də oğlana baxıb qorxdular. Salam verib soruşdular ki:
– O gülü hardan alıbsan?
Nərbala səsini dəyişib dedi:
– Bu gül mənim bağımda bitir. Dedilər:
– Neçəyə deyirsən, sat alaq.
Nərbala dedi:
– Satmıram.
Dedilər:
– Onda elə-belə ver. Xəstəmiz var. Həkimlər bu gülü dərman deyiblər.
Nərbala dedi:
– İndi ki, xəstəniz var, verərəm. Amma əvəzində hərənizin qoluna bir damğa basmalıyam.
Oğlanlar gördülər ki, ayrı yolla gülü ala bilməyəcəklər. Fikirləşdilər ki, paltarın altında bizim qolumuzda damğa olduğunu kim görəcək.
Razılaşdılar. Nərbala hərəsinin sağ qoluna bir damğa basıb, gülləri onlara verdi, özü də atı vurub bir dəqiqədə gözdən itdi. Elə ki təpənin dalına yetişdi, atdan düşdü, paltarını dəyişib atı yola saldı, evə gəldi.
Bir-iki saatdan sonra bütün şəhərə səs yayıldı ki, vəzirlə vəkilin oğlanları böyük igidlik göstəriblər. Amma qollarındakı damğadan heç kəsin xəbəri olmadı. Elə həmin gün vəzirlə vəkil padşahın yanına gəldilər.
Vəzir baş əyib dedi:
– Padşah sağ olsun, mənim oğlum çox böyük igidlik göstərdi.
Sənin böyük qızının istədiyi gülü tapıb gətirdi. İndi mən elçiliyə gəlmişəm.
Əgər icazə versən, böyük qızını oğluma istərəm.
Vəzirdən sonra vəkil baş əyib dedi:
– Padşah sağ olsun, razılıq ver, ortancıl qızını da mənim oğluma nişanlayaq.
Padşah dedi:
– Sizin oğlanlarınız igid olduqlarını sübut elədilər. Mənim sözüm yoxdu. Ancaq gərək mənim qızlarımın üçünün də toyu birdən ola. Bir də gərək qızlar özləri deyələr ki, kimə getmək istəyirlər.
Padşah əmr elədi, sabahısı gün bütün əhali sarayın qabağına yığışdı.
Qızların üçü də balkonda oturdu. Hərəsinin də əlinə bir alma verdilər. Tapşırdılar ki, kim hansı oğlanı istəyirsə, almanı ona atsın. Sonra oğlanlar bir-bir gəlib balkonun qabağından keçməyə başladı. Kiçik qız almanı atmadı ki, atmadı. Bütün oğlanlar keçib qurtardı. Padşah axırda adam göndərdi ki:
– Qız niyə almanı atmır?
Qız cavab verdi ki:
– Mənim gözlədiyim hələ gəlməyib.
Ha fikirləşdilər kim qalıb, tapa bilmədilər. Çünki şəhərin oğlanlarının hamısı gəlib keçmişdi. Axırda adamlardan biri dedi:
– Bağbanın nəvəsi Nərbala qalıb.
Adam göndərdilər, o da gəldi. Onu əslində elə-belə çağırmışdılar.
Heç kəs inanmırdı ki, padşahın qızı ona alma ata. Amma iş başqa cür oldu. Nərbala gəlib balkonun qabağından keçəndə, kiçik qız əlindəki almanı ona atdı. Bunu görən padşah cin atına mindi, dedi:
– O ki, bu gədəyə alma atdı, daha mənim qızım deyil. Özünü də elə güclə gədəyə verəcəyəm. Qoy hamı ona gülsün.
Padşah böyük qızı ilə ortancıl qızına çoxlu cehiz verdi, yaxşı toy elədi, kiçik qıza isə heç bir şey verməyib bağbanın evinə göndərdi.
Bağban, Nərbala, bir də kiçik qız bir evdə yaşamağa başladılar. Amma qız igid qız idi. Özü heç fikir eləmirdi, bağbanı, Nərbalanı da fikir eləməyə qoymurdu.
Bu işin üstündən bir müddət keçdi.
Bir gün padşah bərk azarladı. Boğazı elə şişdi ki, heç bir şey keçmədi. Nə qədər dərman verdilər, kömək eləmədi. Axırda məşhur bir həkim tapıb gətirdilər. Həkim dedi:
– Sən gərək bir neçə gün ov ətinin suyunu içəsən.
Kürəkənlər bunu eşitdilər. Atlarını minib ov axtarmağa getdilər.
Bu əhvalatı Nərbala da eşitdi. Quşun tükünü yandırdı. Ağ paltarı geydi, atı mindi, aslan yanında, quş başının üstündə özünü yetirdi bir bulağın başına. Atdan düşdü, heyvanlara dedi:
– Nə qədər bu ətrafda ov varsa hamısını yığın buraya.
Bir saatın İçində bulağın başı doldu ovla. Bir tərəfdən at, bir tərəfdən aslan, bir tərəfdən quş, bir tərəfdən də oğlan özü dörd tərəfi kəsdilər.
Kürəkənlər hər yeri axtarıb, əldən-ayaqdan düşdülər, ov tapa bilmədilər.
Geri qayıdanbaş baxdılar ki, bulağın başı doludu ovla. Oxlarını düzəldib vurmaq istəyəndə Nərbala bu tərəfdən çıxdı, dedi:
– Nə eləyirsiniz! Görmürsüz onların sahibi burdadı! Kürəkənlər baxdılar ki, həmin ağ paltarlı oğlandı, dedilər:
– Onun nə sahibi?!
Nərbala dedi:
– Onda bir balaca dayanın, bu saat görərsiniz ki, onların sahibi var, ya yoxdu.
Bunu deyib Nərbala kəmənd atdı, ovlardan birini tutdu. Sonra bir fit verdi. Bir tərəfdən quş, bir tərəfdən at, bir tərəfdən də aslan onun yanına gəldilər. Onlar hamısı qaçıb getdilər. Kürəkənlər işi belə görəndə lap məəttəl qaldılar. Nərbala gülüb dedi:
– Mən bilirəm ki, sizin qayınatanız bərk xəstədi. Həkimlər də ona ov ətinin suyunu dərman deyiblər. Bax, bu ovu mən sizin üçün tutmuşam.
Amma şərtim var. İndi də hərənizin sol qoluna bir damğa basacağam.
Kürəkənlər baxdılar ki, ayrı çarə yoxdu. Razı oldular. Nərbala onların qollarına damğa basdı, sonra dedi:
– Ancaq ovun başını kəsib götürəcəyəm.
Kürəkənlər buna da razı oldular. Nərbala ovun başını kəsdi. Kəsəkəsə deyirdi:
– Adı başına, dadı başına.
Nərbala elə ki işini qurtardı, ovun kəlləsini götürdü, atı mindi, aslan yanında, quş da başının üstündə beş dəqiqənin içində gözdən itdi.
Kürəkənlər ovu gətirib gəldilər. Arvadları tez ovu bişirdilər, suyunu padşaha verdilər. Amma bu dərman padşaha heç bir kömək eləmədi.
Ona görə kömək eləmədi ki, Nərbala ovun başını kəsəndə demişdi: “Adı başına, dadı başına”. Ovun da bütün dadı başına keçmişdi.
Nərbala elə ki təpənin dalına çatdı, yenə də heyvanları buraxdı, paltarını dəyişdi, ovun kəlləsini də götürüb evə gəldi. Bağbanla qız kəlləni görüb soruşdular:
– Bu nədi?
Nərbala dedi:
– Padşahın kürəkənləri ov vurdular, başını kəsib atdılar, mən də götürüb gətirdim, bişirəsiniz.
Bağban qıza baxdı, qız bağbana baxdı, şübhələndilər, amma bir söz demədilər. Oğlan qıza dedi:
– Əgər istəyirsən ki, atan yaxşı olsun, o kəlləni bişir, suyundan bir qab ona ver.
Qız kəlləni bişirmək istəmədi. Çünki atası onun üzünə heç baxmaq istəmirdi. Onun gətirdiyi xörəyi yeyərdimi? Özü də ki, xörək də bir xörək ola. O biri kürəkənlərin vurduqları ovun kəlləsinin suyu.
Bağban dedi:
– Qızım, o nə deyir, eləcə də elə, o bir şeyi bilməsə deməz.
Qız kəlləni bişirdi, suyundan bir qab atasına apardı. Amma qorxudan özü onun yanına girə bilmədi. Bir qoca dayəsi var idi. Ona verib göndərdi. Padşah kəllənin suyundan bir qaşıq içdi, gözləri işıqlandı.
Bir qaşıq da içdi, elə bil boğazı açılmağa başladı. Qabı ikiəlli tutub başına çəkdi, qurtarandan sonra qışqırdı ki:
– Bundan yenə də verin.
Dayə qaçıb kiçik qızın xörək qazanını götürüb gətirdi. Axşama qədər padşah kəllənin suyunu içib qurtardı. Səhər sapsağlam olub ayağa durdu. Bütün şəhərə səs yayıldı ki, kürəkənlərin vurub gətirdikləri ovun suyu padşahı sağaldıb. Padşah elə ki, sağaldı, dayəni yanına çağırdı:
– Sən o xörəyi hardan almışdın? Onun dadı başqa idi. Kürəkənlərimin vurduğu ovdan deyildi.
Dayə açıb əhvalatı danışdı. Padşah bircə kəlmə də olsun danışmadı.
Əhvalat gizli qaldı. Kürəkənlər də ki, onsuz da lovğa idilər. Bu işdən sonra bir az da lovğalanmağa başladılar. Özlərini elə çəkirdilər ki, daha yerə-göyə sığışmırdılar.
Bu işin üstündən bir müddət keçdi. Bir gün qasidlər xəbər gətirdilər ki, Döşgüvar padşah yenə də qoşun çəkib onların üstünə gəlir.
Bütün əhali bir-birinə dəydi. Çünki bu yerin əhalisi Döşgüvar padşahın davasını, zülmünü görmüşdü.
Padşah əmr eləyib vəzir, vəkili yığdı. Qoşun hazırlamağa başladılar.
Üç gündən sonra Döşgüvar padşah qoşunu ilə gəlib şəhərin ətrafını tutdu, padşaha da belə bir məktub göndərdi:
– “Ey padşah, gəlib şəhərinin ətrafını tutmuşam. Bircə dəfə qoşuna əmr versəm, şəhərində daş daş üstündə qalmaz. Sənə üç gün möhlət verirəm. Mənim iki oğlum var, sənin iki kürəkənin. Birinci gün mənim Xanbala oğlum sənin böyük kürəkəninlə vuruşacaq. İkinci gün Bəybala oğlum o biri kürəkəninlə vuruşacaq. Üçüncü gün mənim özüm səninlə vuruşacağam. Hansı tərəf basıldı, o tərəf təslim olmalıdı. Ya şərti qəbul elə, ya da şəhəri xarabaya çevirib yerində turp əkəcəyəm”.
Padşah saray adamlarını çağırıb məktubu oxudu. Çarələri kəsilib şərti qəbul elədilər. Kürəkənlər hazırlaşmağa başladılar.
Səhər qoşunlar üz-üzə dayandı. Kürəkənlər geyinib getdilər. Nərbala kiçik qıza dedi:
– Get, atana de, mənə də bir at, bir qılınc versin. Düzdü, mən gücsüzəm, dava-zad görməmişəm, amma heç olmazsa qoşunun içində dayanıb qaraltı elərəm ki...
Qız getmək istəmədi. Çünki sarayda hamı ona, bir də Nərbalaya çox pis nəzərlə baxırdı. Həmişə ələ salıb gülürdü. Bacıları ilə yeznələri də ki, Nərbalanın adını dəvə balası qoymuşdular. Bilirdi ki, indi də gedib at istəsə, hamı ona güləcək. Odur ki, getmək istəmirdi. Amma Nərbala əl çəkmədi. Qız axırda durub atasının yanına getdi.
– Ata, əmr elə, bir atla, bir qılınc də bizə versinlər.
Padşah gülüb dedi:
– Nə var? Yoxsa dəvə balası qeyrətə gəlib.
Qız hirslənib, dedi:
– Ata, niyə bizi ələ salırsan?
Padşah da hirslənib cavab verdi:
– Sən gərək elə oğlana ərə gedəydin ki, indi qoşunun qabağında dayana idi. Amma kimə getdin, bir gədənin birisinə. Bacılarını görürsən?
Qız dedi:
– Nə olar. Bütün bacılar ağıllı olmaz, bütün kürəkənlər də igid olmaz.
Padşahın ürəyi kövrəldi. Bir də onun gətirmiş olduğu xörək yadına düşdü. Dedi:
– Bir mənə de görüm, sən onda xörəyi haradan alıb mənə göndərmişdin?
Qız əhvalatı danışdı:
– O biri kürəkənlərin ov vurmuşdular, başını kəsib atmışdılar.
Nərbala götürüb evə gətirmişdi. Mən xörəyi həmin o kəllədən bişirmişdim.
Padşah fikrə getdi, dedi:
– Yaxşı, bəs sənin hardan ağlına gəldi ki, ondan mənə göndərdin?
Qız dedi:
– Nərbala mənə dedi ki, əgər atanın sağalmasını istəyirsənsə, o xörəkdən ona göndər.
Padşah daha heç bir söz demədi. Çağırıb tapşırdı ki, Nərbalaya bir at, bir də bir qılınc versinlər.
Qoşunun böyüyü gülmək üçün Nərbalaya bir axsaq yabı, bir də yarısı qırılmış bir qılınc göndərdi.
Bağban yabı ilə qılıncı görüb elə ucadan güldü ki, oğlan da, qız da qorxdular. Bağban dedi:
– Ay bala, ürəyini sıxma.
Nərbala cavab verdi:
– Ürəyimi niyə sıxıram? Gəl, görək.
Nərbala qabaqda, bağban da dalda yabının ipindən tutub meydana gəldilər.
Süpürgəçilər meydanı süpürdülər, təbil vuruldu. Döşgüvar padşahın tərəfindən Xanbala meydana çıxıb pəhləvan istədi. Bu tərəfdən də böyük kürəkən meydana çıxdı. Elə birinci vuruşda Nərbala bildi ki, Xanbala kürəkəni basacaq, odur ki, bağbana dedi:
– Sən burda dayan, mən bu saat gəlirəm.
Nərbala meydandan çıxdı, bir dalda yerə çəkilib tükü yandırdı. Quş hazır olub dedi:
– Nə olub, Nərbala?
Nərbala cavab verdi ki:
– Bu saat atı, bir də paltarımı mənə çatdır.
Beş dəqiqə keçməmiş hamısı hazır oldu. Nərbala atı mindi, təpənin üstünə qalxıb baxdı ki, Xanbala kürəkənin qollarını bağlayır.
Xanbalanın adamları böyük kürəkəni əsir eləyib apardılar. Döşküvar padşahın qoşunu şadlıq təbili çaldı. Xanbala lovğa-lovğa meydanı gəzib, pəhləvan istəməyə başladı.
Nərbala atı vurdu. Bir də baxdılar ki, bir ağ paltarlı, ağ atlı adam budu ildırım kimi gəlir.
Nərbala meydanı bir dəfə dolanıb Xanbalaya dedi:
– Xanbala, lovğalanma. Padşahın kürəkəni mənəm. Sənin indi tutub əsir elədiyin mənim qullarımdan biridi. İnanmırsan, əmr elə, onun qollarındakı damğalara baxsınlar.
Nərbalanın sözlərini hər iki tərəf eşitdi. Bu tərəfdə də hamı məəttəl qaldı ki, görəsən bu kimdi?
Döşgüvar padşah isə o saat əmr elədi. Əsir tutulmuş böyük kürəkənin qollarına baxdılar. Gördülər ki, hər iki qolunda damğa var. Elə zənn elədilər ki, əsl kürəkən doğrudan da meydandakı oğlandı, bu da onun quludu.
Təzədən dava təbili vuruldu. Xanbala ilə Nərbala vuruşmağa başladılar.
Amma bu vuruşma çox çəkmədi. Nərbala elə birinci zərbədə Xanbalanı vurub atdan saldı, düşüb qollarını bağladı, padşahın qabağına gətirdi. Padşah Nərbalanı tanıya bilmədi, çünki onun üzü örtülü idi. Nərbala Xanbalanı təhvil verib dedi:
– Padşah, ona heç bir şey eləməyib zindanda saxlarsan. Sabah keçər, ikinci gün keçər, üçüncü gün onu səndən istəyəcəyəm.
Sonra Nərbala atını Döşgüvar padşahın qabağına sürüb dedi:
– Padşah, dava qurtarana qədər mənim nökərim sizdə qalacaq. Başına bir iş gəlsə, özündən küs.
Bunu deyib Nərbala atını vurdu, getmək istədi. Elə bu vaxt Xanbalanın qardaşı Bəybala ona bir ox atdı. Ox Nərbalanın qoluna dəydi.
Nərbala dönüb dedi:
– Mən bilirəm, bu vaxt oxu atan Bəybaladı. Mən də beləcə oxla onu vura bilərdim. Amma mən namərd deyiləm. Sabah meydanda görüşərik.
Nərbala geri qayıdıb bu biri tərəfə gəldi. Üzünü camaata tutub dedi:
– Qorxmayın, sabah bu vaxt mən yenə gələcəyəm.
Padşah baxdı ki, Nərbalanın qolundan qan axır. Tez öz dəsmalını çıxarıb onun yarasını bağladı. Nərbala atı vurdu. Bir dəqiqənin içində gözdən itdi. Elə ki təpənin dalına keçdi, piyada bağbanın yanına qayıtdı.
Bağban dedi:
– Oğlum, gördün nə oldu?
Nərbala dedi:
– Hamısını gördüm. O həmin oğlandı ki, solmayan gülü mənə vermişdi.
Camaat geri qayıtdı. Bağbanla Nərbala da qayıdıb evə gəldilər.
Əhvalat bütün şəhərə yayıldı. Amma heç kəs bilmədi ki, ağ atlı kim imiş. Gecə yatdılar. Nərbalanın yarası onu incitməyə başladı. Bağbanla qız yuxudan oyandılar. Baxdılar ki, Nərbala yuxuda zarıldayır. Qız yorğanı qaldıranda baxdı ki, Nərbalanın qolu bir dəsmalla bağlıdı, dəsmal da qanlıdı. Əhvalatı bağbana dedi. Bağban Nərbalanı oyatdı. Nərbala baxdı ki, işin üstü açılıb dedi:
– Səhər meydanda bir əsgərin nizəsi qoluma batdı. Nərbalanın yarasını açdılar. Dərman qoyub təzədən bağladılar. Nərbala yatdı. Qız da dəsmalı yuyub həyətdəki ağacın budağına sərdi.
Səhər açıldı. Hamı durdu. Bağbanla Nərbala da çolaq yabını götürüb meydana getdilər.
Padşah həyətdən keçəndə gördü ki, dünən meydanda vuruşan oğlanın qoluna bağladığı dəsmal kiçik qızgilin qapısında ağaca sərilib.
Qızı çağırıb soruşdu:
– Bu nə dəsmaldı?
Qız dedi:
– Dünən meydanda bir əsgərin nizəsi Nərbalanın qolunu yaralayıb.
Bilmirəm, hardansa bu dəsmalı tapıb qoluna bağlamışdı.
Padşah fikrə getdi. Amma bir qərara gələ bilmədi. Meydanda döyüş təbili vuruldu. Padşah meydana yollandı.
Bu gün də Bəybala ilə ikinci kürəkən meydana çıxdılar. Yenə də Nərbala bir bəhanə ilə bağbanı orada qoyub özü təpənin dalına keçdi.
Baxdı ki, heyvanlar onu orada gözləyirlər. Geyinib atı mindi, hazır dayandı.
Yarım saat keçməmiş Bəybala ikinci kürəkəni atdan vurub yıxdı, qollarını bağladı.
Nərbala atı mahmızladı. Yenə də baxdılar ki, ağ atlı oğlan budu yel kimi gəlir.
Nərbala özünü meydana yetirib dedi:
– Mən bu gün də sizi aldatdım. O tutduğunuz da mənim qulumdu.
İnanmırsız, qollarındakı damğalara baxın.
Baxıb gördülər ki, bu oğlanın da qolları damğalıdı. Yenidən döyüş təbili vuruldu. Nərbala Bəybalanı da tutdu, qollarını bağladı, gətirib padşaha təhvil verdi. Amma bu dəfə Nərbala alnından yaralanmışdı.
Dəsmal əhvalatı padşahın yadına düşdü. Tez cibindən təzə bir dəsmal çıxarıb onun alnını bağladı. Nərbalagil evlərinə gəldilər.
Nərbala alnının qanını yuyub təmizlədi, dərman vurdu, dəsmalı bir tərəfə atıb yatdı. Səhər qız bunu da yuyub ağacın budağına sərdi. Padşah gedəndə qəsdən yolunu bu tərəfdən saldı. Baxdı ki, həmin dünənki dəsmal yenə də yuyulub kiçik qızgilin qapısındakı ağaca sərilib.
Qızdan soruşdu:
– Bu nə dəsmaldı?
Qız Nərbalanın dediyi kimi cavab verdi:
– Əsgərlərdən birinin nizəsi Nərbalanın alnını cızmışdı. O da alnını bu dəsmalla bağlamışdı. O dəsmaldı yumuşam.
Padşah qaldı məəttəl ki, görəsən bu necə sirdi. Ancaq yenə də məsələni aydınlaşdırmağa vaxt tapa bilmədi. Çünki bu gün onun öz növbəsi idi. Döşgüvar padşahla vuruşmalı idi.
Döyüş təbili vuruldu. Döşgüvar padşah meydana gəlib padşahı döyüşə çağırdı. Padşah elə atına minmək istəyirdi ki, ağ atlı oğlan yenə də göründü. Özünü Döşgüvar padşaha yetirib dedi:
– Sənin tərəfindən hələ mənə üstün gələn adam olmayıb. Qanuna görə sən qabaqca məni basmalısan. Buyur.
Döşgüvar onsuz da onun əlindən yanıqlı idi. Elə qəzəblənmişdi ki, ağzından köpük daşlanırdı. Qılıncını çəkib Nərbalaya hücum etdi.
Nərbala kəməndi atıb yarı yolda onun boğazına keçirdi, çəkib atdan saldı. Hər iki tərəfin adamları əl vurub “sağ ol” dedilər, səs göyə ucaldı. Nərbala onu yerdən qaldırdı, əllərini bağladı. Sonra ata minib uca səslə hər iki tərəfə dedi:
– Dava qurtardı. Sabah bu vaxt, bax elə buradaca danışıq aparacağıq.
Özü də danışığı mən aparacağam.
Hər yerdən əl vurdular. Nərbala üzünü Döşgüvar padşaha tutub dedi.
– Əmr elə ki, sabah tutduğunuz iki nəfəri buraya gətirsinlər. Bir də mən eşitmişəm ki, sənin bir dəvəçi qızı arvadın var imiş. O da gərək sabah burda olsun.
Döşgüvar dedi:
– Mən nə bilim indi o hardadı!
Nərbala dedi:
– Bilmirəm, sabah o burda olmasa, sənin də, oğlanlarının da başını öz əllərimlə kəsəcəyəm.
Sonra Nərbala üzünü o biri padşaha tutub dedi:
– Sənin tərəfindən də sabah sən özün, vəzirin, vəkilin, üç qızın, bir qoca bağbanın burda olmalıdırlar. Əmr elərsən, bu padşahın əsir düşmüş oğlanlarını da gətirərlər.
Nərbala sözlərini qurtarıb atı çapdı. At bir dəqiqənin içində gözdən itdi.
Hər iki tərəf sabahın açılmasını gözlədilər. Nərbala da evlərinə gəldi. Bağban dedi:
– Ay bala, o oğlan kimdisə, çox böyük igidlik elədi, qırğının qabağını aldı. Özü də sabah bizi meydana çağırtdırıb.
Nərbala dedi:
– Yaxşı-yaxşı qulaq asarsınız, sonra gəlib mənə də danışarsınız. Gecəni yatdılar. Səhər meydan süpürüldü. Hər iki tərəfin adamları meydana toplaşdılar, ağ atlı igidi gözləməyə başladılar.
Düz dünənki vaxt çatanda Nərbala ağ geyimdə, ağ atın üstündə meydanın ortasına gəldi. İşarə elədi. Qolları bağlı Xanbalanı, Bəybalanı və Döşgüvar padşahı gətirib bir tərəfdə oturtdular. Bu tərəfdən də qolları bağlı kürəkənləri gətirib oturtdular. Sonra padşah, vəzir, vəkil, qızlar və bağban gəldi. Nərbalanın anasını da gətirdilər. Nərbala gözaltı anasına baxıb gördü ki, arvad qocalıb, arıqlayıb, bir dəri, bir sümük qalıb.
Nərbala atını meydanın ortasına sürdü ki, hamı onu görsün, səsini eşitsin. O, uca bir səslə dedi:
– Mən bilirəm ki, hamı mənim kim olduğumu bilmək istəyir.
Hər yerdən dedilər:
– Düzdü, bilmək istəyirik.
Nərbala dedi:
– Burda oturanlardan ikisi məni elə bu geyimdə tanıyır. Onlar kimdirlərsə, dursunlar ayağa.
Heç kəs durmadı.
Nərbala dedi:
– Utanmaqdan keçib. Əgər durmasalar mən özüm boğazlarından yapışıb qaldıracağam.
Kürəkənlər bir-birinə baxdılar. İstər-istəməz ayağa durdular.
Nərbala üzünü padşaha tutub dedi:
– Bunlar sənin kürəkənlərindi. Sən ona görə qızlarını bunlara verdin ki, bunlar qəhrəmanlıq göstərib solmayan gülü tapıb gətirmişdilər.
Qoy hamı eşitsin ki, o gülü onlara mən vermişdim. Əvəzində də hərəsinin sağ qoluna bir damğa vurmuşdum. İnanmırsız, baxın!
Açıb gördülər ki, doğrudu. Nərbala padşaha dedi:
– Sən azarlayanda bunlar ikinci dəfə qəhrəmanlıq göstərdilər.
Gedib sənin üçün ov tutub gətirdilər. O ovu da bunlara mən tutub vermişdim.
Əvəzində də sol qollarına damğa vurmuşam. İnanmırsız, baxın!
Açıb gördülər ki, bu da doğrudu.
Nərbala dedi:
– Hamı gördü. Əgər mən olmasaydım, onlar da əsir getmişdi, sən də.
Hamı dedi:
– Düzdü.
Nərbala dedi:
– Qoy indi hamı görsün ki, mən kiməm.
Bunu deyib Nərbala üzünü açdı, üstdən geymiş olduğu ağ paltarı çıxartdı. Hamı baxdı ki, Nərbaladı. Bütün meydandakılar əl çaldılar.
Kiçik qızla bağban bir-birini qucaqlayıb sevindiklərindən uşaq kimi ağladılar. Nərbala dönüb Döşgüvargilə tərəf gəldi, dedi:
– Məni tanıyırsınızmı?
Nə Döşgüvar, nə Xanbala, nə də Bəybala Nərbalanı tanıya bildilər.
Nərbala anasının qabağına gedib dedi:
– Sən necə? Məni tanıya bilirsənmi?
Arvad ona baxdı, gözlərini yumdu. Sonra yenidən gözlərini açıb bir də baxdı.
– Nərbala! Oğlum!.. – deyib özünü onun üstünə atdı. Onlar qucaqlaşdılar, öpüşdülər, sonra Nərbala soruşdu:
– Ana, de görüm bu müddətdə sən harda idin?
Anası dedi:
– Döşgüvar padşah səni dərvişə verdikdən sonra, məni də zindana saldı. Dünən axşam məni ordan çıxarıb gətiriblər.
Döşgüvar padşah onun Nərbala olduğunu bilən kimi durub yüyürdü, dedi:
– Nərbala! Oğlum!
Nərbala onun yaxasından tutub yerində oturtdu, dedi:
– Mən sənin oğlun olsaydım, məni qurban verməzdin.
Sonra üzünü camaata tutub dedi:
– Bunlar da, bu birilər də, – o, Döşgüvargili və o biri padşah tərəfi göstərdi, – məni həmişə ələ salardılar. Adıma dəvə balası deyərdilər.
Ona görə ki, mənim bu anam xan qızı, bəy qızı deyildi, yoxsul bir dəvə çinin qızı idi. Buna görə də Döşgüvar o biri oğlanlarını məndən üstün tutdu, məni dərvişə verdi, anamı da zindana saldı. Bu biri padşah isə öz kiçik qızını evindən qovdu. Nədi, nədi, qızı məni sevirdi. Məni oğulluğa götürdüyünə görə qoca bağbanı çox incitdilər. İndi bunların hamısı mənim əlimdə əsirdi. Mənim bunları öldürməyə haqqım var. Amma öldürməyəcəyəm. Bunların hərəsinin alnına bir damğa vuracağam.
Qoy bütün aləm bilsin ki, bu damğaları kim vurub və nə üçün vurub.
Sonra üzünü bağbana tutub dedi:
– Baba, dur, bunların hərəsinin alnına bir damğa vur.
Bağban durdu. İki padşahın, iki vəzir, vəkilin, iki şah oğlunun, iki şah qızının, iki kürəkənin alnına qara damğa vurdu. Sonra Nərbala hər iki tərəfə dedi:
– Camaat, mən, bax, o iki dağın arasındakı qalaçada yaşayacağam, kim sizə zülm eləsə, mənə deyərsiz.
Nərbala sözünü qurtarıb anasını, bağbanı, bir də kiçik qızı götürüb qalaçaya getdi.
Deyirlər, nə qədər ki Nərbala sağ idi, qorxudan heç kim yoxsullara zülm eləyə bilmirdi.

Top